reklam
Regionxeberlericom.az » Araşdırma » Maşallah Əhmədov həbs edilən icra başçısından ŞİKAYƏT ETDİ

reklam

Maşallah Əhmədov həbs edilən icra başçısından ŞİKAYƏT ETDİ


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mayın 5-də keçirdiyi əməliyyatda həbs olunan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunan, Səbail rayon Məhkəməsi tərəfindən haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilən Vilyam Hacıyev irəlidə daha bir sürprizlə üzləşə bilər.

Belə ki, sabiq icra başçısının 2012-ci ildə İmişlidə abadlıq-quruculuq işləri görən bir qrup biznesmenə də külli miqdarda pul borcu olduğu, onların Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etməsi haqda bilgi almışıq. Hacıyevin borclu olduğu adamlar arasında Maşallah Əhmədov da var. Deyilənə görə, sabiq icra başçısı “Neftçi”nin veteranına 400 min manat ödəməlidi.

Maraqlıdı ki, bu məsələ zaman-zaman ictimailəşib, mediada işıqlandırılıb, amma hər dəfə də sanki tərəflər hər şeyin üzə çıxmasında maraqlı olmayıblar. Məsələn, 2014-ün noyabrında borc söhbəti üzə çıxarkən Maşallah bəy saytlardan birinə belə demişdi: “Bu xəbərlər çıxanda mən Azərbaycanda deyildim. Vətənə qayıtdıqdan sonra saytlarda haqqımda belə bir xəbərin çıxdığını oxudum. Guya İmişli rayonunun icra başçısı Vilyam Hacıyev mənə 2 milyon manat pul borcludu. İlk növbədə onu deyim ki, bu əsassız xəbərdi. Mən 2012-ci ildə İmişli rayonunda bəzi abadlıq işləri görmüşəm və pulumu da almışam. Samux və Göygöl rayolarında işləməmişəm. Yalnız İmişli rayonunda bəzi işlər görmüşük və pulumuzu da veriblər. İcra başçısı Vilyam Hacıyev mənim dostumdu. Sadəcə, tanınmış adam olduğuma görə adımdan istifadə edib belə yalan xəbərlər yazıblar. Bir daha qeyd edirəm ki, Vilyam Hacıyevin mənə borcu yoxdu”.
Amma bir il sonra – 2015-in dekabrında 72 min manatlıq dələduzluq ittihamı ilə həbs olunan Əhmədov həmin vaxt məhkəmədə problemlərini məhz Hacıyevin onun pulunu yeməsi ilə izah etmişdi. Futbol veteranı gizlətməyə çalışsa da, sabiq icra başcısı ilə aralarındakı dostluq münasibətlərinin illərə söykəndiyi şübhə doğurmur. Hacıyev Göygöl və Samuxda çalışarkən də Əhmədovla biznes əlaqələri olub, tender əməliyyatlarına qatılan sabiq hücumçu adı çəkilən rayonlarda abadlıq-quruculuq işlərində yaxından iştirak edib. Münasibətlərin kəskinləşməsi mərhələsi isə Hacıyev İmişlidə çalışdığı dövrə təsadüf edib.

2015-ci ildə Əhmədovun hətta özünü İmişli rayon İcra Hakimiyyətinin binası önündə yandırmağa cəhd etməsi haqda xəbər yayılmışdı. Deyilənə görə, həmin vaxt İcra Hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardım eyməyib.

Sabiq icra başçısı isə elə həmin 2015-də Əhmədovla münasibətləri haqda belə açıqlama vermişdi: “İmişli rayonunda abadlıq və quruculuq işlərinin görülməsi üçün ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 milyon manat vəsait ayrılmışdı. Podratçı şirkətlə müqavilə imzalanıb və görülən işlərin həcmində bu vəsait şirkətin hesabına köçürülüb. Bu məsələ ilə bağlı dəfələrlə mən özüm açıqlama vermişəm və bəyan etmişəm ki, İmişli rayonunda abadlıq və quruculuq işlərində Maşallah Əhmədov hər hansı şəkildə iştirak etməyib və ona bir qəpik belə borclu deyilik. Maşallah Əhmədov 3 dəfə haqqında Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Maraqlıdı ki, hər dəfə də Əhmədov özünü bu açılan cinayət işlərindən qurtara bilib”.

Bəli, indi haqqında cinayət işi açılan adam Hacıyevdi və Əhmədovdan fərqli çətin ki canını qurtara bilə. Çünki istintaq orqanlarının əlində topdağıtmaz sübutlar var. Fürsəti fövtə verməyən Maşallah bəy artıq DTX-ya ərizə ilə müraciət edərək, Vilyam bəyin ona da borclu olduğunu və pulunun ödənilməsini xahiş edib. (Futbol+)


Paylaş:


Müəllif : Tarix:
28-05-2020, 09:05
Sikayət   


loading...
Загрузка...