"Hücuma keçəndə gördüm ki, aldadıblar, minalar təmizlənməyib" - Kəşfiyyatçı döyüş sirlərini açır - MÜSAHİBƏ
“Komandir üçün yaralı əsgərə susmağı əmr etməkdən əzablı heç nə yoxdur”
Aprel döyüşlərində və Vətən Müharibəsində ən qızğın nöqtələrdə döyüşən kəşfiyyatçı Elmar Allahverdiyev Bakupost.az -a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
Kəşfiyyatçı qazi Elmar Allahverdiyev 1986-cı il noyabrın 4-də Şəki rayonunun Cəfərabad kəndində anadan olub.
2002- ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit, 2010-2011-ci illərdə isə Silahlı Qüvvəllərin təlim-tədris mərkəzində kəşfiyyat kurslarını uğurla bitirib. 2010-cu ildən 2013- cü ilə qədər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə taqım komandiri kimi fəaliyyətə başlayıb. 2013-2016- cı illərdə o, öz istəyi ilə xidmətini Tərtər rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri olub. 2016-2017- ci illərdə Goranboy rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri olub. 2016- cı ildə Aprel döyüşlərində iştirak edib. 2017- ci ildə “Tərtər işi” zamanı şərlənərək tutulub. 10 ay həbsdə qaldıqdan sonra bəraət alıb.
2020-ci ilin oktyabr ayında işğal altında olan torpaqların azadlığı uğrunda başlamış hərbi əməliyyatlarda könüllü olaraq yenidən ordu sıralarına qatılıb. Burda kəşfiyyat bölük komandiri vəzifəsində iştirak edib. 2020-ci il noyabr ayının 5-də Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb.
- Elmar, hərbçi həyatının çətinlikləri məlumdur. İstəyirsiniz söhbətə sizi bu peşəyə gətirən səbəblərdən başlayaq...
- Mənim hərbçi olmağımda anamın xüsusi rolu olub. Anam uzun illər hərbi məktəbdə tarix fənnini tədris edib. Dayılarım hərbçi olub. Anamın da ən böyük arzularından biri məni hərbçi olaraq görmək idi. Belə deyək də anamın hərb sənətinə olan marağı mənim bu peşəni seçməyimə səbəb olub. Ona görə də anamın təkidi ilə 8-ci sinifdə oxuyanda ailəliklə Bakıya köçdük. Burda Cəmşid Naxçıvanski adına Hərbi Liseyə imtahan verdim uğurlu nəticə ilə qəbul oldum. Bir müddət sonra Milli Qəhrəman Mübariz İbrahimovla dostlaşdıq. Çox yaxın dost olduq. Eləcə də Fərid Əhmədovla tanışlığımız yaranmışdı. 2010-cu ildə dostum Mübariz İbrahimovun və Fərid Əhmədovun şəhid olması məni çox təsirləndirmişdi. Bakıda xidmət zamanı fikrim ancaq kəşfiyyatçı kimi xidmətimi cəbhə bölgəsində davam etdirmək idi. Nəhayət dözmədim və ərizə yazdım bildirdim ki, mən xidmətimi döyüş bölgəsində davam etdirmək istəyirəm. Müsbət cavab gəldi və məni Tərtərə, Fərid Əhmədovun xidmət etdiyi hərbi hissəyə göndərdilər. Hətta ora göndəriləndə mənə oranın necə çətin yer olduğu bildirilmişdi. Çünki Fəriddən sonra ora xidmətə göndərilən bir çox bölük komandirləri ən çox 6 ay dözə bilmişdilər. Mən Fəridin çarpayısında yatanda artıq məni qarşıda hansı çətinliklərin gözlədiyini bilirdim. Amma onu da bilirdim ki, bunun öhdəsindən gəlməliyəm.
- Söhbət hansı çətinliklərdən gedir?
- Bilirsiniz, nə qədər hazırlıqlı da olsan, təlimlər də keçsən real döyüş şəraitində yaşamaq tamamilə başqadır. Tərtər istiqaməti ən çətin ərazi olub. Hələ 90-cı illərdə gedən döyüşlərdə Tərtər istiqaməti torpaq vermədiyi və düşmənə ən ağır itki verdiyi üçün ermənilər Tərtər camaatından çəkinirdi. Ona görə də bu ərazidə düşmən tez-tez təxribat törədirdi ki, gözümüzü qırsınlar. Mən sadəcə olaraq səhv etməkdən qorxurdum. Çünki komandirin səhv əmri çox böyük faciələrə, itkilərə səbəb ola bilər. 2014-cü ildən artıq bu istiqamətdə ilk döyüş tapşırıqlarını icra etməyə başladım. Komandanlıq etdiyim 8-10 nəfərdən ibarət kəşfiyyat qrupu ilə birlikdə çox uğurlu nəticələrimiz oldu. 2015-ci ildə artıq Silahlı Qüvvələrdə son iki ili döyüş tapşırıqlarının icrası və düşmənə verilən itkilərə görə birinci yerə çıxmışdıq. Müdafiə naziri, General Zakir Həsənovla dəfələrlə görüşlərimiz oldu, məni təltif etdi.
Çətinliklər çox idi sözssüz ki, amma insan elə bir varlıqdır ki, düşüdüyü hər situasiyaya uyğunlaşır və çətinliklərə istər-istəməz qatlaşır. Kəşfiyyatçının isə ən çətin gününün ömrü uzağı bir gün çəkir. Bunu öz təcrübəmdən deyirəm. Məsələn, döyüş bölgəsində xidmət zamanı ilk dəfə düşmənin hərbi hissəyə basqısı oldu. Mənim bölüyümə ilk dəfə idi həyəcan siqnalı verilirdi. Səngərdə döyüş təcrübəm yox idi. İlk dəfə görürdüm bu mənzərəni. 2014-cü ildə yanvarın 19-dan 20-nə keçən gecə düşmən təxribat törətdi. Birinci güllə başımın üstündən keçəndə yerə yıxılmışdım. Fikirləşdim ki, ay Allah hara düşmüşəm. İstər-istəməz qorxu hissi keçirtdim, amma səhərə yaxın bir də gördüm ki, mən düşmənlə atışıram. İlkin tapşırıqlarımız sadə idi. Minalanmış sahəni açırdıq düşmən mövqeyinə çatıb, heç bir iş görmədən geri qayıdırdıq. Bu tapşırıqlarda əsas məqsəd qorxuya qalib gəlmək idi. Əmin olmalıydım ki, bu qrupda 10 nəfər varsa hamısı qorxusuna qalib gələ bilir. Çünki hər hansı bir qrup üzvünün xırda yanlışı bütöv bir qrupu məhv edə bilər. Hər bir insanın şəraitə uyğun psixoloji durumunu bilmək vacib idi. Bunlari öyrənəndən sonra artıq 2014-cü ildə avqust-sentyabr aylarında tam olaraq əsaslı döyüş əmrləri alırdıq. Çox asanlıqla düşmən mövqelərinə girirdik, düşmənə ağır zərbələr vura bilirdik.
- Ən çətin kəşfiyyat tapşırığınız hansı olub?
- İşini mükəmməl biləndə, ərazini və düşməni düzgün qiymətləndirəndə kəşfiyyatçı üçün heç bir tapşırıq çətin olmur. Ona görə də döyüşdə kəşfiyyatçının ölümü ən sonuncu amil ola bilər. Komandirin verdiyi ani qərardan asılıdır hər şey. Ani qərarları düzgün verdikdə kəşfiyyatçının ölümü baş vermir. Ən əsas da bu işlərin gizlin aparılması vacibdir. Mən əməliyyatlarım haqqında heç vaxt, heç kimə açıqlama vermirdim. Ona görə də 3 il ərzində, Aprel döyüşləri də daxil olmaqla mən bu bölükdə şəhid vermədim.
- Aprel döyüşlərindən söz düşmüşkən, döyüş necə başladı, belə bir döyüşün olacağından xəbəriniz var idimi?
- 2016-cı ilin mart ayında bayramdan sonra bizi təlimə göndərmişdilər. Ayın 1-də günorta qəfil bizə əmr gəldi və maşınlarla öz bölmələrimizə qayıtdıq. Gecə yarısı artıq döyüş başladı.
- Aprel döyüşləri atəşkəs razılaşmasından sonra ilk genişmiqyaslı hərbi qarşıdurma idi və yəqin ki, sizin də ilk təcrübəniz idi. Həmin an o meydanda hansı hissləri keçirirdiniz?
- Bu tapşırıq açığını deyim mənim qrupum üçün keçdiyimiz tapşırıqların yanında çox rahat bir tapşırıq idi. Çünki ərazinin təmiz olduqda irəliləyib döyüşmək elə də çətin olmur. Halbuki biz əvvəlki döyüş tapşırıqlarını artilleriyasız həyata keçirtmişdik. Minaları özümüz təmizləyə-təmizləyə düşmən mövqeyinə keçirdik. Burda isə artilleriya düşmən mövqelərini susdururdu və biz rahat şəkildə qaçaraq ərazini keçib mövqeyə çatırıq. Çünki artilleriyanın altında sənə heç kim atəş aça bilməz. Aprel döyüşlərində ərazi yaxşı təmizlənməmişdi. Ərazinin təmizlənməməsi və ən əsası da bizim təcrübəsiz və gənc əsgərlərimizin o döyüşə qatılması bizi o döyüşdə xeyli ləngitmişdi. Döyüş mövqeyi, düşmən görməyən, səngər nədir bilməyən əsgərin əlinə silah verib döyüşə salmağın özü böyük bir səhv idi.
- Ərazinin yaxşı təmizlənmədiyini gördüyünüz an nə etdiniz?
- Əlbəttə ki, dərhal məruzə etdim. Çünki düşmən mövqeyinə girmək üçün mənim cəmi 10 dəqiqə vaxtım var idi. Amma mən o ərazilər açılmadığı üçün 10 dəqiqəyə keçə bilmirdim. Amma arxa cəbhədə əmr verənlər israrla irəli getməyimizi tələb edirdi. İş görülməyibsə, ərazi təmizlənməyibsə oradakı əsgərin hansısa biri minaya düşərsə, onun qışqırtısının bu mənzərələrə hazır olmayan gənc əsgərlər tərəfindən necə qarşılanacağı heç kimə məlum deyil. Əgər minaya düşən əsgər qışqırarsa istər-istəməz digərləri psixoloji sarsıntı keçirib sağa-sola dağılacaq. Anarxiya yaranar və o balalar hamısı orda qırılar. Qorxulu və çətin bir məqam idi. Tapşırığın ən əhəmiyyətli hissəsi o idi ki, biz- kəşfiyyat qrupu düşmən mövqeyinə girib götürməli və siqnal fişəngi ilə işarə verməli idim ki, gəlin. Bu vəziyyətdə də məndən 400 metr arxada olan motoatıcı bölmə yanıma gəlməli idi. O da necə gəlməli idi. Əlbəttə ki, yerdə olan izlə. Sapyor əgər həmin ərazini təmizləmişdisə mütləq yerə nazik iplə belə olsa atrez qoyulmalı idi ki, bu ipin solu ilə bir metr məsafədə qaçacaqsan. Amma təsəvvür edin yerdə ip də yoxdur. O zaman hardasa biz istehkamçının arxasında 70-80 metr irəliləmişdik. Arada onu saxlayırdım ki, yoxla gör aparat işləyirmi. Bəlkə atlamısan hansısa bir minanı. Ola bilər ki, mən, məndən arxadakı o minaya düşməz, amma elə bir zəif əsgər düşər ki, onunla da bölük məhv olar. Çevrilib arxaya baxdım ki, motoatıcı bölmə də bizim arxamızca əraziyə girib və artıq ərazidə 200-ə yaxın adam var. 200-ə yaxın əsgərin düşmənin tam görə biləcəyi bir ərazidə olması bilirsiniz nə deməkdir? Bir dəfə yaylım atəşini sağa-sola fırlatsa hamısı məhv olacaq. Döyüşdə vaxt bölgüsü pozulmuşdu. Mən saat 4-ün yarısında artıq mövqeyi tutmalı idim. Amma saat 7-ə işləmişdi biz ortada qalmışdıq. Hava işıqlanırdı. Hava işıqlandıqca hər dəqiqə bizim ölümümüzün yaxınlaşması demək idi. Bu an arxa komanda mənə əmr verir ki, şəxsi heyəti tam təhlükəsiz şəkildə səngərə sal və öz qüvvələrini götürüb sağ istiqamətə girən uşaqlara köməyə get, onlar mühasirəyə düşüb. Deyildiyi kimi də etdim. 200-ə yaxın şəxsi heyəti sağ-salamat səngərə saldım öz qrupumu götürüb 6 km qaçaraq deyilən istiqamətə keçdik. Gördüm orda vəziyyət tamam başqadır. Onlar artıq neytral zonada ilişib. Düşmən agah olub, neçəsi artıq şəhiddir. Gənc əsgərlər özlərini itirib. Təsəvvür edin çatdıq lap önə. Amma bilirəm ki, hər iki istiqamətin də tapşırığı eynidir. Cinah postu deyilən bir şey var. Düşmənin mövqeyinin olduğu iki-üç yola nəzarət edən əhəmiyyətli bir mövqedir. Ora götürülməlidir. Əsgərlər minalanmış sahəni basıb keçib, amma heç kim o mövqeyə girmir. Komandir olmadığı üçün əsgər nəyi necə edəcəyini bilmir. O istiqamətə təyin olunmuş kəşfiyyat da qalıb arxada. Belə bir qarışıq vəziyyət yaranıb. Bu an snayperin tək-tək atdığını hiss etdim. Əsgərlərə dedim ki, başınızı qaldırmayın.
- Belə qarışıq və döyüş planının pozulduğu məqamda özünüzü itirmədiniz?
- Açığını deyim nə qədər təcrübəli olsam da, o qarışıq vəziyyətdə bilmirdim ki, nə edim. Şəhidlər var idi. Rəhbərə məruzə etdim ki, bu şəhidləri ortadan götürün. Gənc əsgərlər görür psixologiyaları tab gətirmir. Mən orda bir hadisənin şahidi oldum. Sayper atır bu an əsgər başını qaldırdı və böyrümdə əsgər vuruldu. Baş nahiyəsindən dəydi və beyni yerə səpildi. O ortada qalıb mənim o anda digər əsgərə gözümə sataşdı. Şəhid olan əsgərin yoldaşı idi. Yoldaşının vəziyyətini görən əsgərin əlində silah necə donub heykələ çevrildiyini, necə yerə çırpıldığının şahidi oldum. Gənc əsgərlərə olunan o divana şahid olmaq ağır idi. Düşmənin irəliyə çəkilmiş səngərindən Elnur Fərzəliyev adlı bir kəşfiyyatçım var idi, dedi komandir mən burdan düşüb sizi ordan qarşılaya bilərəm. Açığı gedişat məni elə vəziyyətə gətirib ki, bilmirəm əsgərin hayında olum, yoxsa öz şəxsi heyətimin. Çox çətinliklə də olsa biz girdik düşmən mövqeyinə orda iki canlı erməni əsgərini tutduq. O anda yadıma Dilqəmlə Şahbaz düşdü və onları əsir götürmək fikrim var idi. Əsgərimə komanda verdim ki, ona de təslim olsun. Elə bunu deyəndə erməni əsgəri bizim əsgərin üstünə qumbara tulladı. Orda hisslərimə hakim ola bilmədim əmr verdim ki, ikisini də öldürün.
Artıq mövqe məndədir və arxaya məruzə edirəm ki, mövqe məndədi qüvvəni göndər otuzduraq səngərə. Əsgəri səngərə salmalıyam. Çünki artileriya vursa hamısı qırılacaq.
- Sizə cavab verildi?
- Təəssüf ki, nə mənə kömək gəldi, nə cavab verildi. Kömək gəlmədiyi üçün də düşmən itirilmiş ərazini bərpa etmək üçün məni sıxmağa başladı. Əlbəttə ki, mən 19 nəfərlə uzaq başı 2-3 saat döyüşə bilərdim. Mənə arxadan kömək olmalı idi, amma olmurdu. Üstümə tank gəlir tutaq ki, mənim də tank əleyhinə qumbaraatanımda 3 mərmi var. Deyək ki, üçünü vurdu qaytardı bəs dördüncünü kim qaytaracaq? Rabitədə qışqıra-qışqıra qaldım ki, artilleriyaya deyin vursunlar. Mənə rabitədə dedilər ki, mərmi qurtarıb. Bu an mən dediklərim oldu. Snayper düz ərazinin kordinantını çıxartdı və keçid nöqtəsini tutdu. Əsgərlərimizi bir-bir dənləyir snayper.
- Heç bir köməyin gəlmədiyini görəndə nə etdiniz?
-Öz qrupuma komanda verdim ki, çıxırıq, amma topa yox. İki-iki, üçü-üç giriş nöqtəmizi göstərdim ki, bu qaydada keçəcəyik. Şəxsi heyəti sağ-salamat təhlükəsiz əraziyə gətirmişdim ki, bu zaman xəbər gəldi ki, iki kəşfiyyatçı qalıb orda. Çevrilib gördüm həqiqətən də uşaqlardan ikisi yoxdur. Kəşfiyyatçının düşmən mövqeyində qalması nə deməkdir? Bu an ərazidən bir ZİL keçirdi. Maşını saxlayıb sürücünü dartıb yerə saldım qrupuma dedim hamınız minin maşına biz qayıdırıq döyüş bölgəsinə.
- Çox çətinliklə çıxdığınız döyüş bölgəsinə, heç bir kömək gəlmədiyi halda qayıtmaq riskini gözə aldınız?
- Mən o uşaqları orda qoya bilməzdim. Ora çatanda gördüm heç kim yoxdu. Başladın səslənməyə. Bir neçə dəqiqə sonra səsimə səs verdilər. Sual verdim ki, niyə qaldınız orda. Dedilər komandir yanımızda 15 yaralı var. Hətta tabor komandiri də vardı aralarında. Yaralılar da qışqırır ki, qurban olum bizi burdan çıxardın. Əslində, kömək gəlsə çox asanlıqla irəli keçib döyüşmək mümkün idi. Amma arxadan heç bir kömək gəlmir ki, irəli keçim döyüşüm. Yaralıları çıxaranda həmin təmizlənməmiş ərazidə öz qrupumdan bir nəfər öz minamıza düşdü. Mən çox pis vəziyyətə düşmüşdüm. Kəşfiyyatçının döyüş meydanında ölümü çox pis hadisələrdəndir. Aprel döyüşləri də çətin və ağır döyüş idi. Amma biz öhdəsindən gəldik.
- Və 2017-ci ilin may hadisələri baş verdi. Sizə xain deyilməsinin altında yatan səbəb nə idi?
-Bəli. 2017-ci ilin may ayında qəfil bir gün telefon zəngi ilə çağırıldım bölməyə. Durub getdim, amma ağlıma da gətirə bilməzdim ki, mənə “vətən xaini” deyərlər. Həmin günlər həyatımın ən ağır günləri idi. Mənə işgəncə verirdilər ki, satqın olduğumu boynuma alım. Çünki onlara imza lazım idi. Xain olan nə mən, nə öldürülən, nə də hazırda həbsdə yatan hərbçilər deyildi. Xain bizə bu ləkəni yaxanlardır.
- Sizi ayaqda tutan nə idi?
- Allahın verdiyi iradə və həyatda tutduğum yol, kəşfiyyatçı kimi yetişməyim məni ayaqda saxladı dözdüm sonuna qədər. Təsdiq edib, boynuma qoya bilmədilər. Əllərində mənə atdıqları şərə dair ən kiçik bir dəlil yox idi. Və savadlı olmağım mənə çox kömək oldu.
- 10 ay həbsdə qalibsiz. Bəraət alıb həbsdən çıxdıqdan sonra psixoloji və sosial vəziyyətiniz necə oldu?
- Çox pis. Sağlamlığım yaxşı deyildi. Uzun müddət mənə heç yerdə iş vermədilər. Təzyiqlər davam etdi. Evdə oturduğum yerdə zəng gəlirdi polis idarəsinə çağırılırdım ki, sən dövlət əleyhinə çevriliş hazırlayırsan. İşsizlik, ailədə çətin vəziyyət, 4 körpə ilə kirayədə çətin günlər yaşadım. Amma ən ağırı üstümdəki “vətən xaini” ləkəsi ilə gəzmək idi. Uzun müddətdən sonra türk iş adamı mənim günahsız olduğuma inandı və mənə iş verdi.
- Polad Həşimovla çox yaxın münasibətləriniz olub. Onun şəhid xəbərini eşidəndə hansı hissləri keçirtdiniz?
-Bəli, Polad Həşimovla bizim çox yaxşı münasibətlərimiz olub. Mən həbsdən çıxanda dostlarıma dedim ki, Aprel döyüşlərindən sonra orduda iki qəhrəman qalıb. Biri İlqar Mirzəyevdir, biri də Polad Haşımov. Onlara bir şey olsa çıxıb gedəcəm bu ölkədən. Allah şahidimdir. 2020-ci ilin iyulunda döyüş baş verəndə mən ailəmlə Şəkidə ata yurdumda idim. Polad Həşimovla İlqar Mirzəyevin şəhid olduğunu eşidəndə 3 gün bir otağa qapandım. Çox götür-qoy etdim. Ölkəni tərk etmək istəyirdim artıq. Çətinliyim də yox idi. Bilirdim ki, hara getsəm ac qalmayacam. İdmançıyam, ingilis dilini bilirəm. Hara getsəm iş tapacam. Amma vətən, torpaq sevgim qərarımdan daşındırdı məni. Dayılarım hərbçi olub, anam uzun illər hərbi məktəbdə tarix fənnindən dərs deyib. Bizim ailəmizin vətən anlayışı tam fərqlidir. Qərara gəldim ki, qalmaq və mübarizə aparmaq lazımdır.
- 44 günlük müharibəyə nə zamandan qoşuldunuz?
-Sentyabrın 27-də müharibə başlayanda mən artıq Bakıda idim. Müharibə başlayanda tez telefonumda nömrəsi olan kəşfiyyatçı dostlarımın nömrəsini yığmağa başladım. 60 nömrənin demək olar ki, 40-na zəng çatmadı. Dedilər həlak olublar. Birinci korpusda Bərdə istiqamətində həlak olmuşdu hamısı. O qədər kəşfiyyatçının döyüşdə həlak olması əlbəttə ki, bir ordu üçün yaxşı hal deyildi.
“Kəşfiyyatçı döyüşdə ölmür” sözünü elə-belə deməyiblər. Baxmayaraq ki, ölümə gedirlər, amma ölmürlər. Bunu dəfələrlə yaşamışam və görmüşəm. Məsələn, bayaq danışdığım Aprel döyüşlərində ən öndə mən olmuşam, amma şəhid verməmişəm komandir kimi. Müharibə başladı və mən iki dəfə könüllü yazıldım . Heç bir xəbər çıxmadı. Özüm bir də zəng vurdum. Kimliyimi biləndən sonra dedilər ki, sənə ehtiyac yoxdu. Mən də onlara dedim ki, körpə balaları aparıb qırmayın yazıqdılar. Bu işin yiyəsi mənəm. Buraxın gedim döyüşüm. Məni oktyabr ayına kimi yaxın buraxmadılar. Eşidəndə ki, cənab Prezident Nəcməddin Sadıqovu və onun kadrlarını döyüşdən kənarlaşdırıb. İçimdə bir ümid yarandı ki, artıq məni döyüşə buraxacaqlar. Oktyabr ayının artıq 10-11 mən hazırlığımı gördüm. Qızğın döyüşlər gedir və irəliləyiş də var. Təkcə birinci korpusdan heç nə yoxdu. Bircə onu bilirdim ki, oralarda vəziyyət yaxşı deyil. Suqovuşan kəndini almışdılar həmin ərəfədə. Amma di gəl ki, 700-dən çox şəhid verilib. Bu çox böyük bir say idi. Mən o saat anladım ki, orda heç nə yolunda getmir. Azərbaycan övladının qanını tökməklə rütbə alanlar xalqa, dövlətə düşməndir. Oktyabrın 16-da mənə zəng gəldi və döyüşə yola düşdüm. Məni 1-ci Ordu Korpusuna göndərmək istəsələr də, mən o korpusa getməkdən imtina etdim. Dedim məni 2-ci Ordu Korpusuna göndərin. Bunu deyəndə telefondakı dedi axı sən oraları tanımırsan. Cavab verdim ki, tapşırıq hücum deyil? Dedi hə. Dedim mən Tərtərdən də qabağa getsəm oranı tanımıram, Füzulidən də getsəm birinci dəfə görəcəm. Fərqi nədir ki? Mənə cavab verə bilmədi. Razılaşdılar və Füzuli istiqamətində Kəşfiyyat bölük komandiri kimi döyüşlərə qatıldım. Sırf o istiqamətə çatanda mən üçüncü bölük komandiri idim. Mənə qədər iki zabit, iki komandir kəşfiyyat rəisləri şəhid olmuşdu. Ağır döyüşlər gedib, söz yox nəticə də var idi: kəndlər, rayonlar alınmışdı. Amma yenə də itki çox idi. Bir bunkerə görə altı dəfə hücum olub, nə qədər oğulların canı gedib hələ bunker qalıb orda. Biz də gözləyirik ki, bunkeri nə vaxt götürəcəyik. Bu nədən irəli gəlir? Komandirin səhv qərarı, səhv hücumları. Ortada da olan odur ki, qazilərin, şəhidlərin sayı artır. Nə qədər kəşfiyyatçımız həlak oldu neytral zonada qaldı, nəşlərini götürə bilmədik günlərlə. Halbuki bir bunkerə görə bu qədər vaxt və canlı qüvvə itirməyə dəyməzdi. Çünki ora çox zirehli yer idi. Hətta aviasiya da vurdu dağılmadı. Sağından-solundan ötüb hücuma davam etmək lazım idi. O hücumun qabağında erməni bunkerdən çıxıb döyüşməyə cürət edə bilməyəcəkdi. Axırda ağ bayraq qaldırıb təslim olacaqdı. Nəhayət, sonuncu 7-ci addım qəşəng addım oldu, axır ki, bunkeri götürdük. Bununla da Füzuli rayonu işğaldan azad olundu. Gecə ilə bizə əmr gəldi Hadrut istiqamətinə verdilər bizi. Hadrut istiqamətində tabeçiliyim verildi Tehran Mənsimova. Bir həftəyə kimi onun tabeçiliyində döyüşdüm. ..
-Bu müharibə dövründə ən ağır əməliyyatınız hansı istiqamətdə olub?
- Şuşa istiqamətində. Biz Topxana meşəsi deyilən yerdə kalon şəkilində düşmənin artilleriya pusqusuna düşdük. Birinci və axırıncı maşını vurdular və 30-dan çox maşın, 500-ə yaxın şəxsi heyət qaldıq ortada. Təsəvvür edin, nə dala qayıda bilirik, nə irəli gedə bilirik. O anda beş-altı polkovnikin içərisindən Tehran qışqırdı ki, şəxsi heyət düşür enişə. Düşmən bizim sağımızda idi enişə düşməsəydik bizi vuracaqdılar. Həqiqətən də şəxsi heyət enişə düşəndə artilleriya başladı maşınları vurmağa. Hətta düşmən atdığı mərmilərdən biri gəlib bizim qradımıza düşdü qradın üzü çöndü və başladı özümüzə mərmi yağdırmağa. Amma hər şey polkovnikin doğru qərarından asılıdır. Komandir düzgün qərar verdi ki, şəxsi heyət piyada bu yerdən uzaqlaşmalıdır. Sonra bir-bir sürücülər gəlib maşınları çıxarda biləcəkdi. Elə də oldu. Piyada çıxdıq o yerdən və heç bir şəhid vermədik. Düşmən kalonu tutub, amma bilmir ki, şəxsi heyət enişlə çıxıb ordan. Biz o istiqamətdə Tuğa gəldik. Orda da üç gün çətin yerdə yüksəkliyi tutub saxlamalı idik və biz bunu bacardıq. O yüksəkliyi tutub saxladıq. Çox böyük düşmən əks hücumlarına məruz qaldıq. Şükür Allaha ora qədər hər şey yaxşı idi, şəhid verməmişdik. Qarşımızda Daşaltı dururdu. Daşaltını ilk dəfə görəcəkdim. Əhəmiyyətli starateji kənd idi. Bilirdim ki, bizi hansı çətinlik gözləyir. Qolumda hərbi saat var idi. O saatla özüm üçün təsadüfən kəndin kompasla dərəcəsini çıxartmışdım. Bizə də deyilmişdi ki, kənd boşdur öz qüvvələrimiz sizi orda gözləyir. Amma kəndə girəndə düşdük pusquya və orda qayalıqlarda çox şəhid verdik. Qızğın döyüşlər getdi. Çıxartdığım dərəcə mənə yaralıları ordan çıxartmaqda çox kömək oldu. Mən yol ilə qayıda bilmirdim çünki vuracaqdılar məni. Meşəyə girməli idim. Meşə də qaranlıq olurdu sırf o tərs bucaqda geri qayıtmalı idim. Amma şükürlər olsun ki, yaralıları hardan gəlmişdim ora çatdıra bildim.
- Müharibə sözsüz ki, bəşəriyyətin ən dəhşətli hadisələrindəndir. Komandir üçün müharibədə ən dəhşətli stiuasiya nədir?
- Təsəvvür edə bilməyəcəyiniz qədər çətin və dəhşətlidir müharibə. Ağır yaralı olduğu halda əsgərə sakit olmağı əmr etmək. Bu çox çətin bir stiuasiyadır. Təsəvvür edin əsgərin əzaları yoxdu, onun ağrısını siz öz canınızda hiss edə bilirsiniz, amma onu susdurmaq məcburiyyətindəsiniz. Yaralı əsgərlər dəhşətli ağrılarına rəğmən səslərini çıxarmamalı idi. Çünki düşmənin harda gizləndiyini, hardan çıxa biləcəyini təxmin etmək çətin idi. Biz o yerlərə nabələd idik. Orxan adında bir Qazimiz var. İndi tez-tez işıqlandırırlar onu. Artilleriyanın zərbəsindən gözləri çıxmışdı. Mənim yanımda yaralandı. Yanımda sanitar ləvazimatlar da yox idi. Elə bir vəziyyət yaranıb ki, mən onu ordan çıxartmalıyam. Çıxartmışam, amma əlim sanitara çatmır. Başımdan çeçenka papağı çıxardıb Orxanın gözlərinə sıxmışam. Hələ dalda nə qədər yaralı var. Birinin çənəsi dağılıb, mərmi birinin qolunu aparıb, birinin ayağını. Mən bunların hamısını ordan çıxartmalıyam. 3 gündü də elə bir yorğunçuluqdu ki təsəvir edə bilmirəm sizə o yorğunluğu. Su da tapmırıq içməyə. Dodaqlarımız, ağzımızda dilimiz çatlayıb susuzluqdan. Yarpaqlardan yaralılara şeh içirdə-içirdə aparırıdım. Orxanın da övladı olacaqdı. Tez-tez deyirdi ki, komandir, mən balamı görə bilməyəcəm. Qulağına dedim mən sənə söz verirəm sən balanı qoxlayacaqsan. Bircə sakit dur. Mən onu gətirib tibbi maşına mindirdim. Orxanı təhvil verib yenidən qayıtdım bölüyün olduğu yerə. Artıq biz Daşaltının üst hissəsini, sağ cinahını götürdük.
- Döyüş meydanında tez-tez xatırladığınız hadisə varmı?
- Çoxdu unudulmayan anlar. Amma bir şey heç vaxt yadımdan çıxmayacaq. Noyabrın 4-ü mənim ad günüm idi. O ad günümü heç vaxt yadımdan çıxara bilməyəcəm. Həmin gün biz o qayalıqlarda nə qədər üşümüşüdük. Döyüşə gedəndə istər-istəməz yüngül geyimdə olursan. Nazik geyinirsən ki, qaçanda, manevrlər edəndə ağırlıq olmasın. Amma özümüzlə götürürdük qalın geyim. Çantamız qalmışdı arxada. Səhərə qədər bütün şəxsi heyət o qayalıqda titrədik. Hərəkət də edə bilmirdik ki, heç olmasa bir az isinək. Düşmən gecə vaxtı işıq verirdi ki, yerimizi öyrənsin. Dərhal komanda verirdim ki, tərpənməyin. Yerimizdən tərpənməyəndə texnika təxmin edə bilmirdi ki, bu daşdı yoxsa adam. Amma bizdəki texnika tam fərqli idi. Daha güclü idi. Canda istiliyə qədər bilirdi. Əgər onlarda da bizdəki kimi güclü olsaydı texnika biz o meşəlikdən salamat çıxa bilməzdik, qırardılar bizi.
- Daşaltı istiqamətində o vəziyyətdə nə qədər qaldınız?
- Daşaltı istiqamətində hava sutkanın bir çox vaxtı dumanlı olurdu. Dumanlı havada piyada döyüşçünün hərəkəti daha rahatdı. Pis cəhəti odur ki, Harop, Bayraktar dumanlı havada işləyə bilmir ki, sənin qarşındakı zirehlini dağıtsın rahat gedib o mövqeyi götürəsən. Biz o vəziyyətdə bir sutka qaldıq. Noyabrın 5-də artıq hücum oldu və biz bölüklə birlikdə ilk dəfə kəndə daxil olduq. Kəndə girəndə 21 nəfər idik. Ora qədər kəşfiyyat bölüyü şəhid ola-ola qurtarmışdı. Kəndə girdik. Tam axtarış etmirdik. Evlərə girmirdik. Çünki bilirdim ki, bu evlərdə erməni varsa da artıq özü çıxıb təslim olardı. Kəndin çıxacağında qarşımıza bulaq çıxdı. Suyu görəndə hamımızın gözünə işıq gəldi. Tapşırığa əsasən də bizi artıq yuxarıda 052 gözləyir ,mən onlara yaxınlaşıb birləşməliyəm. Əlimlə işarə etdim ki, mühafizəni tutub iki-iki içib çıxırıq. Hamı koma şəkildə bulağın başına yığışa bilmərik. Elə də etdik. Birinci iki əsgər gedib su içib qayıdanda bizi atəşə tutdular. Güllə yağmağa başladı. Məndən də 300 metr yuxarıda Şuşa yoludu mən o yolu tutmalıyam. Qarşımızda 6 aşırım var. Birini qalxdıq. İkinci aşırımı qalxanda yuxarıdakı əsgər qışqırdı ki, komandir bunlara bax silahı atıb qaçıblar. Baxdım ki, hamısı iriçaplı silahlardır. Amma silahlar səliqə ilə düzülüb. Atılıb qaçılmışa oxşamır. Anladım ki, düşmən özü üçün təyin edib hər şeyi. Bu nöqtəni keçdiksə deməli, ölü nöqtəyə keçirik və bizi rahatlıqla öldürə bilərlər. Əraziyə baxdım. Yoldan arx keçirdi. Qarşıda da meşə var idi. Bildim ki, kimdirsə meşədə olacaq. Gördüm meşədən ata bilər mənə. Anladım ki, tələdəyik. Elə bu an istədim qışqıram ki, solu tut bir anda başımıza güllə qar kimi yağdı. Elə birinci atışda uşaqların neçəsini götürdü. Dala-dala süründüm. Bir yanda da qışqırıram ki, arxa gir. Arxa girəndə düz başımın yanında güllə açıldı. Allaha yalvarırdım ki, bircə güllə başıma dəyməsin. Əlimə, ayağıma dəysə sürünüb çıxacam. Amma başıma dəysə öləcəm. Şəxsi heyəti görünməz nöqtəyə salmalıyam. Qışqıqıram ki, dala sürününün. Mən çıxdım, amma baxdım ki, qabağıma heç kim gəlmir. O anda bildim ki, hamısı qırılıb. Mən ölü sahəni keçmişəm. Arxamda əsgərlər vardı. Dedim bu yoldan çıxmayacağıq. Məni bulaqda görürsə, deməli, hər yerdə görür. Çünki atəş məni ancaq döngələrdə tutur. Başa saldım ki, burdan qayalıqdan qəfil keçəcəyik. Daşaltıda girişdəki stiuasiya oldu. Girişdə də artilleriya arxanı bağladı. Minamiyotlar arxa nöqtəni vurmağa başladı ki, çıxa bilməyək. Ayağa durdum ki, çıxam minamyot düz böyrümə düşdü tulladı məni qayalıqdan aşağı. Axıra kimi dığırlanıb düşdüm qayalığın dibinə. İstədim durum gördüm dura bilmirəm. Ayağım zədələnmişdi. Başımı yuxarı qaldırdım ki, görüm uşaqlardan kim gəlir. Səs gəlmədi elə bildim bunlara da nə isə olub mən tək qalmışam. Sonra gördüm iki nəfər dığırlanıb gəldi. Dedilər meşədən çıxıb sep şəkilində üstümüzə gəlirlər. Qismətdən əsgərin birində balaca rabitə var idi. Yoxladım gördüm danışıq var. Artilleriyaya dedim ki, yolun solunu vur. Mənə sual verdi ki, yerini de. Bilmirəm ki hardayam o an yer fikirləşəcək hayda deyildim. Birtəhər başa saldım. Sağ olsun, dərhal da cavab oldu, vurdular dediyim yeri. Bu iki əsgər qoluma girib məni ordan çıxartdılar.
- Yaralı və silahsız vəziyyətdə hara getdiniz?
-Daşaltının sol tərəfində qayalıqda bir erməni qəbristanlığı var idi. Fikirləşdim ki, nə qədər də olmasa düşmən öz ölüsünə hörmət edər qəbristanlığı vurmaz. Bəlkə orda sağ qalaq. Gəldik qəbristanlığa çıxdıq iki gün orda qaldıq. Yaralı idim. Dizim oynaqdan aralanmışdı, belim də ciddi zərdələnmişdi. Düzdü, dizimi bağlamışdım bir az hərəkət edə bilirdim. Amma belimin zədəsi ciddi idi. Ağrıdan hərəkət edə bilmirdim. Bu an arxamdan Tehran Mənsimov gəlirdi. Məndən sonra o, pusquya düşdü. Onun pusqudan çıxması çox çəkdi. Təxminən 5 saat çıxa bilmədi. Amma onu da deyim ki, Tehranın düşdüyü pusquya mən düşsəydim çoxdan ölərdim. Onu iki tərəfli tələyə salmışdılar. Mən düşdüyüm pusquda bəxtim gətirdi ki, qayalığa hələ erməni gəlib çıxa bilməmişdi. Tehranı iki tərəfli sıxmışdılar.
- Müharibə bitdi, qələbə qazandıq. Bu qələbədə sizin də payınızın olmasına baxmayaraq hələ də sizə qarşı təzyiqlər olduğunu iddia edirsiniz.
- Bəli. Bu gün “Tərtər işi” ilə bağlı açıqladığım həqiqətlərə görə həyatım təhlükədədir. Prezidentimiz həqiqəti bilməlidir. Mən nə müxalifətçiyəm, nə hansısa partiyanın üzviyəm, nə dövlətə qarşı olan bir insanam. Mən bu dövlət üçün, xalq üçün yaşamışam özümü dərk edəndən. 17 il qüsursuz xidmət etmişəm bu dövlətə. Bu həqiqətləri bir şəkildə çatdırmalıyam xalqıma, cənab Prezidentə. Biz hərbçi kimi and içəndə nə deyib and içirik? Bu xalqa, dövlətə ömür boyu şərəflə xidmət edib onu qoruyacağıq. Mən öz vətəndaşıma, dövlətimə sadiqəm. Ölkə başçısından xahiş edirəm bu cinayətkarları araşdırsın. Azərbaycan ordusunu, əsgərini, zabitini təhqir edən, alçaldan, şərləyən, ləkələyən qüvvələr cəzalandırılsın.
Paylaş: