reklam
Regionxeberlericom.az » Araşdırma » Evə buraxılan hər xəstədən 5 manat, yaxınlarından “hörmət“ kimi 100 manat alınıb - MƏHKƏMƏ

reklam

Evə buraxılan hər xəstədən 5 manat, yaxınlarından “hörmət“ kimi 100 manat alınıb - MƏHKƏMƏ













Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə Səhiyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı bildirilib.

İlk olaraq Zamin Əliyevin vəkili müvəkkilinin həkim işlədiyi dövrdə təltifləri ilə bağlı məhkəməyə sənəd təqdim edib.

Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.

İstintaq materiallarında qeyd olunub ki, mərkəzin baş direktoru və müavini əlbir olaraq alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsinin təşkil edilməsi, müalicə olunma müddətinin uzadılması, müalicəsini birnəfərlik palatada davam etdirməsi, daha keyfiyyətli müalicə üçün xəstə yaxınlarından rüşvət alıb.

Bundan başqa, E.Mustafayev müavininin əli ilə Mərkəzin həkim narkoloqlarından birindən işini davam etdirməsində maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib.

Belə ki, onun qarşısına xəstələrdən aldığı puldan rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkimin evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq kimi 100 manat məbləğində etdikləri “hörmət”in 50 manatını Zamin Əliyevə verib.

Mərkəzin direktoru ifadəsində müavininin kimlərdən, hansı yolla pul almasından məlumatlı olmadığını, razılaşmaya əsasən, həftədə bir dəfə ona pul çatdığını etiraf edib.

E.Mustafayev Z.Əliyevin ümumilikdə ona 3 min 800 manat pul verdiyini deyib. Hər evə buraxılan xəstədən 5 manat, yaxınlarından 100 manat alınmasına gəlincə, sabiq direktor bundan xəbərsiz olduğunu bildirib. Zamin Əliyev isə ifadəsində kimlərdən necə rüşvət aldığını etiraf edib.

Elşən Mustafayev məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. Zamin Əliyev isə özünü tamamilə təqsirsiz bildiyini açıqlayıb.

Məhkəmə prosesi oktyabrın 8-nə kimi təxirə salınıb

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
11-09-2024, 15:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər