reklam
Regionxeberlericom.az » Araşdırma » Rusiyada həbsxanada baş verən qiyamın gizlinləri – “Oğru dünyası” ayaqda

reklam

Rusiyada həbsxanada baş verən qiyamın gizlinləri – “Oğru dünyası” ayaqda


Rusiya Federasiyası İrkutsk vilayətinin Anqarsk şəhərində yerləşən 15 saylı İslah Əmək Düşərgəsində (İƏM) fövqəladə vəziyyət elan edilib. 
Bu barədə İrkutsk vilayətinin İctimai Nəzarət Komissiyasının sədri Oleq Antipenko TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qiyam edən dustaqlardan bəzilərini təcridxanalara, bəzilərini isə ayrı-ayrı “zon”lara köçürüblər. 
“Koloniyanın istehsalat ərazisi bütövlükdə yandırılıb.  İndi orada İstintaq Komitəsi araşdırma aparır. Bu baxımdan ora giriş qadağandır”, - deyə hüquq müdafiəçisi əlavə edib.
Məlumatlara görə, qiyama səbəb Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında siqaret üstündə başlanmış mübahisə olub. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə mübahisə əlbəyaxa davaya çevrilib.
Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Bundan başqa, istehsalat ərazisində yerləşən ağac emalı sexi yandırılıb. Koloniyaya xüsusi təyinatlılar yeridilib və qiyam yatırılıb. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci (“Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması”) maddəsi ilə cinayət işi başlanıb.

Bəzi ekspertlər isə qiyama siqaret üstündə mübahisənin səbəb olduğuna inanmır. Onların fikrincə, bu, sadəcə bəhanə ola bilər. Məsələ burasındadır ki, 15 saylı kaloniya ciddi rejimli İƏM-dir. Burada “təsadüfi sərnişinlər” yox, residivistlər, kriminal dünyanın nüfuz sahibləri cəza çəkir. Bu baxımdan, sözügedən düşərgə “qara zon”, yəni “oğru qanunları”nın admnistrativ qaydaları üstələdiyi İƏM sayılır. 
Belə bir “zon”da qiyam daha ciddi səbəblər üzündən baş verə bilər. Doğrudur, Rusiya mediasında qiyamın dustaqlarla pis rəftara görə baş verdiyi barədə iddialar səsləndirlir. Lakin dustaqların müəssisənin əməkdaşları tərəfindən incidilməsi “qara zon”lar üçün xarakterik deyil. Nəzərə almaq lazımdır ki, belə düşərgələrdə söz sahibi kriminal avtoritetlər olur və dustaqların bütün problemləri onlar tərəfindən “oğru qanunları”na əsasən həllini tapır. Bəs səbəb nədir? Ekspertlər güman edir ki, qiyam “oğru”larla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinə əlavə edilən xüsusi maddə ilə bağlı ola bilər. Söhbət 210.1-ci maddədən gedir. Həmin maddədə kriminal iyerarxiyada yüksək statusa malik şəxslərin cəzalandırılması nəzərdə tutulur. Yəni, “oğru” titulu daşıyan şəxslər hətta cinayət törətmədiyi təqdirdə belə, uzun müddətə (8 ildən 15 ilədək) azadlıqdan məhrum edilə bilər. “Oğru”lar bu cəzadan qurtulmaq üçün publik şəkildə titulundan imtina etməlidir. Artıq bir neçə “oğru”, o cümlədən  Rusiyada “Kolya Tomski” kimi tanınan Nikolay Kuzmiçev bu maddə ilə həbs edilib. Yeri gəlmişkən, Rusiyanın kriminal dünyasına əhəmiyyətli təsir imkanları olan azərbaycanlı “oğru” Nadir Səlifov (“Quli”) barəsində də 210.1-ci maddə ilə qiyabı həbs qərarı çıxarılıb və o beynəlxalq axtarışa verilib. 
210.1-ci maddə Cinayət Məcəlləsinə ötən il əlavə edilib. Həmin vaxt “oğru dünyası”  bu “sürpriz”ə qeyri-ciddi yanaşsa da, sonradan bir neçə “oğru”nun həbsi vəziyyəti dəyişib.
Nəzərə almaq lazımdır ki, Rusiyada kriminal dünya hələ də böyük gücə malikdir. Bu ölkədəki “oğru”ların cəmiyyətə, hətta idarəetməyə təsir imkanlarını azaltmaq mümkün olmayıb. Ekspertlərə görə, hökumət onları zəiflətmək üçün “qara zon”ları sıradan çıxarmaq barədə düşünə bilər. Yaxud da “oğru”lar bu tip koloniyalarda qiyamlar təşkil edərək hökuməti 210.1-ci maddə ilə bağlı mövqeyindən çəkindirməyə çalışır. 
“Zon”larda baş verən qiyamlar adətən kriminal dünyada nüfuz sahibi olan şəxslərin çağırışı ilə baş verir. Xəbərlərdə bildirilir ki, dustaqları qiyama siqaret üstündə mühafizəçilərlə mübahisə edən məhkum səsləyib. Deməli, bu məhkum kriminal dünyada kifayət qədər nüfuz sahibidir. Lakin bu zaman ortaya sual çıxır:  “Oğru qanunları”nın hökm sürdüyü “qara zon”da mühafizəçi hansı məntiqlə kriminal avtoritetlə xırda məsələnin üstündə mübahisə edib? Ona görə də bu səbəb inandırıcı görünmür. Ola bilər ki, baş verənlər Rusiyada “oğru dünyası”nı sıradan çıxarmaqla bağlı planın tərkib hissəsidir. Yaxud da “oğru”lar bu qiyamla hökumətə güc nümayiş etdirib məlum maddənin Məcəllədən çıxarılmasına nail olmaq istəyirlər”, - deyə ekspertlər bildirib.

 
 



Paylaş:


Müəllif : Tarix:
12-04-2020, 16:40
Sikayət   


loading...
Загрузка...