reklam
Regionxeberlericom.az » Araşdırma » “Pulla vəzifəyə adam qoymaq…” – Qulu Məhərrəmli

reklam

“Pulla vəzifəyə adam qoymaq…” – Qulu Məhərrəmli


“Pulla vəzifəyə adam qoymaq uzun müddət işlənmiş bir mexanizmdir və bu mexanizm vəzifəli adamların canına, qanına hopub”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, professor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli ciddi islahatların aparılmasının vacibliyini vurğulayıb:

“Cəmiyyətdə uzun müddət mənimsəmə, dövlət büdcəsinə xain münasibət, ələ düşən hər fürsətdə şəxsi maraqlarını güdmək artıq bir tərzə, normaya çevrilib. Pulla vəzifəyə adam qoymaq uzun müddət işlənmiş bir mexanizmdir və bu mexanizm vəzifəli adamların canına, qanına hopub. Ona görə də karantin rejimi, koronavirus pandemiyası bu gün onların heç də düşüncəsini dəyişmir. Çünki bu düşüncə, o tərz, əxlaq o cür də daşlaşıb.

Ona görə də məmurları çox maraqlandırmır əhali üçün yardım hansı fonddan gəlib, onun üçün bir amil var ki, istənilən situasiyada öz şəxsi maraqlarını təmin etsin. Ona görə də Heydər Əliyev Fondu tərəfindən xalqa göndərilən yardımı rayonlarda icra hakimiyyətləri və icra nümayəndələri yeyirlər, dövlətin ayırdığı pulu mənimsəyirlər. Bütün bunların hamısı bir mexanizm şəkli alıb, bu isə çox biabırçı vəziyyətdir.

Bu gün hamımız Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyatları görürük, amma həmin adamlar bundan nəticə çıxarmır, həyatları, taleləri üçün də təhlükə hiss etmirlər. Çünki buna vərdiş ediblər, bunları müdafiə edən güvənli bir mexanizm var. Bu gün həmin mexanizm sökülür, onları müdafiə edən adamları vəzifədən çıxarırlar, amma anlamırlar ki, indi vəziyyət dəyişir, cinayətə yol vermək olmaz.

Ona görə də hesab edirəm ki, görülən tədbirlər öz təsirini göstərir, bu başqaları üçün bir dərsdir, amma bütün bunlara baxmayaraq hər kəs əlinə düşən fürsətdən istifadə etməyə çalışır. Bunun özü isə qorxuludur. Bu isə o deməkdir ki, idarəetmədə ciddi islahatlar getməlidir, sturuktur dəyişmələri olmalıdır.

İnsanların da psixologiyasında dəyişmə olmalıdır ki, əgər belə olmasa, cəmiyyət məhvə məhkumdur. Yaxşı ki, bu addımlar atılır, insanlar nə baş verdiyini görür. Amma təəssüf ki, bu köhnə beyinlər, qafalar bu tərzdən əl çəkmək istəmirlər. Onlar elə düşünürlər ki, bu dalğa keçdisə, təhlükə sovuşdu, yenidən başlayırlar öz əməllərini davam etdirməyə. Görülən tədbirlər davamlı və daha təsirli olmalıdır. İnsanlar bilməlidirlər ki, rüşvət, korrupsiya, vəzifədən sui-istifadə yığışdırılmalıdır. Çünki bunlar cəmiyyəti məhvə aparır, ictimai psixologiyanı pozur”.


Paylaş:


Müəllif : Tarix:
5-05-2020, 09:01
Sikayət   


loading...
Загрузка...