reklam
Regionxeberlericom.az » Araşdırma » Prezidentin qovduğu Ağabəy Əsgərovdan sonra nəşriyyatda nələr dəyişəcək? - Yeni gələn şəxs...

reklam

Prezidentin qovduğu Ağabəy Əsgərovdan sonra nəşriyyatda nələr dəyişəcək? - Yeni gələn şəxs...


“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əsgərov 2005-ci ildən "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsində işləyib. Onunla bağlı zaman-zaman nəşriyyatın durumu ilə bağlı tənqidi yazılar mətbuatda yer alıb.
“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov qərarı belə şərh edib:

“Gözlənilən qərar idi. Çünki media sahəsində aparılan islahatlar təbii ki, Azərbaycan Nəşriyyatından yan keçə bilməzdi. Digər tərəfdən bir müddət öncə orada həyata keçirilən yoxlamalardan xəbərdar idim. Araşdırmalar gedirdi. Məndə olan məlumata görə, nəticələr heç də ürəkaçan deyildi. Vəziyyəti zatən görürdük. Nəşriyyatın həm iqtisadi, həm də vizual vəziyyəti çox ağır idi. Bununla bağlı mətbuatda dəfələrlə çıxışlar olub, yazılar dərc olunub. Münasibətimizi zaman-zaman ifadə etmişik. “Azərbaycan” Nəşriyyatı hazırda ölkədə aparıcı çap müəssisəsidir. Lakin buradakı təsərrüfatsızlıq, korrupsiya, səriştəsiz və yarıtmaz idarəçilik, nəhəng bir müəssisəni dilənçi halına gətirib. İnzibati binasının mərtəbələrini ufunət qoxusundan gəzmək mümkün deyil. Ərazisinin böyük hissəsini müxtəlif sahələrə icarəyə verən nəşriyyatda çap qiymətləri hər zaman özəl mətbəələrlə müqayisədə baha olub. Lakin hazırda ölkədə normal avadanlıqları olan özəl mətbəə olmadığından gündəlik çap olunan aparıcı qəzetlərin başqa seçim imkanı yoxdur. Son zamanlar isə bir çox qəzetlər əlacsızlıqdan bəzi kiçik, özəl mətbəələrə üz tutmalı olublar.

Ələsgər Süleymanov: “Orada ciddi islahatlara ehtiyac var idi”

Direktor çap prosesindən də narazıdır:

“Azərbaycan Nəşriyyatı ən böyük çap müəssisədir. İkinci belə böyük çap maşınına sahib mətbəə yoxdur. İllər öncə prezidentin xüsusi diqqət və qayğısı ilə ölkəmizə yaxşı bir çap maşını alındı. Bu da nəşriyyatın bazasında qurulub. Dövlət qəzetləri rəngli formada həmin çap maşınında dərc olunur. Orada çap qiymətləri çox bahadır. Azərbaycanda bir neçə kiçik, özəl mətbəələr var. Hansı ki, onlar da müəyyən qədər rəngli formada qəzet çap edirlər. Amma orada keyfiyyət çox aşağıdır. Onların maşınları elə vəziyyətdədir ki, gündəlik qəzetləri orada çıxarmaq böyük riskdir. Həftəlik qəzeti haradasa başa düşmək olar. Ona görə daim Azərbaycan Nəşriyyatından çap olunmağa üstünlük vermişik. Baxmayaraq ki, bizə özəl mətbəələrdən çox təkliflər olub. Biz istəmişik ki, Azərbaycan Nəşriyyatı mövcudluğunu qorusun. Azından dövlət mətbəəsidir. Bir etibar var. Orada həmişə ikirəngli çap olunmuşuq. Rəngli çap olunmaq üçün bizə edilən təklif baha olub. Digər tərəfdən orada olan problemlərdən biri də nəzərdə tutulan otaqların başqa sahələrə aid olan xırda sexlərə, müəssisələrə kirayə verilməsidir. Bu da oranın atmosferini pozur. İnsanlar artıq ora jurnalistlərin evi kimi baxmır. Çünki, o bina bir zamanlar şəhərin mərkəzində məcburi köçkünlərin sığındığı yataqxanaların görkəmindədir. Azərbaycanda fəaliyyət göstərən iri qəzetlərin çoxu orada yerləşmir. Kənarda fəaliyyət göstərmək məcburiyyətində qalıblar”.

Ə.Süleymanov vəziyyətin düzələcəyinə inanır:

“Vəziyyəti düzəltmək mümkündür. Əvvəla, orada ciddi kadr islahatlarına ehtiyac var. Binanın da təmirə çox böyük ehtiyacı var. Çap maşınlarını daha yaxşı vəziyyətə gətirmək lazımdır. Əlavə bir çap maşını da alınsa çox yaxşı olardı. Çalışmaq lazımdır ki, qəzetlərin hamısı rəngli formatda çıxsın. Biz bu əsrdə hələ də iki və ya bir rəngli qəzet buraxırıq. Bu Azərbaycana yaraşan hal deyil. Ora təyin olunacaq kadrdan çox şey asılı olacaq. Ümid edirik ki, yeni gələn şəxs bu işlərin öhdəsindən gələcək. Güman edirəm ki, yeni kadra dövlət tərəfindən də dəstək olacaq. Ümid edək ki, orada elə bir vəziyyət yaradılacaq ki, oradan qaçaq düşən media orqanları ora qayıtmağa can atacaqlar”./Musavat.com



Paylaş:


Müəllif : Tarix:
30-09-2021, 23:03
Sikayət   


loading...
Загрузка...