reklam
Regionxeberlericom.az » Araşdırma » “İcra başçısı mənim əleyhimə müəyyən tapşırıqlar verirdi” – keçmiş millət vəkili

reklam

“İcra başçısı mənim əleyhimə müəyyən tapşırıqlar verirdi” – keçmiş millət vəkili




















keçmiş millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin "Yeni Sabah"a müsahibəsini təqdim edir:

- Çingiz müəllim, başqaları deputat seçilməyəndə, yaxud vəzifədən gedəndə YAP-dan da gedir. Sizin timsalınızda bunun əksini müşahidə etdik. Deputat seçilməsəniz də YAP-ı seçdiniz. Bu paradoksu necə izah edə bilərsiniz?

- Əvvəla, qeyd edim ki, mənim də qatıldığım dairədə seçkinin nəticələri 2020-ci ilin fevral ayında MSK tərəfindən ləğv edildi. Mən dərhal mətbuata açıqlama verərək MSK-nın qərarına hörmətlə yanaşdığımı bildirdim. Təbii ki, heç bir vəzifə, heç bir status daimi deyil. Mən 10 il Milli Məclisin üzvü olmuşam və dairədə baş verən qanun pozuntuları mənimlə deyil, dairə seçki komissiyasının işiylə bağlı idi. Ümumi nəticələr ləğv olundu və mən də bununla razılaşdım.

Amma sualınızda həqiqət var ki, parlamentə 42-43 nəfər yeni adam gəldi və köhnə həmkarlarımın demək olar ki, böyük əksəriyyəti, bəlkə də hamısı dərhal yoxa çıxdı, onlar siyasətdən getdilər, mətbuatdan uzaqlaşdılar və bir küncə çəkilib öz şəxsi işləri ilə məşğul oldular. Mən isə əksinə. Doğrudur, o vaxt hələ İkinci Qarabağ savaşı başlamamışdı, amma belə hesab etdim ki, ölkədə və dünyada baş verən hadisələrə laqeyd qalmamaq üçün əvvəlki aktivliyimi saxlayım. Davamlı olaraq mətbuata, televiziyaya çıxdım.

27 sentyabrda hamımızın arzuladığımız Qarabağ savaşı başlayanda, yəni Ordumuz düşmənin təxribatını dəf etmək üçün hərəkətə keçəndə, daha aktiv oldum. Elə gün olurdu ki, 5 dəfə televiziya kanallarına çıxırdım. Müharibədən bir müddət sonra, yanvar ayında cənab Prezidentə məktubla müraciət etdim və YAP-a üzv qəbul olunmağımı xahiş etdim. Müsbət cavab alındıqdan sonra partiyaya üzvlüyüm qəbul olundu. Niyə YAP-a, daha doğrusu Prezidentə müraciət etdim? Çünki cənab Prezidentin 44 günlük savaşda göstərdiyi qətiyyət, Ali Baş Komandan kimi onun qətiyyətli mövqeyi, milli və dövlət maraqlarına xidmət edən dəyişməz siyasəti, ordunu idarə etmək qabiliyyəti və eyni zamanda, bu çətin günlərdə ordu ilə bərabər KİV-lə əlaqəsi, beynəlxalq təşkilatlara münasibəti və verdiyi çoxsaylı müsahibələr məni bir daha düşünməyə vadar etdi və belə qərara gəldim ki, belə bir şəxsin rəhbər olduğu partiyada təmsil olunum. Ona görə də müraciət etdim və bu qərarım cənab Prezidentin şəxsi bacarığı, qabiliyyəti, savadı, dünyagörüşü və siyasi liderliyi ilə bağlıdır.

Amma o dövrdə YAP-da islahatların keçiriləcəyi də qaçılmaz idi. Belə hesab edirdim ki, yaxın vaxtlarda islahatlar olacaq. 2021-ci ilin yanvar ayında ərizə ilə müraciət etdim və 2 ay sonra partiyanın qurultayı oldu və islahatlara start verildi. İndi görünən budur ki, islahatlar yerli təşkilatlarda da gedir və bu partiyanın sırf daxili işidir. Mən siravi bir üzv olaraq, partiyada təmsil olunuram və partiyanın müəyyən tədbirlərinə, eləcə də 20 Yanvarda şəhidlərimizin anım günündə YAP-ın Mərkəzi Qərargahı adından tədbirə dəvət olundum və yəqin ki, növbəti tədbirlərdə də olacağam. Amma hesab edirəm ki, o tədbirlərdə oldum-olmadım, orada deyilən fikirləri mətbuat vasitəsilə deyirəm, çatdırıram, eləcə də televiziyalarda səsləndirirəm.

Bir məsələni də qeyd edim ki, 2021-ci il üçün hazırladığım hesabatda - hansı ki, özüm üçün bir hesabat hazırladım - qeyd olunub ki, bir il ərzində təkcə televiziyalarda 130 dəfə qonaq olmuşam. Müxtəlif saytlara 700-dən çox açıqlama vermişəm. Ötən bir il ərzində təkcə “AzərTac” vasitəsilə 53 dəfə fikirlərim tirajlanıb. Əgər bugünkü fəaliyyətim dövlətimizin və Prezidentimizin siyasi xəttinin təbliğinə lazımdırsa, mən niyə çəkilməliyəm? Yaxud da bir hüquqşünas kimi hansısa bir məsələyə münasibət bildirməliyəmsə, niyə kənarda dayanmalıyam? Bu aktivliyimi davam etdirirəm və elə 2022-ci ilin əvvəlindən başlayaraq yenə də teleməkanlarda və mətbuatda hər gün müxtəlif mövzularda çıxışlarım olur. Bu gün təxminən 3 saytda fikirlərim yer alıb.

- Biz bunu müşahidə edirik. Siz mənim nəzərdə tutduğum növbəti suala qismən cavab verdiyinizə görə sualımın məzmununu bir az dəyişdirmək istəyirəm. Siz dediniz ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, xüsusilə də Azərbaycan Prezidentinin sərgilədiyi prisnipial mövqedən sonra YAP-a üzv olmağa qərar verdiniz. Əgər müharibə olmasaydı və Azərbaycan qalib gəlməsəydi YAP-a üzv olmayacaqdınız?

- Yəqin ki, yox. Mən cənab Prezidentin müharibə dövründə göstərdiyi bütün şücaətləri, qəhrəmanlıqları, fəallıqları, xalqına, millətinə bağlılığını gördükdən sonra belə hesab etdim ki, bu partiyanın üzvü olmalıyam. Onsuz da mən YAP-ın üzvü oldum-olmadım, həmişə dövlətimin və Prezidentimin yanındayam. Cənab Prezident 18 ildən artıqdır ki, ölkəyə rəhbərlik edir və bütün bu müddətdə mən onun siyasi kursuna sadiq olmuşam. Yəni rəsmən üzv olmasam da, mən qəlbən və daxilən Prezidentimizin siyasi kursuna sadiqəm. Eyni zamanda, müəyyən çatışmazlıqlar olanda öz sözümü deməyi bacarıram, ölkənin daxilində, müəyyən kadr islahlatlarında, müəyyən sahədəki boşluqlarda, insan hüquqları və azadlıqları ilə bağlı məsələlərdə fikrimi bildirirəm. İndi YAP üzvü olsam da yenə mövqeyim dəyişməyib, gördüyüm, haqlı bildiyim hər bir məsələ haqqında öz fikrimi bildirəcəm.

- Siz Xalq Hərəkatının öncüllərindən biri olmusunuz. Obrazlı desək, siyasətin qazanında bişmiş bir adamsınız. 30 illik siyasi təcrübəniz var. Necə fikirləşirsiniz, şəxsiyyətə və liderə görə siyasi partiyaya üzv olmaq doğrudurmu? Sizə elə gəlmir ki, siyasi partiyaya daha çox idealogiyaya görə üzv olmaq lazımdır?

- Əslində, bu belədir, amma bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nizamnaməsinə baxsan, hamısında oxşar fikirlərdir. Təxminən hamısı xalqa nəyisə vəd edir, oxşar terminlər və ifadələrdən sitifadə edirlər. Ona görə də hesab edirəm ki, yazılanlara deyil, rəhbərin göstərdiyi mövqeyə, partiyanın özünün apardığı hansısa bir siyasi xəttə görə qərar vermək lazımdır. Amma liderə münasibətdə çox şey dəyişir. Təbii ki, Azərbaycanda digər siyasi partiyalar da var. Mənə müavin postu təklif olunurdu. Hətta bəzi fəaliyyətsiz partiyaların nümayəndələri ilə də görüşmüşdüm. Və mənə sədr vəzifəsi təklif olunmuşdu. Hesab elədim ki, mən özüm hüquq müdafiəçisi kimi bir partiyayam və bu gün rəhbərlik etdiyim Demokratiya və İnsan Hüquqları Komitəsinin əksər üzvləri ziyalılardır. Təxminən 40-a yaxın adamıq və bəzi partiyalardan qat-qat çox və nüfuzluyuq. Digər partiyalara getmək fikrim yox idi, amma cənab Prezidentin partiyasında islahatların da qaçılmaz olduğunu gördükdə seçimimi etdim. Bu seçimdən peşman deyiləm.

- İlham Əliyev sabah könüllü şəkildə YAP-dan getsə, siz də gedəcəksiniz?

- Hesab edirəm ki, nə qədər YAP var, İlham Əlityev partiyanın sədri olaraq qalacaq. Amma İlham Əliyevdən başqa partiyanın rəhbər kadrları var, artıq mənim təmasda olduğum dostlar var, vəzifə tutan insanlar var. Nə qədər ki, xalq bu partiyanı seçib partiyaya üstünlük verir, partiya da qalacaq. Əgər nə vaxtsa partiyadan getsəm, yenə də bitərəf olaraq qalacam, başqa partiyanı seçməyəcəm.

- Niyə YAP-da sizə vəzifə vermirlər? Təcrübəniz azdır?

- Xeyr, təcrübəm az deyil, düşünürəm ki, YAP-da da müəyyən gəncləşdirmə siyasəti gedir, o baxımdan partiyadan nə hər hansı vəzifə ilə bağlı təklif almışam, nə də həvəsim var. Hazırda mən hüquq müdafiəçisi olaraq öz təşkilatımda insanları qəbul edib onlara hüquq və azadlıqlarını izah edirəm, müəyyən məsələlərdə yardım göstərirəm. Bu mənim üçün daha önəmlidir. YAP-da kadr məsələləri cənab Prezident və partiya aparatının rəhbərliyi tərəfindən tənzimlənir. Orda oturub hansısa məsələ ilə məşğul olmaqdansa, sərbəst şəkildə öz təşkilatımda insanlara fayda vermək daha önəmlidir, mən belə düşünürəm.

- Çingiz müəllim, 2020-ci ildə keçirilən parlament seçkilərində sizin qələbəniz niyə tanınmadı?

- Bilirsiniz, hazırda həbsdə olan icra başçısı Vilyam Hacıyev namizədliyim qeydə alındığı andan mənə problem yaratdı. Dairə seçki komissiyasına, məntəqə seçki komissiyalarına mənim əleyhimə müəyyən tapşırıqlar verirdi və mənim daha çox səs qazandığımı gördükdə məntəqələrlə əlaqəyə keçərək sənədlərin qaralanmasını tələb etdi. Buna görə bir çox məntəqədən sənədlər qaralamalarla gəldi, tərtibatda, yazılışda, rəqəmlərdə müəyyən dəyişikliklər vardı.

- Deməli, keçmiş icra başçısı sizin qələbənizə kölgə salıb?

- Birmənalı olaraq seçkini pozmağa çalışırdı.

- Qalib gəlmişdiniz?

- Bəli, gəlmişdim. Çünki mən 10 il o dairədə deputat olmuşdum. Əslində, bəzi dairələrdə millət vəkili seçilən insanlar təxminən 5 ildən sonra reytinqlərini itirməyə başlayırlar, çünki deputatların əlində kifayət qədər səlahiyyət yoxdur və hamı onlardan nəsə umur. Mən seçicilərlə ən çox təmasda olan biri idim. Hər il deputatlarla çoxsaylı görüşlərim olurdu və ilin sonunda da hesabat hazırlayırdım. Hər 5 ildən bir də hesabatlar hazırlanırdı. Kəndlərdə 300-ə yaxın görüşüm keçirilib, bu fərdi görüşlər, tədbir, yaxud açılışlar deyildi. Sırf kənd camaatı ilə görüşmək üçün təşkil olunmuşdu. Ona görə də mən seçicilərimdən səs almışdım, amma mane olan qüvvələr var idi, buna da nail oldular. Heç bir peşmanlığım yoxdur, bu günə min şükür, vacib deyil ki, kimsə daim vəzifədə olsun.

- Qalib gəldiyinizi deyirsiniz, amma MSK sizin qələbənizi tanımadı. Axı siz hüquq müdafiəçisisiniz, niyə öz hüquqlarınız uğrunda mübarizə aparmadınız?

- Açığı, seçkidə çox yorulmuşdum, əziyyət çəkdik, seçki çox gərgin keçdi. 26-27 namizəd var idi, hərəsi də bir hava çalır, bir problem yaradırdı, üstəgəl, rayon səviyyəsində də sənə problem yaradılırsa, bu, əziyyətlidir. Fikirləşdim ki, MSK belə qərar veribsə, məhkəməyə verməyə ehtiyac yoxdur. Allah işlərini avand eləsin, parlament fəaliyyət göstərir, bu da sizin gözünüzün qarşısındadır. Hesab edirdim ki, mənim bacarığım, savadım, dünyagörüşüm parlamentə lazımdır, amma məni parlament yox, xalq seçir. Müəyyən qüsurlara görə dairənin nəticələri ləğv olundu. Dairə hələ də boşdur, bilmək olmaz, ola bilər gələcəkdə bir də həmin dairədən namizədliyimi verim.

- Deyirsiniz ki, seçki sizi yormuşdu. Amma indi təkrar namizədlik anonsunu verdiniz. Yorğunluğunuz keçdimi?

- Mən bu günə kimi bitərəf idim və qərarı özüm qəbul edirdim. Hazırda əgər partiya üzvüyəmsə, bu qərarı partiya qəbul edəcək. Əgər Yeni Azərbaycan Partiyası məni parlamentdə görmək istəsə və hansı dairədən namizədliyimi verməyi məsləhət bilsə, təbii ki, razılaşacağam. Amma məsləhət bilməsələr, yenə də eybi yoxdur, mən öz fəaliyyətimdəyəm və ictimai-siyasi həyatda varam.

- Siz ictimai-siyasi həyatda, sosial şəbəkələrdə çox aktivsiniz. Yəqin ki, cəmiyyətin parlamentə münasibəti sizə bəllidir. Heç də hamı deputatları alqışlamır, mənzərə ürəkaçan deyil. Əgər deputatlar öyülməkdən daha çox söyülürsə, niyə o məkana can atırsınız?

- Siz fikir versəniz, ötən 10 ildə bəlkə də tək-tük deputatlardanam ki, siz jurnalistlər tərəfindən hər hansı bir tənqidə məruz qalmadım. Jurnalistlər üçün açıq millət vəkili idim. Ən yorğun anlarımda belə jurnalistin xətrinə dəyməmək üçün informasiyanı verirdim və şükür ki, normal imic qazandım. İndi parlamentin bəzi üzvləri səhvlər buraxırlar, danışıqlarını ölçüb-biçmədən deyirlər və ya gündəmdə qalmaq üçün söz xatirinə söz deyirlər. Bunlar lazım deyil, parlamentin üzvü ölkənin siyasi həyatında olan şəxslərdən, 125 nəfərdən biridir. Hər an bilməlidir ki, jurnalistin obyektinə tuş gələ bilər. Bu baxımdan deputat davranışı, danışığı, mədəniyyəti, tədbirlərdə olan məntiqli çıxışı ilə seçilməlidir. Çox təəssüflər olsun ki, bəziləri bunu edə bilmir. Çünki ola bilsin daxilən o qalibiyyət, savad yoxdur. Lakin bu artıq seçicinin işidir.

Konkret mənə gəldikdə, heab edirəm ki, parlament hakimiyyətin bir qoludur, mütləq olmalıdır. Orada ağıllı, intellektli, təfəkkürlü insanların sayı çox olmalıdır. Bugünkü parlamentdə də var. Parlamentin rəhbərliyi, müəyyən komitə sədrləri kifayət qədər təcrübəlidirlər və heç bir təzyiqə məruz qalmırlar. Lakin elələri var ki, ölçüb-biçilmədən danışır, başqalarından ədası, geyimi, maşını ilə fərqlənməyə çalışırlar, bu hallar yolverilməzdir.

Xalq səs veribsə, deputat özünü xalqın içində görməli, onların həyat, yaşayış şəraitinə uyğun davranmalıdır. Deputat ancaq savad və bacarığı ilə fərqlənə bilər.

- Seçicilərin deputatları cəzalandırmaq mexanizmi varmı?

- Bu fərdi qaydada mümkün deyil. Azərbaycan təcrübəsində belə bir mexanizm yoxdur. Əgər seçici deputatdan narazıdırsa, 5 il dözməlidir.


- Təkrar deputat seçiləcəyiniz təqdirdə, əliçıraqlı axtarılanlardan olmayacaqsız ki? Seçiiclər sizi istədikləri vaxt tapa biləcəklər?

- Mən kəndlərdə görüşlərim zamanı nömrəmi bütün seçicilərə verirəm. Çox əziyyət çəkirdim, bəzən səhər saat 6-da seçicim zəng vurudu ki, danam axşamdan gəlməyib. Yəni səhər 6,7,8-də zənglər olurdu. Bəzən oğurluq faktı ilə bağlı və ya xəstəsi olan kömək istəyirdi. Bu cür hadisələr olub. Əgər o adam mənə səs veribsə, mənim nömrəm onun üçün açıq olmalıdır.

- Danası evə gəlməyən seçiciyə necə kömək edirdiniz?

- Həmin şəxs üçün inək, dana var-dövlətdir, bahalı bir maşındır. Sanki onun çörək ağacıdır. Südünü içir, pendirini yeyir və s. Bu səbəbdən dananın itməsi ona ağır gəlir, haqqı var ki, onu axtarsın. Mən də ona kömək etməliyəm. Mən təbii ki, onun danasının tapılması üçün polisə müraciət edirdim, xahiş edirdim ki, araşdırmanı ciddiləşdirsinlər, tapsınlar. Bu cür kömək göstərirdim. Lakin seçici də bilməldir ki, səhər 6-da deputata zəng vurmaq olmaz. Bu o demək deyil ki, deputat da telefonu bağlamalıdır. Millət vəkillərinə tövsiyəm budur ki, mobil nömrələri seçiciləri üçün hər zaman açıq olsun. İki-üç nömrədən birini verir və o nömrə daima köməkçidə olur, bu düz deyil. Telefonlara cavab verməlidir. Bu oyuna giribsə, çalınan havaya oynamalıdır. Seçici hər zaman haqlıdır, ondan nə isə tələb edə bilər. Haqlı da olsa, haqsız da olsa, ona izah etməlisən ki, bu sualı mənə yox, digər yerə ünvanla.

- Seçici niyə səhər saat 6-da deputata zəng vurub danasının itdiyini deməlidir? Yəqin seçki vaxtı şirin vədlər vermisiniz və seçici də düşünür ki, itmiş dananı tapmaq deputatın boynunun borcudur. Niyə seçicilərə real vədlər vermirdiniz?

- Bizdə belədir. Seçici elə bilir ki, deputat hər şeyi etməlidir. Yol çəkməli, su çəkməli, xəstəsinə kömək etməlidir və s. Bu çox pis tendensiyadır. Əslində deputat qanunverici hakimiyyətdə onu təmsil etməli, seçicilərin hüquqlarını, haqlarını qoruya biləcək, iqtisadi uğurlar gətirəcək qanunların qəbulunda iştirak etməlidir. Bizdə tərsinədir. Bilirsiniz, səbəb nədir? 10-15 il əvvəlki seçkilərdə iş adamları başladılar yol çəkməyə, su çəkməyə, pul paylamağa, damları düzəltməklə görüntü yaratdılar ki, deputat seçilsəm, bu işlərə davam edəcəm. Lakin mən bütün görüşlərimdə deyirdim ki, yol, su çəkməyəcəm. Sizin hüquq və azadlıqlarınız pozulanda yanınızda olacağam. Qanunsuz əzilib, sıxılsanız bunun həlli üçün əlimdən gələni edəcəm.

Bizim işimiz kəndin problemini dövlət qurumunun qarşısında qaldırmaq idi. Məktublar yazırdıq, şəkillər çəkib göndərirdik və müəyyən nəticələr əldə olunurdu.

Acınacaqlı vəziyyətdə olan kəndin problemini qabartmaq bizim borcumuzdur. Tələb etmək də seçicinin haqqıdır. Lakin seçici deyəndə ki, kəndə qaz çəkilib, bizim qapıya da çəkilməsi vacibdir. Belə hallar olanda təbii ki, “Azəriqaz”a ünvanlayırdım. Amma davamlı məndən tələb edəndə ki, “sən bunu etməlisən”, o zaman seçici haqlı deyil.

10 il ərzində işlətdiyim mobil nömrəmə hələ də seçicilər zəng vururlar. Məni hələ də parlamentə lazım bilərlərsə, seçərlərsə, 10 il ərzində necə olmuşamsa, yenə də elə olacam. Nə vaxt mənə bir jurnalist zəng vurub, telefonum daima açıq olub. Ya da iclasdan çıxıb, dərhal axtarmışam ki, mənə zəng vurmusan. Bu gün də belədir.

“Deputatların sayı ilə bağlı çox ciddi problem var”

- Sizin 2020-ci ildə namizəd olduğunuz dairə hazırda Milli Məclisdə təmsil olunmur. Yəni 2 ildir ki, o camaatın deputatı yoxdur. Lakin həyat davam edir. Hamı başın aşağı salıb yaşayır. Siz oradan təkrar deputat seçilsəniz, o insanların həyatında nə dəyişəcək?

- Ümid edirəm, çox ciddi dəyişiklik olmayacaq. Çünki əhalinin həyat səviyyəsinin dəyişilməsi dövlətin siyasətindən asılıdır. Bununla bağlı müxtəlif dövlət proqramları var. Lakin əlçatan deputat olacam. Həm Bakıda, həm də kəndlərində mütəmadi məni görə biləcəklər. Müəyyən məsələlərin həllində yaxından iştirak etmək imkanım olacaq.

Ümumiyyətlə, bizim seçki sistemimizdə yeni islahatlara ehtiyac var. İlk növbədə majoritar, proporsional seçki sistemi tətbiq olunmalıdır. Çünki bu Ermənistan və Gürcüstanda var. Bu sistemə qayıdışa ehtiyac var. Məndə olan məlumatlara görə, bu sahədə işlər gedir. İkincisi, deputatların sayı ilə bağlı çox ciddi problem var. Hazırda əhalinin siyahıya alınma prosesi gedir. Və hər dairədə 2-3-4 min seçici sayı çoxdur. 1995-ci ildə biz Konstitutsiyanı qəbul etmişik. Konstitutsiyanın 82-ci maddəsində yazılır ki, Milli Məclisin tərkibi 125 nəfərdən ibarət olmalıdır. Bu 7 milyon əhaliyə hesablanmışdı. Lakin indi 10 milyondan çoxuq. Bu baxımdan dünya təcrübəsinə baxsaq, 10 milyon əhalisi olan ölkələrdə 200, hətta 300 nəfər parlamentari var. Gürcüstan, Ermənistan bizim yarımız qədərdir. Deputatların sayı təxminən eynilik təşkil edir. Hesab edirəm ki, gələcəkdə deputatların sayı artırılmalıdır. Ona görə yox ki, parlamentdə çox deputat olsun. Ona görə ki, 1 millət vəkili 40 min seçici ilə işləmək imkanını çox çətinliklə reallaşdırır. 40-42 min seçici ilə işləmək millət vəkili üçün olduqca ağırdır. Bir millət vəkili necə 50 kəndin deputatı ola bilər?

Məsələn, İmişli və Beyləqanda mənim kəndlərimin sayı 50-ə yaxın idi. Elə kənd var ki, rayon mərkəzindən 50 km kənarda yerləşir. Ona görə, başqa, yaxşı təcrübələri götürmək lazımdlr. Təxminən 20-25 min əhalisi olan dairələr formalaşmalıdır. Millət vəkillərinin sayı artmalıdır. O zaman seçici millət vəkilini daha çox görəcək.

- Sizcə, Azərbaycanda neçə deputat olmalıdır?

- Mən onu deyə bilmərəm. Əgər 7 milyon əhaliyə 125-dirsə və 3 milyon artım varsa, təxminən 50-60 yer artırılmalıdır. Yoxsa, millət vəkilləri praktiki olaraq çatdıra bilmir. Bu gün millət vəkillərinin əksəriyyəti əziyyət çəkir. O cümlədən mən də əziyyət çəkirdim. Bu baxımdan sağa-sola baxmaq lazımdır.

- Əziyyət çəkənlərin çoxu 30 ildir deputatdır. Onları buna kim məcbur edir? Niyə gedib evlərində oturmurlar?

- Eləsi var, adı gedir. Eləsi də var sözün əsil mənsında deputatdır. Bu gün parlamentdə olan mənim köhnə həmkarlarım içərisində də kifayət qədər layiqli, ləyaqətli insanlar var ki, seçicilərlə daima təmasdadır. Lakin eləsi var ki, sadəcə elə hesab edir ki, parlamentə düşüb, bununla da iş qutardı. Əgər o özü seçiciləri ilə qaynıyıb-qarışmırsa, görüşlərə kifayət qədər üstünlük vermirsə, parlamentdə aktiv deyilsə, sərsəm fikirlər irəli sürürsə, bu onun öz problemidir. Elə hesab edirəm ki, seçici ilə deputat arasında çox sıx təmas olmalıdır.

Deputatını görməyənlər çoxdur. Bunun da obyektiv, subyektiv səbəbləri var. Obyektivlik deputatın özünün qeyri-aktiv olması ilə bağlıdır. Çatdıra bilmir, neynəsin. 50 kəndin deputatı necə olmaq olar? Mən xatırlayıram, Ağdaşda vaxtilə 4 deputat var idi. Lakin indi 1 deputat var. Bu məsələyə baxılmalıdır. Ümid edirəm ki, dövlət bunu görür.

Sonda bunu demək istəyirəm ki, işin nə qədər ağır olmasından, seçicinin nəyi istəyib-istəməməsindən asılı olmayaraq, o, həmişə haqlıdır. Çünki o sadə, yerli bir vətəndaşdır. Onlar başqa qurumların etməli olduğunu əldə edə bilməyəndə üzünü deputata tutur. Deputat dözümlü və təmkinli olmalıdır. Hətta ona aid olmayan məsələlərlə bağlı da müraciət olunanda təmkinli olmalıdır.




Paylaş:


Müəllif : Tarix:
31-01-2022, 11:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər