reklam
Regionxeberlericom.az » Araşdırma » Təhsil niyə düzəlmir? - Əmrullayev nədən başlamalıdır? - Nazirə təkliflər

reklam

Təhsil niyə düzəlmir? - Əmrullayev nədən başlamalıdır? - Nazirə təkliflər



















Təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində islahatların həyata keçirilməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır. Təhsilimizin müxtəlif sahələri ilə bağlı narazılıqlar tez-tez içtimailəşir, bəzən hətta böyük qalmaqala çevrilir.


Təhsil naziri Emin Əmrullayev ilk növbədə hansı çatışmazlıqları aradan qaldırmalıdır, problemlər əsasən hansı sahələrdədir? Onların aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?



Tanınmış təhsil ekspertləri təhsil sahəsindəki problemlər və onların həlli yolları barədə Bakupost.az -a fikirlərini bildirib, təkliflərlə çıxış ediblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov təklif edir ki, strateji baxımdan öncə təhsilin məzmununa diqqət yetirilməlidir.

Professorun sözlərinə görə, təhsilin məzmunu tədris proqramları ilə tənzimlənır. Proqramlar elə tərtib edilə bilər ki, təhsilalan sonda ya ateist, ya dindar, ya vətənpərvər, ya da kosmopolit olar. Bu səbəbdən də təhsilin məzmun, təhsil prosesinin əsas mərkəzi hesab edilir. Təhsilin məzmunu elə olmalıdır ki, şagirdlər şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar. Biz kamil insan yetişdirməliyik: “Yalan danışmaq, tamahkarlıq, paxıllıq, yekəxanlıq, tənbəllik və s. kimi davranış növlərinin günah olduğunu gənclər orta məktəbdə öyrənməlidirlər. Təhsilin məzmununda Tarix fənni böyük əhəmiyyət kəsb edir. Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları oxunmaz, öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərk etmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir. Belə tarix kitabını dövlət başçısının və ya vitse-prezidentin rəhbərlik etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən yazmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir və tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir”.

Professorun sözlərinə görə, taktiki baxımdan məktəbi idarə edənlərin, yəni məktəb direktorlarının düzgün seçilməsi çox vacib şərtlərdən biridir: “Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları, özünü məktəb işinə qurban verənlərin içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaqa sahibi olmalıdır ki, məktəb müqəddəs yerə çevrilsin”.

Ş.Əsgərov bildirib ki, təhsil milli və mənəvi dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Təhsil keçmiş nəsillərin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq, həm də ötən illərdə buraxılan səhvləri təkrar etməmək missiyası daşıyır: “Ən önəmlisi isə təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır. Birinci təhsil sonra iqtisadiyyat gəlməlidir. Belə olan halda təhsil bizi xoşbəxt gələcəyə aparar. İstər öyrəncinin, istərsə də sinifin biliyini ölçmək üçün yeni, dəqiq meyarlar lazımdır. Biliyin qiymətləndirilməsinin xətti şkalası tələbatı ödəmir. Sinifin potensialına nəzarət və müəllimin fərdi fəaliyyətinin monitorinqi üçün yeni meyara ehtiyac var”.



Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Təhsil haqqında Qanunda da qeyd edildiyi kimi, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Ötən illər ərzində təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar bu sahənin prioritet olduğunu bir daha göstərdi. Təhsil sahəsində son on ilin ən mühüm hadisələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, habelə bir sıra mühüm qanun və qərarların qəbul edilməsidir. Strategiyanın qəbulu hər şeydən əvvəl təhsilin mövcud durumuna nəzər salmağa imkanı verdi: “Bu mühüm sənəddəki təhlillər göstərdi ki, təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməyib. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Bütün bunlar nəzərə alınaraq, təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkildi. Düzdür, Strategiyanın qəbul edilməsindən keçən müddət ərzində nəzərdə tutulan hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb. Hər şeydən əvvəl əsaslı tikinti, təmir, təchizat, bununla bağlı digər infrastrukturlar yaradılıb və daha da təkmilləşdirilib. Təhsil məzmun və formaca yenilənib, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir. Təhsilin təkmilləşdirilməsi istiqamətində “Təhsil haqqında” Qanununa müvafiq dəyişikliklər edilib, bu məqsədlə yeni sahəvi qanunlar qəbul olunub və s. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilməsi barədə” sərəncamı ilə Təhsil Nazirliyinin regional idarələri yaradıldı. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildi ki, bu da şübhəsiz ki, təhsilin idarərtemə problemlərinin həllinə təsirsiz ötüşməyəcək. Prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" sərəncamı isə təhsil işçilərinin maddi.cəhətdən stimullaşdırılmasına növbəti töhfədir”.

Ekspert qeyd edib ki, bununla belə təhsil sahəsində həllini gözləyən problem xarakterli bir sıra məsələlər hələ də qalmaqdadır ki, bunların da yoluna qoyulmasının müəyyən zamana ehtiyacı var. Təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə tam əhatəsinin təmin edilməsi, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmiş və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların yeniləşdirilməsi, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi, təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi və bu kimi digər məsələlər yəqin ki, yaxın perspektiv üçün gündəm olacaq: “Şagirdlərin dərs yükünün ağırlığı, məktəb-valideyn münasibətlərində olan soyuqluq, repetitorluğa qeyri-rəsmi fəaliyyət sahəsi, kölgə təhsilinin atributu kimi baxılması, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunması, müəllimlərin və məktəb direktorlarının işə qəbulu imtahanının məzmununda dəyişiklik edilməsi, müəllimlərin dərs yükünün qanunvericilik əsasında tənzimlənməsi, diplomu dövlət nümunəli olmayan müəllimlərlə bağlı süründürməçiliyə son qoyulması və bir çox bu kimi narahatçılıq və narazılıq doğuran məsələlərin həlli də gözləniləndir”.


N.İsrafilov vurğulayıb ki, ən başlıcası kadrlar nə qədər düzgün seçilib yerləşdiriləsə, problemlər də bir o qədər az olar.



Təhsil ekspert Elçin Əfəndi isə təklif edib ki, Təhsil Nazirliyi tərəfindən məktəblərə direktor seçimi prosesinə şəffaf yanaşılmalıdır. Ümumtəhsil müəssisələrində çalışan pedaqoji heyyətin tam tərkibdə eyni ixtisasa sahib olmasına diqqət yetirilməlidir. Yəni müəllimlər ixtisasları üzrə tədrisə cəlb olunmalıdır. Coğrafiya müəllimi məktəb psixoloqu işləməməlidir. Ekspert bildirib ki, dərslik sahəsində də ciddi islahatların aparılmasına ehtiyac var: “Hazırda dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər var. Təəssüf ki, yeni təhsil sisteminə keçiddən sonra qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdı. Amma indi demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat öz əksini tapır. Məsələn, şagird isim mövzusunu həm beş, həm altı, həm də yeddinci sinifdə öyrənir. Bu düzgün deyil. Halbuki əvvəlki dərsliklərdə bu yalnız bir sinif dərsliyində yer alırdı. Aşağı siniflərdə, xüsusilə də birinci siniflərdə şagirdlərin dərs yükü ağırlaşdırılıb, çətinləşdirilib. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa , repetitora yönəltməyə imkan yaradır. Biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Şagirdə lazım olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, ümumiyyətlə çətinlik qarşısında şagirdi üz-üzə qoymaq yolverilməzdir. Dərsliklərə bağlı ciddi və əməli tədbirlər görülməlidir. Buna doğurdan da cox böyük ehtiyac var. Dərsliklərin və tapşırıqların çətinləşdirilməsi şagirdlərin əlavə məşğələlərə, müəllim yanına getməsinə imkan yaradır. Əgər bu problem həll edilsə şagirdlərin də əlavə hazırlıga, repetitor yanına getməsinə ehtiyac qalmaz”.



Paylaş:


Müəllif : Tarix:
7-01-2022, 14:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər