reklam
Regionxeberlericom.az » Araşdırma » GƏLƏCƏYİ PROQNOZLAŞDIRMAĞIN 4 AMİLİ

reklam

GƏLƏCƏYİ PROQNOZLAŞDIRMAĞIN 4 AMİLİ

Bir filosof olaraq, hesab edirəm ki, istər lokal, istərsə də, qlobal olaraq ictimai-siyasi durumu çözmək üçün nəzərə alınması gərəkən 4 həlledici faktor var. Gələcəyi proqnozlaşdırmaq və hadisələri analiz etmək üçün bu təsirləndiricilərin hər birini hesaba qatmaq lazımdır.

Bu 4 kritik faktor, aşağıdakılardır:

1)SOSİAL ŞƏBƏKƏNİN POTENSİALI Faktoru

Sosial şəbəkə, “təpkilərin cəmlənməsini” və ya “bir nöqtəyə vurmasını”, çox effektiv şəkildə təmin edir və bunu, əslində real həyatdan çox daha tez və rahat edə bilir. Yəni, bəzilərinin zənn etdiyinin əksinə, əslində “sosial şəbəkə mitinqləri”, real mitinqlərdən daha az təsirli və daha az önəmli deyildir. Və məsələ də budur ki, sosial şəbəkədəki “mitinq”, çox daha asan, praktik və effektivdir. Çünki əvvəla, burda, məlumatın yayılma intensivliyi və radiusu çox daha yüksəkdir. İkincisi, realdakı mitinq meydanın məhdud çərçivəsinin olması müqabilində, virtual meydan, “sonsuz” və “nəhayətsizdir” və “bütün əhalini tuta bilir”. Üçüncüsü də, “kütlə effektinin” təsir potensialı, çox daha güclüdür, yəni internetdə insanlar, ictimai təpkini daha tez və daha çox hiss edə bildikləri üçün daha çox da təsirə düşə bilirlər.

Sosial media, eynilə, dərya kimidir və orda böyük bir dalğanın qopması, sadəcə olaraq “küləyə”, yəni anlıq bir şok hadisəyə bağlıdır. Azərbaycan cəmiyyəti kimi daha emosional cəmiyyətlərdə, bu cür anlıq küləklər, daha tez effekt verir. Odur ki, zatən “kütlə psixologiyası”nın basqın olduğu sosial şəbəkələrdə; narazı, və ərəb toplumlarına bənzər dərəcədə emosional və nisbətən zəkasız bir cəmiyyətdən; hər an, hər şey gözləmək lazımdır. Bu cür toplumlar, gec ayılsa da necə deyərlər, “çox pis” ayılırlar, və hərəkət və özünə nəzarət trayektoriyaları, sabit və proqnozlaşdırılan olmur. Xüsusən də meydanda aşkar və ümumi bir liderin olmadığı şəraitdə, toplumun hərəkətlərini daha çox məhz spontanlıq və təsadüf müəyyən edəcəyi üçün, baş verəcək etiraz dalğalarının son ucunun haraya varacağını kəsdirmək də çox qəlizdir. Beləliklə də cəmi 2-3 ay sonra, indi heç kəsin proqnozlaşdırmadığı hadisələr baş verə biləcəyi kimi, heç kəsin də proqnozlaşdıra bilmədiyi bir şəxsi, ictimai dalğa, qatıb önünə, lider kimi apara bilər.

2)TEMP və TENDENSİYA Faktoru

Təkcə elə Azərbaycanda, son 2 ildə baş verən hadisə və dəyişikliklər, öncəki 10 il ərzində baş verməyəcək qədər çox və ardıcıl olubdur; İctimai reaksiyaya tuş gələn gündəm mövzularının sayı, və narazılığın, getdikcə daha yuxarı instansiyalara doğru yönəlməsi; dəyişilən və əvəzlənən məmurların, xüsusilə də yüksək ranqli məmurların sayı; eyni zamanda, həbs edilən və ya sıradan çıxarılan yüksək vəzifəli məmurların sayı; prezidentin, müxalifət əleyhinə verdiyi bəyənatların sayı və kəskinliyi; birbaşa olaraq ictimai rəy nəticəsində dəyişən qərarlar (məsələn, karantinin yumşadılması və ya bəzi məmurların istefaya göndərilməsi); bunlar,

özlüyündə, ciddi göstəricilərdir. Son 2 ilə qədər, “səhra” və ya ən yaxşı halda “yarımsəhra” vəziyyətində olan siyasi gündəm, indi artıq, “yaşıllığa çevrilmişdir” və bu durum, silsiləylə artmaqdadır. Hadisələrin inkişaf tempinin çoxalmasını şərtləndirən ən mühüm faktor, elə sosial şəbəkələrin və internetin, artıq, insanların “evinə” çevrilməsi və “doğmalaşması” amilidir.

3)QLOBAL DƏYİŞİKLİKLƏR Faktoru

Məşhur ifadə ilə desək, "Dəyişməyən tək şey, dəyişimdir".

Elm və texnikanın inkişafı, prinsipcə; ümumi zəka səviyyəsinin gəldiyi son nöqtənin məhsuludur. Bu ümumi nəticədən hər kəs faydalanmış olur, yəni məsələn internet resurslarını və kompüter texnologiyalarını yaradan alimlər, avtomatik olaraq bu nailiyyətləri, ümumi bəşəriyyət xidmətinə sunmuş olurlar və bu imkan, nəticə etibarilə, ən zəkasız insanın da “özününkünə” çevrilmiş olur. Buna görə də, belə demək olar ki, indiki-qloballaşma və informasiya çağında, hadisələrin inkişaf tempi, insanları qabaqlamaqdadır. Avtomatlaşma və suni intellekt şəraitində, artıq, bir insanın özünün düşünməsinə belə, bəzən ehtiyac qalmır və hətta verə biləcəyindən daha yaxşı qərarları, başqa vasitələr verir. Ən vacib informasiyanı əldə etmək üçün belə, sadəcə bir düyməyə basmaq, yetərli olur, yaxud da 7 yaşlı bir uşaq, mahiyyətini heç anlamadığı smartfonun bir çox funksiyalarından məharətlə istifadə edə bilir.

Dolayısıyla da eyni proses və temp, əslində bütün sahələrdə və o cümlədən siyasi qərar və vətəndaş məsuliyyəti ilə bağlı da getməkdədir. Sosial şəbəkəyə cəmi bir neçə ay əvvəl daxil olan və o zamana qədər, deyək ki, müxalif düşüncəli olmayan bir insan, intensiv və çoxtərəfli məlumat axınının təsirilə; qısa müddətdə, əks-düşüncəli ola bilir və bu sürəc, heç onun özünün də xəbəri olmadan gedə bilir.

Digər tərəfdən də, dəyişən dünya və şərtlər, insanların xarakterini və qərarlarını dəyişkən və asılı edibdir, nəticədə, bu gün sevdiyinə, sabah nifrət edə bilən, yaxud da dünən böyük bir şövqlə evləndiyi şəxsdən, bu gün böyük nifrətlə ayrılan bir nəsil formalaşmaqdadır. İnsanlar, daima dəyişməyə, və qane olmamağa meyillidirlər, ona görə də siyasi qərar və seçimlərin də eyni cür dəyişikliyə uğraması, qaçılmaz bir vəziyyət almaqdadır. Bu da, bütün dünyada; ümumi bir dəyişim dalğasını və bu fonda da, ən cəlbedici görünən və hələki meydandakı ən yaxşı seçim olan-demokratiya anlayışına meylin sürətlənməsini şərtləndirir. Görünən budur ki, bəşəriyyət, ümumilikdə ciddi dəyişikliklərə möhtacdır, və bir nəfərin ya da bir qrupun hakimiyyətindən bezməyə başlayıbdır; azad olmaq və öz qərarını, özü vermək istəyir. Buna görə də, avtoritar və totalitar rejimlərin, “domino effekti” ilə bir-bir dağılması qaçılmazdır və ən azından dünyanın “mərkəzində”- elə bizim regionda və yaxın şərqdə, proseslərin, artıq başladığı, müşahidə edilməkdədir. Görünən budur ki, bütün dünya, bir gün nə vaxtsa “İmam Zaman düzəninə” keçəcəksə belə, məhz, indi yeganə ideal kimi görünən demokratik sistemi yoxlayıb bezdikdən sonra keçəcəkdir.

4)BEYNƏLXALQ SİYASİ DÜZƏNİN VƏ ANLAYIŞIN DƏYİŞİMİ Faktoru

Digər mühüm amil də, qlobal və regional balansın dəyişməkdə olması və yeni dünya nizamı quruculuğunun xüsusi fazaya keçməsidir. Beynəlxalq güclərin, geri qalan dünyanı, öz aralarında daha sürətlə bölməyə çalışdığı və bu yolda bir-birilə xüsusi amansızlıqla yarışdığı və hibrid savaşların tüğyan etdiyi bir zamanda; gücün, haqqa olan üstünlük fərqi, daha da böyüməkdədir. Belə olduqda, təbii olaraq; xüsusi həssas regionda, və böyük və maraqlı zidd dövlətlərin ortasında yerləşən kiçik Azərbaycan üçün böyük risk və təhlükə perspektivi mövcuddur. Və daxildə baş verməkdə olan və baş verəcək proseslərin xarakterini də nəzərə alsaq, Azərbaycanın daxili vəziyyətinin və onun zatən kövrək və qəliz olan mövqeyinin daha da mürəkkəbləşəcəyi ehtimalı, olduqca yüksəkdir.

Yunis Dürüst, filosof-alim


Paylaş:


Müəllif : Tarix:
20-01-2021, 23:17
Sikayət   


loading...
Загрузка...