reklam
Regionxeberlericom.az » Araşdırma » Tərtər işinin “dəmir Feliks”i– Kimdir?

reklam

Tərtər işinin “dəmir Feliks”i– Kimdir?
















Uzun zamandan bəri mediada, sosial şəbəkələrdə söhbəti, lap açıq desək, davası gedən “Tərtər işi”nin baş prokuror tərəfindən xüsusi nəzarətə götürülməsi qaranlıq səmada çaxan şimşək kimi oldu. Bir an yer-göy işıqlandı və bu düyünün çözülməsinə aparan izlər göründü, yaralı ürəklərə ümid qığılcımı düşdü.

İndi bu davanın arxasında olan, müdhiş cinayətin müəlliflərinin cəzalanmasını tələb edənlər bir xeyli xatircəmdirlər: böyük ehtimalla aparılan təhqiqat nəticəsində “işgəncə uzmanları”nın yaxası əldə qalacaq.

Düzdür, bu cinayətdə rolu olan bütün şəxslərin birbəbir, sonuncu nəfərinə qədər cəzalandırılacağını gözləmək olmaz, güman ki, həmişə olduğu kimi, yenə əlaqələrindən, hamilərindən yararlanaraq, sudan quru çıxmağa çalışanlar və buna nail olanlar tapılacaq, amma cinayətin özünün mühakimə olunacağı, gerçəklərin ortaya çıxacağı qaçılmazdır.

Bu, Azərbaycanın ən yeni tarixinin ağ da yox, tam qara ləkəsidir. Bunu edənlər ölkəyə, millətə, vətənə, orduya böyük zərbə vurub, sui-qəsdə imza atıblar və indi cavab anı yetişib.

4 il əvvəl ordu daxilində gedən “kim kimi” mübarizəsinin müvəqqəti qalibləri – peşəkar kadrları işgəncəylə öldürən, yüz cür əzab verən, ordudan uzaqlaşmalarına bais olaraq, müvəqqəti qələbə qazananlar bu gün batan gəmini tərk etməyə çalışan siçovulların gününə düşüblər: bəziləri içəridədir, bəziləri vəzifədən götürülüb, bəzilərinin isə salınacaqları hücrələrin qapısı cırıldaya-cırıldaya gözləyir.

4 il öncə ictimaiyyət tam məxfi şəkildə aparılan “özbaşına cəzalandırma” əməliyyatlarından yalnız bəzi zərərçəkən ailələrin qorxmadan sosial şəbəkələrə məlumat ötürməsi nəticəsində xəbər tuturdu. Rəsmi qaydada heç kəsdən heç bir informasiya almaq mümkün deyildi. Cəlladlar öz işlərini peşəkarcasına görürdülər, xəbər sızdırmırdılar və hər yerdə dövlətin adından istifadə edirdilər, guya ki, ordu daxilində təmizləmə işləri aparılır və bu, dövlət sirridir.

İndi ortaya çıxır ki, ordu daxilində düşmənə işləyənlərin ortaya çıxarılması üçün həyata keçirilən tədbirlərdə olduqca qəddar və qanunsuz üsullardan istifadə edilib: günahsız adamlara işgəncə verilib və onlardan bəziləri ya qəsdən öldürülüb, ya da onlar işgəncəyə dözməyərək ölüblər. Hələ ölənlərin dəqiq sayı da mübahisə predmetdir, səhihliyi ilə bilinmir.

Sovet tarixi barədə hərtərəfli məlumatları olanlar bilir, belə qanunsuz üsullar bolşeviklərin hakimiyyətə yeni gəldikləri vaxtda çox dəb olub və düz 20 il boyunca şiddətli şəkildə davam edib.

Fövqəladə Komissiya (ruscada – Çrezvıçaynaya Komissiya - ÇK) adlanın xüsusi dövlət qurumuna rəhbərlik edən Feliks Edmundoviç Dzerjinski çox vaxt “proletariatın dahi rəhbəri” Leninin göstərişi olmadan belə yüz minlərlə inzana işgəncə verdirib və güllələtdirib. FK qısa müddətdə “dövlət içində dövlət”ə çevrilib, Dzerjinski Trotski, Stalin, Sverdlov kimi inqilab rəhbərləri ilə hesablaşmadan önünə keçəni qırıb-çatıb. Onun qurbanları arasında hərbçilər də olub, digər partiyaların üzvləri də, keşişlər də, müəllimlər də, tələbələr də, kəndlilər də, fəhlələr də.

Heç bir günahı olmayan yüz minlərlə günahsız insana qarşı olduqca müdhiş terror kampaniyası həyata keçirilib, onlardan lazımi ifadə almaq üçün orta əsrlərdən bəri mövcud olan bütün işgəncə üsullarından yararlanıblar. “Dəmir Feliks” ləqəbi qazanmış Dzerjinski çox zaman saxlanılanları özü dindirir, özü də cəzalandırırmış. Heç bir dünyəvi həzzi qəbul etməyən və zahidanə həyat tərzi keçirən, hətta Lubyankadakı kabinetində pərdənin arxasında çarpayı qoyub işdə yatıb-duran bu fanatik və qaniçən adamın yeganə hobbisi adam öldürmək olub.

Roman Qulun Dzerjinski barədə yazdığı kitabda belə bir epizod var. Bolşeviklərin keçirdiyi iclasda müzakirə zamanı çıxış edənlərə mane olmaq istəməyən Lenin Dzerjinskiyə kağız yazıb ötürür: “Türmələrdə nə qədər əks-inqilabçı var?”. Dzerjinski sualın altına “1500 civarında” qeydi yazaraq Leninə qaytarır. Lenindən qayıdan kağızda “1500” rəqəmin qarşısında belə bir işarə olur: X.
Dzerjinski yerindən sakitcə qalxır, hiss edilmədən iclasdan çıxır. Həmin axşam məlum olur ki, artıq türmələrdə əks-inqilabçı yoxdur, hamısı gülləlnib. Ertəsi gün isə aydın olur ki, Lenin X işarəsi qoyarkən heç də əks-inqilabçıların qətlinə fərman verməyibmiş, eləcə, “yazdığını gördüm”, indiki terminlərlə desək, OK qeydi edibmiş. Amma heç nədən 1500 adam güllələnib – sorğu-sualsız, məhkəməsiz.

Tərtərdə də hansısa təqsirləri olub-olmamasından asılı olmayaraq hərbçilər məhkəməsiz, amma elə sorğu-sual zamanı öldürülüblər. Həm də Dzerjinskinin amansız özbaşınalığından 100 il sonra. “Tərtər işi”nin “dəmir Feliks”i isə heç də zahidanə həyat tərzi keçirən, dünya malında gözü olmayanlar deyil. Bu işdə adları çəkilənlərin hamısı böyük varidata malikdir, özlərini heç bir ləzzətdən məhrum etməyiblər, heç də haqq-ədalət keşikçisi, fanatik dövlətçi-filan da deyillər. Bu adamların sadəcə bir marağı olub: rəqib hesab etdikləri hərbçiləri sıradan çıxarmaq, öz satqınlıqlarını pərdələmək, öz cinayətlərini gizlətmək.

Həqiqəti ortaya çıxarmaq istəyənlər belə etməzdilər. Bundan ötrü çox effektiv və qanuni yollar var. Onlar bu cinayəti bilə-bilə törədiblər.

İndi aparılan təhqiqat işləri peşəkar hərbçilərə qarşı işgəncə cinayəti törədən “dəmir Feliks”in kimliyini ortaya çıxarmalı və məhkum etməlidir.

Bu cinayətdə hər hansı bir rolu olanların hamısını qoluqandallı şəkildə görsək, o zaman dövlətin ədalətinə inam çox yüksələcək.

Xalid Kazımlı
musavat.com




Paylaş:


Müəllif : Tarix:
19-12-2021, 13:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər