reklam
Regionxeberlericom.az » Araşdırma » QARALOVUN YOLA SALINMASI VƏ SİYASİ İSLAHAT MESAJI... – Məqsəd, həm də prokurorluğun nüfuzunu qaytarmaqdır!

reklam

QARALOVUN YOLA SALINMASI VƏ SİYASİ İSLAHAT MESAJI... – Məqsəd, həm də prokurorluğun nüfuzunu qaytarmaqdır!


İndiyə qədərki fəaliyyətinin, reputasiyasının, cəmiyyətdəki çəkisinin, hətta xarici görünüşünün belə islahat anlayışı ilə assosiasiya edilməsi çətin olan məmurların bir-bir yola salınması prosesi davam edir.
Yeni Baş prokuror təyinatını və 20 (!) ildir bu postu tutan Zakir Qaralovun yola salınması da həmin prosesin növbəti və kifayət qədər əhəmiyyətli hissəsi hesab etmək olar...
Bu təyinatın vaxtilə icraedici hakimiyyətin toxunulmaz həlqələrindən olan rayon icra hakimiyyəti başçılarının və digər yerli icra orqanları rəhbərlərinin korrupsiya əməllərinin ifşası fonunda baş verməsi, Baş prokuror postuna isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinin gətirilməsi kifayət qədər ciddi nəticələr çıxarmağa əsas verir. Birinci üzdə olan nəticə odur ki, siyasi hakimiyyət bəzilərinin düşündüyü kimi, korrupsiya ilə mübarizənin görüntü xatirinə kampaniya xarakterli addım olmadığını, qəti və ardıcıl kurs olaraq götürüldüyünü növbəti dəfə nümayiş etdirir. Ölkə başçısının özünün də islahat kursu elan olunandan bu yana elə bir çıxışı olmayıb ki, korrupsiya, məmur özbaşınalığı, rüşvətxorluqla mübarizə tədbirləri və bu tədbirlərin islahatların əsas tərkib hissələrindən biri olması məsələsinə toxunmasın. Bu baxımdan Baş prokuror postuna Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin gətirilməsi məntiqli görünür.
Digər bir məsələ istənilən dövlət üçün stateji əhəmiyyət kəsb edən qurumların özlərinin və onlara rəhbərlik edən şəxslərin reputasiyasının, belə demək mümkünsə, “ağardılmasıdır”. Respublika Prokurorluğu bu baxımdan ciddi islahata ehtiyacı olan qurumlardan biri hesab oluna bilər.
Elə ölkə başçısının özü də Kamran Əliyevin təyinatı ilə bağlı çıxışında prokurorluq orqanlarında genişmiqyaslı islahatlara ehtiyac olduğunu bildirib: “Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var... Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır...”
Qeyd edək ki, bir çox müstəqil müşahidəçilərin, mətbu orqanların haqlı olaraq toxunduqları mövzulardan biri də prokurorluq orqanlarının indiyə qədər həbs olunan icra başçıları, eləcə də onların eyni cinayətləri törətsələr də, hələ də öz vəzifələrində qalan digər həmkarlarının əməllərini görməzdən gəlməsidir. Doğrudan da, bütün bu cinayətlər rayon prokurorlarının gözü qarşısında baş verib. Lakin indiyə qədər nəinki hansısa rayon prokurorunun, hətta Respublika Prokurorluğunun bu faktlarla bağlı hər hansı addımına rast gəlinmir. Əksinə, demək olar bütün rayonlarda prokurorlarla icra başçıları “can bir qardaş” kimi dolanıblar. Belə başçılara qarşı əməliyyatları isə prokurorluq yox, DTX həyata keçirib...

İndi Baş prokuror postuna Kamran Əliyevin təyin olunması isə belə nəticəyə gəlməyə əsas verir ki, məqsəd təkcə korrupsiya ilə mübarizənin effektini artırmaq yox, həm də prokurorluq orqanlarının reputasiyasını yüksəltməkdir. Çünki Kamran Əliyevin rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi indiyə kimi kifayət qədər şəffaf fəaliyyətilə seçilib. Bu qurumun korrupsiyaya, rüşvətə bulaşmasına dair hər hansı informasiyaya, fakta, hətta iddiaya rast gəlinmir. Kamran Əliyevin özü isə sabiq Baş prokurorla müqayisədə mətbuata, cəmiyyətə daha açıq məmur təsiri bağışlayır. Görünür, bütün bu amillər onun təyinatında həlledici rol oynayıb...
Bu arada bir məqamı da diqqətdən qaçırmaq olmaz. Ölkə başçısı Baş prokurorun təyinatı ilə bağlı çıxışında xüsusi olaraq, siyasi islahatlar məsələsinə toxundu ki, bunu da heç cür təsadüfi saymaq olmaz: “Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir...”
Əslində, burada Prezidentin çatdırmaq istədiyi mesaj kifayət qədər açıq və birmənalıdır. Və bu fikirlərin məhz yeni Baş prokurorun təyinatı fonunda səsləndirilməsi də təsadüfi deyil. Bu, hakimiyyətin korrupsiya ilə mübarizə sahəsində olduğu kimi, siyasi islahatlar məsələsində də qərarlı olduğunun təzahürü hesab edilə bilər.
Həmin qənaəti gücləndirən məqamlardan biri də parlamentdə ilk dəfə olaraq, Azərbaycan Respublikasında İcra Hakimiyyəti ilə Qanunvericilik Hakimiyyəti arasında əlaqənin Prezidentin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirilməsidir. Bunu da siyasi islahatların dərinləşməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına dəlalət edən amil kimi dəyərləndirmək olar.
Göründüyü kimi, korrupsiya ilə mübarizə, iqtisadiyyatda şəffaflığın yaradılması, kadr islahatları istiqamətində atılan addımlar öz ardınca siyasi islahatları da çəkib aparmaqdadır. Bunsuz mümkün deyil. Çünki bu addımlar siyasi islahatlarla müşayiət olunmayacağı təqdirdə, indiyə qədər çəkilən əziyyət və hətta möhtəşəm, yenilməz sayılan “köhnə qvardiya”nın yola salınması kimi riskli addımlar belə gözlənilən effekti verməyəcək...


Paylaş:


Müəllif : Tarix:
2-05-2020, 18:18
Sikayət   


loading...
Загрузка...