reklam
Regionxeberlericom.az » Araşdırma » Yollarda hegemonluq edən avtobus sürücüləri ilə bağlı hansı tədbirlər görülür?

reklam

Yollarda hegemonluq edən avtobus sürücüləri ilə bağlı hansı tədbirlər görülür?












Artıq xeyli müddətdir Bakının yollarında avtobuslar üçün xüsusi hərəkət zolağı ayrılıb. Bu zolaqda yalnız avtobusların və zərurət yarandığı halda operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Digər nəqliyyat vasitələrinin bu zolağa daxil olması qadağandır və qaydanı pozan sürücülər cərimə olunur. Məbləğ isə bir neçə ay öncə 2 dəfədən çox artırılaraq, 40 manatdan 100 manata qaldırılıb. 100 manat və 2 cərimə balının problemi tam aradan qaldırdığını söyləmək olmaz. Hələ də bəzi sürücülər avtobus zolağına daxil olmaqda davam edirlər. Amma tıxacda qalmqadansa, qaydanı pozaraq avtobus zolağı ilə rahat yola davam edən sürücülərin sayı kəskin azalıb və sürücülər bu addımı atmamışdan öncə ciddi şəkildə düşünmək məcburiyyətində qalıblar.

Təəssüf ki, yol polisi avtobus zolağına girən sürücüləri cərimələdiyi halda, avtobus sürücülərinin adi avtomobillər üçün nəzərdə tutulan zolağa girməsi diqqətdən kənarda qalır. Bəzi avtobus sürücüləri isə həqiqətən də yollarda tam özbaşınalıq edirlər. Dövlət Yol Polisi əməkdaşlarının avtobus sürücülərinə loyal yanaşması, onların qayda pozuntusuna göz yumaraq, cərmələməməsi belə sürücülərə “qanad açmaq” imkanı yaradır. Avtobus sürücüləri istənilən zaman sürəti artırır, zolaqdan kənara çıxaraq digər avtomobillər üçün nəzərdə tutulan zolağa daxil olur və bu zaman bir qayda olaraq manevr qaydalarını kobud şəkildə pozub, qəza vəziyyəti yaradırlar.

Avtobus sürücülərinin özbaşınalığı ilə bağlı sosial şəbəkələrdə də tez-tez narazılıq edilir. Pressklub.az-ın əməkdaşı sürücülərdən narazılığın nə dərəcədə haqlı olduğunu əyani şəkildə görmək üçün müşahidə aparıb və Abbas Mirzə Şərifzadə küçəsindən üzü “20 yanvar” metro stansiyası istiqamətində hərəkət edən avtobuslardan birinə minib. Müşahidə göstərib ki, narazılıq üçün həqiqətən də əsas var.

Avtobus sürücüsü (eləcə də digər avtobusların sürücüləri) öz zolağını tərk edərək, tez-tez ümumi istifadə üçün nəzərdə tutulan zolaqda hərəkət edib və yalnız yolda sıxlıq yaranan zaman zolağına qayıdıb. Düzdür, bəzi yerlərdə avtobusun öz zolağı ilə hərəkət etməsində maneələr də olub - budağı sallanan ağaclar, budanılmış ağac hissələrinin zolaqda buraxılması, zolaq boyunca bəzi avtomobillərin parklanması (“İnşaatçılar” metro stansiyasının yaxınlığında) və s. Ancaq bu nüanslar yalnız müəyyən hissələri əhatə edib. Şəkildən də göründüyü kimi, həm əməkdaşımızın mindiyi, həm də irəlidə hərəkət edən avtobusun sürücüsü heç bir mane olmasa da, avtobus zolağını tərk edib, digər zolaqla hərəkət edib.

Maraqlıdır, avtobus sürücülərinin kənar zolağa daxil olması nə qədər doğrudur və bununla bağlı hansı tədbirlər görülür?

Pressklub.az-a danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar: “Bu kimi hallar olmadığı halda avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir”.

Mövzu ilə bağlı Pressklub.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, zolaqdan kənara çıxan avtobus sürücüləri ilə bağlı müəyyən tənbeh tədbirləri görülməlidir: “Avtobus zolaqlarından kənara çıxan avtobuslarla bağlı ictimai qınaq var. İnsanlar təbii ki, bunu narazılıqla qarşılayıb, etiraz edirlər. Bu da başa düşüləndir. Çünki qanun varsa, hamı üçündür. Birinə olar, birinə olmaz prinsipi yaxşı qarşılanmır”.

Ekspert hesab edir ki, qanunvericilikdə bu istiqamətdə bir problem yoxdur. Məsələn, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində düzgün yerləşdirməməyə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsidir. Buna görə də qanunvericilikdə hər hansı fundamental dəyişikliyə ehtiyac yoxdur: “Bu maddəni tətbiq edib zolaqdan kənara çıxan avtobus sürücülərini də məsuliyyətə cəlb etmək lazımdır. Qoy hər kəs öz yolunu, öz zolağını bilsin ki, digərləri narazı qalmasın. Başqa sürücülər tez-tez bu kimi halları çəkib sosial şəbəkələrdə paylaşırlar. Tıxacların çoxaldığı zamanda avtobus sürücülərinin bu hərəkəti digərlərini daha da qıcıqlandırır. Axı ayrılmış zolaq olduğu halda sürücü niyə öz zolağından kənara çıxmalıdır? Buna görə də qaydanı pozan şəxslər cəzalandırılmalıdır”.

Bəs, avtobus sürücüləri cərimələnirmi?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli bildirib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış xüsusi zolaq yolun qalan hissəsindən 1.1 üfüqi nişanlanma xətti ilə ayrılır: “Nişanlanma xəttinin tələbinin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən ziddir. Və 40 manat məbləğində cərimə də nəzərdə tutulub”.

Amma görünən odur ki, nə AYNA nümayəndəsinin dediyi “aparılan iş”, nə ekspertin söylədiyi “ictimai qınaq”, nə də BDYPİ nümayəndəsinin “cəriməsi” fayda vermir. Əslində, insanlar nə avtobus sürücüləri ilə aparılan təlimata, nə də onların cərimələnməsinə inanırlar. Çünki yollarda bunu görmürlər.

Qaydalara riayət olunması üçün BDYPİ-nin cəriməni sözdə deyil, əməldə tətbiq etməsi lazımdır.

Bir də ki, avtobus zolağına daxil olmağın cəriməsi 40 manatdan 100 manata qalxıbsa, eyni qayda pozuntusu edən avtobus sürücüsü niyə eyni məbləğdə cərimə olunmamalıdır? Bəlkə o zaman “hegemon” avtobus sürücüləri öz zolağına qayıda?

Axı bir cərimələri, xüsusən də cərimənin artmasını “sevirik”...

pressklub.az




Paylaş:


Müəllif : Tarix:
10-10-2024, 08:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər