reklam
Regionxeberlericom.az » Araşdırma » Hansı məhkəmələrdə əsasən ittiham yönümlü qərarlar qəbul edilir? – Vəkillərdən AÇIQLAMAR

reklam

Hansı məhkəmələrdə əsasən ittiham yönümlü qərarlar qəbul edilir? – Vəkillərdən AÇIQLAMAR

Son zamanlar məhkəmə sistemində hakimlər tərəfindən verilən qərarlar vətəndaşlar və eləcə də vəkillər arasında narazılığa səbəb olur. Narazılığın əsas səbəblərindən biri isə hakimlərin əsasən ittiham yönümlü qərarlar qəbul etmələridir. Məhkəmə sistemində fəaliyyəti dövründə heç bir zaman bəraət verməyən hakimlər belə var.
Məsələni daha ətraflı araşdırmaq məqsədi ilə "legitim.az" Azərbaycanın tanınmış bir neçə vəkili ilə əlaqə saxlayıb. Onların mövzu ilə bağlı fikirlərini olduğu kimi təqdim edirik.

Vəkil Ceyhun Yusifov: “Hesab edirəm ki, hazırda məsələ ilə bağlı ən böhranlı vəziyyət Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasındadır. Praktikada qarşılaşdığım hallara əsaslanaraq onu deyə bilərəm ki, Habil Məmmədov, İlqar Murquzov, Əmir Bayramov və digərləri bəlkə də fəaliyyətləri dövründə heç vaxt bəraət qərarı çıxarmayıblar. Lakin onu da qeyd edim ki, Ramin Qaraqurbanlı və Rəşad Abdulov kimi obyektiv məhkəmə araşdırmaları və daha ədalətli qərar qəbul etmələri ilə yaddaşımızda qalan hakimlərimiz də var.”
Vəkil Aqil Layıc: “Mən qısa olaraq onu deyə bilərəm ki, ümumiyyətlə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillərin iştirakı formaldır. Cinayət məhkəmələrində bir çox hallarda təəssüf olsun ki, hakimlər gələn tapşırığa əsasən qərar qəbul edirlər.”

Vəkil Bəhruz Bayramov: “Fikrimcə ümumi olaraq Ağır Cinayətlər məhkəmələrində 99% ədalətli araşdırma aparılmır. Görünən odur ki, həmin məhkəmələrin işi yalnız ittihamı təsiq etməkdir. Bəzən 100% bəraət verilməli olduğu halda, hakim ittiham yönümlü qərar qəbul edib. Belə verilən qərarlar bir çox hallarda Ali Məhkəmə tərəfindən ləğv edilir.Onu da qeyd edə bilərəm ki, İlham müəllimin zamanında Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən işlərə daha obyektiv baxılırdı. Nəticə olaraq da bir çox hallarda daha ədalətli qərar qəbul edilirdi.”

Vəkil Ramin Qocayev: “Məhkəmə araşdırmasında ədalətsiz hakimlərin çoxluğuna baxmayaraq, istəyərəm ki, daha çox ədalətli hakimlər diqqətə alınsın. Ədalətsiz hakimlərin deyil, ədalətli hakimlərin işıqlandırılmasının tərəfdarıyam. Çünki digər hakimlərimiz onlardan örnək götürə bilərlər. Buna görə də mətbuatın diqqətini ədalətli hakimlərə yönəltməsi daha doğrudur.”Məsələ ilə bağlı fikirlərini aldığımız bir çox adının çəkilməsini istəməyən vəkillər də belə halların daha çox Ağır Cinayətlər məhkəmələrində və Bakı Apellyasiya Məhkəməsində baş verdiyini vurğulayıblar. Vəkillərin sözlərinə görə əsasən Siyavuş Hacıyev, Azad Məcidov, Rahib Salmanov, Mahmud Ağalarov, Rasim Sadıqov, Novruz Kərimov kimi bir qrup hakim fəaliyyətləri müddətində bəlkə də heç vaxt bəraət qərarı çıxarmayıblar. Məhkəmə-Hüquq Şurasının bəraət çıxarmayan hakimlərin də faəliyyətinə diqqət yetirməsi vacibdir.
Ölkəmizin inkişafı, dövlətimizin möhkəmləndirilməsi, eləcə də xalqın dövlətə bağlılığını gücləndirməyin əsas yollarından biri də vətandaşların hüquqlarının qorunmasıdır. Ümid edirik ki, hüquq sistemimizdə olan nöqsanlar ən qısa zamanda aradan qaldırılacaqdır. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.”


Paylaş:


Müəllif : Tarix:
17-04-2021, 23:30
Sikayət   


loading...
Загрузка...