reklam
Regionxeberlericom.az » Araşdırma » Sosial şəbəkələrdə fitrə müzakirəsi: Karta köçürmək olar, ya olmaz?

reklam

Sosial şəbəkələrdə fitrə müzakirəsi: Karta köçürmək olar, ya olmaz?

















30 apreldə “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli fitrə zəkatının kart hesablarına ödənilə biləcəyi barədə elan paylaşıb.

O, bu barədə rəsmi feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda qeyd olunub ki, arzu edən şəxslər fitrə zəkatını göstərilən kart hesablarına ödəyə bilərlər.

Həmçinin bildirilib ki, yalnız seyid fitrəsi köçürənlər qəbzin şəklini qeyd olunan nömrəyə mesaj şəklində göndərsinlər.

Sözügedən paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bəziləri kart üzrə pul köçürmələri zamanı faiz tutulduğundan və bunun da İslam dinində qəbul olunmadığından, bəziləri isə məsələdə şəffaflığın qorunmayacağından gileyləniblər. Fitrə zəkatının bu yolla yığılmasında qanunvericiliyin tələblərinin pozulduğunu da dilə gətirənlər olub.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Yeniavaz.com-a bildirib ki, müəyyən şərtlər daxilində bu, qanunvericiliyə və işgüzar adətlərə zidd deyil:

““Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər. Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.  Qanunvericiliyə görə “ianə” dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən könüllü yardım başa düşülür.

Qafqaz müsəlmanları idarəsinin məsul şəxsləri və digər din xadimlərinin verdiyi müsahibələrə əsasən, fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.

Əgər Hacı Şahin Həsənli və digər din xadimləri həqiqətən də dini qurumların adından bu cür paylaşımlar edirlərsə və fitrə zəkatı məqsədli təyinatı üzrə sosial baxımdan əhalinin həssas qrupuna aid olan aztəminatlı ailələrə, işsiz, əlilliyi olan, sağlamlıq imkanları məhdud maddi yardıma möhtac olan insanlara sərf olunursa, bu, qanunvericiliyə və işgüzar adətlərə zidd deyil.

Ancaq bir vəkil kimi şəxsi mövqeyim ondan ibarətdir ki, hər bir halda ölkə üzrə tanınmış ilahiyyatçılar, din xadimləri və dini qurumlar bu cür paylaşımlar edərkən bunu maksimum dəqiq və qanunvericiliyə uyğun şəkildə realizə etməli, ianələrin köçürülmə məqsədini, kimlərə və hara sərf olunacağını, təyinatını, sonradan ianələrlə görülmüş işlər barədə statistik hesabat verməlidir ki, vətəndaşların dini qurumlara və din xadimlərinə ictimai etimadı sarsılmasın”.

Heydər məscidinin axundu Hacı Rüfət Qarayev isə Yeniavaz.com-a bildirib ki, fitrə zəkatı, adətən, əl ilə verilir:

“Açığı buna “hə” deyənlər də var, “yox” deyənlər də var ki, fitrə zəkatı əl ilə yığılar, əl ilə də verilər. Amma müasir dövrü nəzərə alsaq, məsələn, elə kəslər var ki, öz ölkəsində yaşamır, öz ölkəsinin ehtiyaclılarına göndərmək istəyir. Bu baxımdan orda faiz götürülmədən, faiz əldə edilmədən, çox zaman uzatmadan həmin pul kart hesabı ilə zəruri hal nəzərə alınaraq göndərilə bilər. Adətən kart hesabından daha yaxşı tərəf əl ilə yığılmasıdır. Amma zəruri hallar istisnadır”.

Qeyd edək ki, ötən gün Ş. Həsənli teleqraf.com-a müsahibəsində özü bu məsələyə münasibət bildirib:

“Fitrə nağd da ödənə bilər, hazırkı vəziyyətə görə hesaba da köçürülə bilər. Dinimiz buna məhdudiyyət qoymur. Həm də indiki vəziyyətə görə kimsə onu məscidə gəlib verə bilmir, yaxud da xaricdə yaşayır. Məsələn, biz yardım aksiyaları keçirdikdə xaricdə yaşayan soydaşlarımızın nağd ödəmək imkanları olmadığı üçün məbləği onlayn şəkildə bizə göndəriblər. Əsas odur ki, insanlar etibar etdikləri şəxslərə yardım etsinlər. Hər zaman demişəm, insanların ehtiyaclı şəxslərə fitrə zəkatını əlbəəl vermələri yaxşıdır. İnsan öz qohumlarına, yaxınlarına, ətrafında olan ehtiyaclı şəxslərə fitrə yardımı etməlidir. Amma bəzi insanlar var ki, deyirlər belə birini tanımıram və bizə etimad edirlər. İndiki şəraitdə hesaba pul köçürmək olduqca təbii bir şeydir. Sosial şəbəkələrdə gördüm ki, bunu müzakirə mövzusuna keçiriblər. Burada narahatlıq doğuracaq bir şey yoxdur. Nə fərqi var, o pul nağd verildi, ya hesaba köçürüldü. Əsas məsələ odur ki, vəsait lazım olan istiqamətdə xərclənsin”.





Paylaş:


Müəllif : Tarix:
4-05-2022, 17:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər