reklam
Regionxeberlericom.az » Araşdırma » Ramin Bayramlı niyə getdi? - HƏQİQƏTƏN DƏ...

reklam

Ramin Bayramlı niyə getdi? - HƏQİQƏTƏN DƏ...


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib. O, sosial media hesabında yazdığı mətndə istefasının səbəbini açıqlamayıb. “Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirirəm, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, – deyə o, qeyd edib.

42 yaşlı Ramin Bayramlının istefasının səbəbləri ilə bağlı müxtəlif versiyalar var. Onun ərizə yazmağa vadar edildiyi iddia olunur. Pandemiya dövründə koronavirusa qarşı mübarizədə problemlər və uğursuzluq da istefanın əsas səbəblərindən biri kimi səslənir.

Bu il avqustun əvvəlində sosial mediada Bakının Səbail rayonu, Badamdar qəsəbəsində Ramin Bayramlıya aid olduğu iddia edilən villanın görüntüləri yayılmışdı. Bildirilirdi ki, TƏBİB rəhbəri villanın tikildiyi torpaq sahəsinin sotunu 70 min manata əldə edib. Lakin TƏBİB-dən verilən açıqlamada bu məlumat təkzib olundu.
Özəl tibb müəssisəsi – “Loğmed” klinikasının rəhbəri Nazim Bəydəmirli “Press Klub”a şərhində TƏBİB sədrinin vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə uzaqlaşdırılmasını real saymadığını söylədi. Ramin Bayramlının istefasında başqa səbəblər olduğunu düşünən keçmiş deputat kadr dəyişikliyinin səhiyyə sektoruna müsbət təsir göstərəcəyini gözləmir. Onun sözlərinə görə, effektiv nəticə üçün sistem dəyişikliyi baş verməlidir:

“Bugünkü vəziyyət Ramin Bayramlıya bağlı deyil ki, onun istefasından sonra durum düzəlsin. Sistem dəyişikliyi baş verməsə, heç nəyə nail olmaq mümkün deyil. Səhiyyə sistemi uzun müddət sovetdənqalma təcrübə ilə – çarpayı hesabıyla maliyyələşirdi. Sonradan müəyyən islahatlara cəhd olunsa da, başa çatdırılmadı. İcbari tibbi sığortanın tətbiqi illərlə yubadıldı. Nəticədə bu eksperiment də iflasa uğradı. Hökumət dövlət büdcəsi hesabına xəstəxanalar tikməməlidir, bunu sahibkarlar etməlidir. Lakin Azərbaycanda dövlət büdcəsini mənimsəmək məqsədilə müxtəlif layihələr ortaya çıxır. Böyük klinikalar dövlət büdcəsi hesabına tikilib istifadəyə verilir, ora da çox vaxt qohumluq, yerliçilik prinsipi ilə kadrlar işə götürülür. İddia oluna bilər ki, dövlət xəstəxanaları aztəminatlı, kasıb vətəndaşlar üçün tikib istifadəyə verir. Gəlin, görək, vətəndaş reallıqda orada pulsuz müayinə oluna, müalicə ala bilirmi? Ölkədə ümumi iqtisadiyyatda inhisarçılıq olduğu kimi, tibbi sığorta məsələsində də inhisarçılıq var. Ən adi tibbi sığorta məsələsində də bu, özünü göstərir. Özlərinə yaxın klinikalara tibbi sığorta haqqını tanıyırlar, digər özəl klinikalara yox. Demək istədiyim odur ki, dövlətin münasibəti dəyişməlidir – istər özəl klinikalara, istər özəl universitetlərə… Hamıya eyni gözlə baxılmalıdır, eyni hüquq və vəzifələr tətbiq olunmalıdır”.

Səhiyyə Nazirliyi və TƏBİB-in eyni vaxtda mövcudluğunun məntiqsiz olduğunu vurğulayan Nazim Bəydəmirli hesab edir ki, ümumiyyətlə, Azərbaycan hökuməti idarəetmədə Gürcüstan modelinə keçməlidir. Onun sözlərinə görə, Azərbaycanda bir-birini təkrarlayan, oxşar funksiyaları yerinə yetirən xeyli qurumlar var və bu, dövlət büdcəsi üçün artıq yükdür. Keçmiş deputat deyir ki, əgər hökumət vəziyyəti dəyişmək istəyirsə, o zaman Nazirlər Kabinetindən başlamalı, baş nazirin müavini postları ləğv olunmalıdır:

“Nazirliklər, komitələr Gürcüstan modelində olduğu kimi, birləşdirilməlidir. Məsələn, Səhiyyə Nazirliyi, TƏBİB, Sosial Müdafiə Fondu, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – bunların hamısı bir sosial nazirlikdə birləşdirilməlidir. Gürcüstanda Nazirlər Kabineti 12 nəfərdən ibarətdir. Onun 11-i nazir, biri də baş nazirdir. Həmin nazirlərin arasından hər il ictimai əsaslarla baş nazir müavinləri seçilir. Ancaq bizdə baş nazirin funksiyaları bəlli olmayan bir neçə müavini var. TƏBİB də müavinlərdən birinin ərsəyə gətirdiyi qurumlardan biridir. Baş nazirin həmin müavini də daxil olmaqla, Nazirlər Kabinetində müavin postları ləğv olunmalı, hökumətin idarəetməsinə dinamiklik gətirilməlidir. Çünki istənilən ölkə iqtisadi böhran zamanı bürokratik əngəlləri, idarəetmə xərclərini azaltmaq üçün ixtisarlara gedir. Bizdə isə əksinə, 2014-cü ildən bu yana müxtəlif agentliklər, xidmətlər yaradılıb. Nazirlər Kabinetində 40-dan yuxarı mərkəzi icra hakimiyyəti orqanı hesab edilən qurumlar cəmləşdirilib. Ona görə də burada kimisə kiminləsə əvəz etməklə nəticə dəyişən deyil. Gürcüstanda büdcənin 51 faizi sosial məqsədlər üçün nəzərdə tutulur. Sosial dövlət anlayışı buradan qaynaqlanır. Hesab edirəm ki, TƏBİB də Səhiyyə Nazirliyinə paralel yaradılmış süni bir qurumdur. Bu cür işlərin perspektivi yoxdur”.

Ekspert qeyd etdi ki, bu tipli idarəetmə problemlərindən qurtulmaq üçün hökumətin parlamentdə formalaşması da vacibdir. Onun fikrincə, yenidən parlament seçkiləri keçirilməli, proporsional seçki sistemi tətbiq olunmalıdır:

“Parlamentdəki çoxluq da hökuməti formalaşdırmalıdır. Azərbaycan belə bir hökumət formalaşdırmaq öhdəliyini üzərinə götürsə də, bu günə qədər ona əməl etmir. Proporsional seçki sistemini tətbiq eləmir. Bu bölgədə yeganə ölkəyik ki, proporsional seçki sistemini tətbiq etmirik”.

N.Bəydəmirli ölkədə koronavirusa qarşı mübarizənin də effektiv aparılmadığını düşünür. Onun sözlərinə görə, hökumətin atdığı addımlara, məmurların dediklərinə əhalinin böyük bir qisminin etmadı yoxdur. Saxta peyvənd pasportu almaq istəyənlərin çoxluğu da bundan qaynaqlanır:

“Ən böyük böhran etimadsızlığın yaratdığı böhrandır. Dövlətin adından danışanların əksəriyyətinə vətəndaşlar inanmır. Prezidentin köməkçiləri mətbuat konfransında vətəndaşları günahkar çıxarmağa çalışır. Amma bu etimadsızlığın günahkarı vətəndaşlar deyil, illərlə onlara yalan danışmış məmurlardır. İnsanlar o qədər yalan eşidiblər ki, doğru sözə də inanmırlar. Vaksinləşmə ilə bağlı durum da bunu sübut etdi. Hökumət bu etimadı bərpa etmək istəyirsə, gərək bütün sahələrdə doğru-dürüst işləsin, səmimi olsun”.

Avqustun sonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı rəqəmlərə görə, ölkədə vurulan peyvəndlərin ümumi sayı 6 milyon 700 minə yaxınlaşıb. Bunun 4 milyonu birinci mərhələ üzrə vaksin olunanlar, təxminən 2 milyon 700 mini isə hər iki dozanı qəbul edənlərdir.

2018-ci ilin dekabrında prezidentin fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradılıb. Fərmanın icrası məqsədilə Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.



Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 08:23
Sikayət   


loading...
Загрузка...