reklam
Regionxeberlericom.az » Araşdırma » “Ermənistan tam təcrid vəziyyətindədir, ordumuzun Şuşa və Xankəndinə daxil olması...” - Açıqlama

reklam

“Ermənistan tam təcrid vəziyyətindədir, ordumuzun Şuşa və Xankəndinə daxil olması...” - Açıqlama



Teleqraf.com-un suallarını sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov cavablandırıb.
ReguinXəbərləri.com müsahibəni təqdim edir:
- Tofiq müəllim, artıq bir aydan çoxdur ki, Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirir. Hazırda Qarabağ regionunda hərbi səhnədə yaranan vəziyyəti necə qiymətləndirirsiniz?
- Bizim əsas uğurlu nəticələrimiz hərbi sahədədir. Hamı anlayır ki, ərazi baxımından bir neçə rayonumuz işğaldan azad edilib. Həmçinin erməni tərəfinin böyük “qürur” hissi ilə bəhs etdiyi və bizim ərazilərimizdə qurduğu müdafiə istehkamı darmadağın edildi. İndi Qarabağda düşmənin tam iflasa uğramasına çox az vaxt qalır. Azərbaycanın hərbi fəaliyyəti nəticəsində qısa müddət ərzində ciddi dəyişikliklər olacaq. Bu müddət ərzində ordumuz böyük uğurlar əldə edib və bundan ancaq sevinmək, qürur hissi keçirmək olar.
- Qarabağda başlayan savaşla paralel olaraq beynəlxalq aləmdə də müəyyən proseslər müşahidə edilir, Azərbaycana müharibəni dayandırmaq üçün çağırışlar edilir, həmsədrlər bu bir ay ərzində tərəflərlə üç dəfə görüşüb, eyni zamanda sıx telefon trafiki müşahidə edilir. Bu istiqamətdə real vəziyyət nədən ibarətdir?
- Biz görürük ki, reallıqda Qərb fəal olsa da, o qədər maraqlı deyil. Mən həmsədrlərin Qərb seqmentini, konkret olaraq ABŞ və Fransanı nəzərdə tuturam. ABŞ-ın baş verənlərə marağı yoxdur, orada ciddi siyasətçilər daha çox daxili siyasətlə, seçkilərlə məşğuldur. Qarabağ məsələsinə də seçki prizmasından yanaşırlar.
Fransanın imkanları isə təsir etmək baxımından məhduddur. Demək olar ki, onlar oyunun kənarındadırlar və yalnız bəyanatlarla çıxış edə bilirlər.
- Amma fəal oyunçular da var...
- Söhbət regional oyunçulardan gedirsə, sözsüz ki, Türkiyə və Rusiyanın davranışlarını qiymətləndirmək olar. Hiss edilir ki, qonşu Rusiyanın baş verənlərə marağı və imkanları azalmaq istiqamətində gedir, Türkiyə isə əksinə mövqelərini daha da gücləndirir. Belə fikirlər irəli sürülür ki, nəinki indiki mərhələdə, elə gələcək mərhələdə də Türkiyə daha fəal olacaq. Ankara Rusiyaya açıq təklif edir ki, iki regional güc olaraq bu məsələdə söz sahibi olsun, problemin həllini həyata keçirsin.
- Bütün bu diplomatik oyunlar içərisində əsas rola sahib Azərbaycanın durumunu necə analiz etmək olar?
- Azərbaycanın beynəlxalq durumu sabitdir. Çünki Bakının atdığı addımlar beynəlxalq qanunlara uyğundur. Demək olar ki, bundan əvvəl baş verən danışıqlar, həmsədrlərin irəli sürdüyü təkliflərdə fəal olmuşuq. İndisə Azərbaycanın atdığı addımlar beynəlxalq qanunların və Azərbaycan Ordusunun imkanları daxilindədir. Yəni Bakının tənqidi üçün yer qalmır. Əvəzində bəhanələr uydurulur. Guya muzdlular, əcnəbi döyüşçülər var və sair. Bu da onu göstərir ki, əslində Azərbaycanı ciddi şəkildə tənqid etmək üçün onların əlində əsaslı arqumentlər də yoxdur. Odur ki, uydurulmuş informasiyalarla çıxış edirlər.
- Ermənistanın vəziyyətini necə dəyərləndirmək olar?
- Biz görürük ki, əslində Ermənistan tam şəkildə təcrid edilib. Müxtəlif ölkələrdə ermənilərin təsiri altında olan bir neçə siyasətçi və media quruluşunu kənara qoysaq, halbuki onların təsiri də sıfıra bərabərdir, biz görürük ki, real olaraq Ermənistan təcrid edilib. Onun köməyinə heç kəs gələn deyil. Nə Rusiyanın gəlmək niyyəti var, nə də digər partnyorlarının. Bu, real vəziyyətdir.
- Maraqlıdır, sizcə, bu situasiyada İranın davranışlarınında hansı məqamlar sezilir?
- İranın mövqeyi daha aktiv səslənməkdədir və bu tezislər Azərbaycanın mövqeyini dəstəkləyir. Ərazi bütövlüyü, işğala son qoymaq kimi ifadələr səsləndirilir. Bu onu göstərir ki, Ermənistanın ümid etdiyi İranın bu kimi mövqeyi əslində onlara sürpriz olub. Hər halda beynəlxalq vəziyyət Azərbaycanın xeyrinədir. Bəzən ictimaiyyətdə kimlərsə belə fikir səsləndirir ki, Rusiyanın mövqeyində dəyişikliklər olur, ola bilər və s. Şəxsən mən bunun işartılarını görmürəm. Belə mövqe əvvəlcədən səsləndirilib ki, Rusiya öz qoşunlarını Ermənistanın işğalçılıq siyasətinə qurban vermək niyyətində deyil. Azərbaycanın özünün iradəsi, yanında olan Türkiyənin mövqeyi onu deməyə əsas verir ki, kim bizə qarşı çıxsa itkilərsiz ötüşə bilməyəcək. Bu baxımdan aydındır ki, gedən müharibədə kiminsə xeyrinə addım atmaq, özü bilavasitə prosesə daxil olmaq niyyətində deyil.
Yeganə amili qeyd etmək lazımdır. Bu da Qarabağ hərbi teatrında dəyişən vəziyyəti dondurub indiki vəziyyətdə saxlamaq cəhdləridir. Bu cəhdlər hazırda görünür. Bu məsələdə həmsədr ölkələrin maraqları üst-üstə düşür. Həmsədrlər də hesab edirlər ki, cəbhədə vəziyyəti indiki halda saxlayıb sonra siyasi yollarla problemin həllinə nail olmaq lazımdır. Aydındır ki, bu baş verən iş deyil və Azərbaycanın da buna getmək niyyəti yoxdur. Bu cəhdləri kənara qoysaq, deyə bilərik ki, Azərbaycanın indiki mövqeyi güclüdür. Məntiq və reallıq da bunu göstərir.
- Tehran da münaqişənin həllinə dair hansısa təşəbbüslə çıxış etməyə başlayıb. İranın problemin həllinə dair təkliflərinə necə yanaşırsınız və bu təkliflər Azərbaycana nə vəd edə bilər?
- Əslinə qalsa biz görürük ki, bundan əvvəl mövcud olan “sülh prosesi” və status-kvo dəyişib. Məntiqlə struktur da dəyişməlidir. Açığını desək, həmsədrlər 30 ildə heç nə ilə məşğul olmayıb. Fakt budur ki, fəaliyyət olsa da, nəticəsi olmayıb. Bu baxımdan region ölkələri də bu prosesdə iştirak etmək istəyirlər. Ən azından bu mövqeni açıq şəkildə Türkiyə bəyan edib. İndi də dərin ənənəyə malik İran diplomatiyası hərəkətə gəlib. Mən hesab edirəm ki, biz bu təşəbbüsə müsbət baxmalıyıq. Təbii ki, gələcəkdə ilk növbədə öz xeyrimizə olan addımları atacağıq. Bu öz yerində. Amma İranın fəallaşması müsbət haldır. Biz görürük ki, indiki mərhələdə Türkiyə həmsədr institutunun strukturunu dəyişməkdə maraqlıdır. İranın da bu işə qoşulması danışıqlar formulunu dəyişdirmək baxımından əlavə elementdir. Əsas məqamı da unutmayaq. Bu prosesin içində olan həmsədrlər daim deyirlər ki, bizim mövqeyimiz eynidir. Amma onlar əsasən bir-birilə rəqabət aparmaqla məşğul olub, nəinki real sülh prosesi ilə... Mən hesab edirəm ki, Rusiya da bu prosesə hansısa şəkildə qoşulacaq. Rusiyanın İranla münasibətləri yüksək səviyyədədir, eləcə də Türkiyə ilə daimi əlaqələr mövcuddur. Yəni ABŞ və Fransadan azad olmaqla region ölkələri ilə danışıqlar bəlkə də bizim xeyrimizə olar. Türkiyə, Rusiya və İran regionda daha təsirlərə malikdirlər, nəinki Fransa. Mütləq deyil ki, danışıqlar məxsusi olaraq ATƏT çərçivəsində olsun. Bu ölkələr Astana prosesi çərçivəsində əməkdaşlıq mexanizmi qura biliblər, hətta Ankara və Moskva Suriyanın bəlli bölgələrdə müştərək patrul xidməti həyata keçirir.
- Tofiq müəllim, bu gün Cenevrədə ATƏT-in həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş planlaşdırılırdı. Görüş oktyabrın 30-na keçirilib. Siz bu danışıqlardan nə gözləyirsiniz?
- Əslində bu görüş onu deməyə əsas verir ki, həmsədrlərin Qərb hissəsi Rusiyanın aktivliyini gördükdən sonra prosesdə yerini möhkəmlətmək istəyir. Mən həmin görüşdə real dəyişikliklərin ola biləcəyini gözləmirəm. Hesab edirəm ki, real dəyişikliklərin baş verməsi üçün Ermənistanın mövqeyində dəyişiklik olmalıdır. Hər halda Nikol Paşinyan bizim xeyrimizə olan siyasəti həyata keçirir. Elan edir ki, müharibəni davam etdirəcək, çəkinməyəcək və s. Bu, sanki bizim xeyrimizə olan taktikadır. Çünki onların bu istəkləri ilə hərbi imkanları arasında ziddiyyət var. Günü-gündən bu ziddiyyət daha da dərinləşir. Odur ki, Cenevrədən nəsə gözləməyin. Lakin təbliğati baxımdan tərəflər bunu öz xeyirlərinə istifadə etməyə çalışacaq.
- Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağını gözləyirsinizmi?
- Artıq mənim bu məsələyə əminliyim günü-gündən artır. Çünki Azərbaycanın məqsədini cənab prezident rəsmi olaraq bəyan edib. Hiss edirəm ki, indi atılan addımlar çox iradəlidir. Bu iradəni gücləndirən elementlər ola bilsin ki, həm də Ermənistanın hərbi cinayətləridir. Onlar faktiki hərbi cinayətə əl ataraq Azərbaycanın mülki insanlarını raket atəşinə tutur, təlafatlar törədirlər. Hesab edirəm ki, bu kimi davranışlar Azərbaycanın daha da iradəli olmasına, seçdiyi xəttin düzgün olduğuna səbəb olur, həmçinin xalqımızın hakimiyyəti ciddi dəstəkləməsi ilə müşayiət edilir. Bu da öz növbəsində işğal olunan ərazilərimizin təmizlənməsinə böyük şans və təminat yaradır.


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 23:19
Sikayət   


loading...
Загрузка...