reklam
Regionxeberlericom.az » Araşdırma » Cinayətkar “tender kralı”na necə çevrildi? – ARAŞDIRMA

reklam

Cinayətkar “tender kralı”na necə çevrildi? – ARAŞDIRMA


Azərbaycanın dövlət büdcəsinə 2005-ci ildən sonra milyardlarla neft pulunun daxil olması ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, korrupsiya sahəsini də “çiçəkləndirdi”.
Ötən illərin xronologiyasına və eləcə də indiki hesabatlara nəzər yetirəndə bu korrupsiya hallarının daha çox dövlətdən maliyyələşən rəsmi qurumların sifarişçisi olduğu tender və katirovkalarda həyata keçirildiyinin şahidi oluruq.
Baş verən neqativ hallar barəsində indiyədək ölkənin bəzi media orqanlarında xeyli sayda yazılar dərc edilib, lakin bu sahədə problemlərin həlli üçün heç bir addım atılmayıb.
Qlobal.az-ın apardığı bu araşdırma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs edilən şəxsin adına qanuniləşdirilən şirkətlərin dövlət maliyyəli qurumların-Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin 2018-ci ilin aprel ayının 5-də elan etdiyi katirovkalar və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tenderi haqqındadır.
Aprel ayının 5-də 7 lot üzrə keçirilən katirovkaların ümumi məbləği 90.458 (doxsan min dörd yüz əlli səkkiz) manat, qalibi isə eyni şirkət – Risno-CMN Məhdud Məsuliyyətli Cəmiyyət olub.
2018-ci ilin mart ayının 9-da elan edilən Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin 7 lot üzrə katirovka sorğusuna aprel ayının 5-də yekun vurulub.
Yeddi fərqli profil üzrə (sair xərclər üzrə 5.198, digər alış və xidmətlər üzrə 6.997, yumşaq inventarlar 8.997, bərk inventarlar 13.486, idarənin xərcləri üzrə 15.292, mətbəə xərcləri üzrə 17.989, dəftərxana və təsərrüfat malları üzrə 22.499) eyni gündə katirovkaların qalibi olan Risno-CMN Məhdud Məsuliyyətli Cəmiyyətinin nə faktiki ünvanı, nə əlaqə telefonları, nə də elektron ünvanı var.
Şirkətin nizamnamə kapitalı 10 manatdır.
Risno-CMN MMC-nin (VÖEN: 2904754411) qanuni təmsilçisi 1996-cı il təvəllüdlü Rzaquluyev Elvin İlqar oğludur.
Rzaquluyev Elvin Risno-CMN MMC ilə yanaşı, “ASCARİ-CMN” (VÖEN: 2904754261) və “VERTU-CMN” (VÖEN: 2904754391) MMC-lərin rəhbəridir. Hər üç MMC 2018-ci ilin fevral ayının 1-də qeydiyyata alınıb.
“Vertu CMN” MMC 2018-ci ilin dekabr ayının 17-də Bakı Şəhər Baş Səhiyyə İdarəsinin sifarişçisi olduğu “Proqram təminatı” adlı 1 lot üzrə 51850 (əlli bir min səkkiz yüz əlli) manatlıq tenderin qalibi olub.
Hər üç MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mkr, ev 26, mənzil 8-dir.
Hüquqi ünvanın sahibləri baş verənlərdən xəbərsizdirlər…
Qlobal.az-ın əməkdaşı Sumqayıt şəhəri, 4-cü mkr, ev 26, mənzil 8 ünvanında olub. Öncə qeyd edək ki, göstərilən ünvanda qeyri müəyyənlik var. Belə ki, 4-cü mkr ev 26 “A” və “A/4” korpuslarından ibarətdir. 3 blokdan ibarət olan hər bir korpusda 8 saylı mənzil yerləşir. “A/4” korpusundakı 8 saylı mənzilin sahibi bizimlə söhbətində belə bir şirkətləri tanımadıqlarını, mənzillərinin hüquqi ünvan olduqlarından xəbərsiz olduqlarını bildirdi.
“A” korpusu, mənzil 8 ünvanında yaşayan Fuad Yunusov da mənzilinin MMC-lərin hüquqi ünvanı olmasından xəbərsizdir. Əslən Yardımlı rayonunun Ostair kəndindən olan Fuad Yunusov tikinti sahəsində usta kimi çalışdığını, kasıb gün-güzəran sürdüyünü deyir.
Elvin Rzaquluyev kimdir, iş adamı, yoxsa cinayətkar?
Əslən Ağdam rayonundan olan Rzaquluyev Elvinin Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov 42 ünvanında qeydiyyatda olmasına baxmayaraq, onu nə ərazi üzrə aidiyyatı orqanlarda, nə də qonşulardan görən-tanıyan var.

Bakıxanov 42 ünvanı
Qlobal.az-ın qeyd edilən ünvanda olan əməkdaşına sakinlər bildiriblər ki, indiyədək bu cür ad-soyadlı şəxslə heç zaman ünsiyyətdə olmayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nəsimi rayon şöbəsi də Qlobal.az-a Rzaquluyev Elvin İlqar oğlu adlı şəxsin onlarda qeydiyyatda olmadığını bildirib.
İnternetdə isə Rzaquluyev Elvin İlqar oğlu barəsində ilginc məlumatlara rast gəlinir. Hətta onun müəyyən şəxslərlə hansısa anlaşma müqabilində “tender oyunu”nda razılaşdığı da ehtimal edilir. İnternetdə yayılan məlumatlara gəlincə, məsələn, “Olaylar” İnformasiya Agentliyi 2013-cü ilin 27 iyununda “Bakıda quldur dəstəsi yaxalandı” başlıqlı xəbərdə yazır:
“Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslər tutulub. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 26-da Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Ramil Quliyevə məxsus “Opel” markalı avtomaşına oturmuş 5 naməlum şəxs onu boğmağa cəhd göstərib, döyərək pul verməsini tələb ediblər. Ramil pulu olmadığını dedikdə isə düşərək gediblər. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı səhər sakini Elvin Rzaquliyev, Neftçala rayon sakini Cavid Quliyev, Cəlilabad rayon sakini Fərid İslambəyli, Lənkəran rayon sakini Araz Rüstəmli və Yevlax rayon sakini Rövşən Əliyev tutulublar. Fərid İslambəylinin və Elvin Rzaquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Elvinin qardaşı İlkinlə birgə iyunun 24-də Xaqani bağında Bakı şəhər sakini Emil Hüseynovu bıçaqla hədələyib içərisində mobil telefonu, qol saatı, 10 manat pulu və şəxsiyyət vəsiqəsi olan pul kisəsini aldıqları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzaquliyev tutulub. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”. (http://olaylar.az/news/kriminal/45962)

Bakı Apelyasiya Məhkəməsinin bazasından əldə etdiyimiz məlumatda isə (iş nömrəsi: 1 (103)-1257/14 BACM) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə (maddə 177.2.1 – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; maddə 181.2.1 – (eyni əməllər) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; maddə 181.2.2 – təkrar törədildikdə; maddə 181.2.4 – insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə; maddə 181.2.5 – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və maddə 326.1 – rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) təqsirli bilinən Rzaquluyev Elvinin 2014-cü ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Həsən Hüseyn oğlunun qərarı ilə cəza müddətinin 4 il 6 aya endirildiyi bildirilir.
Rzaquluyev Elvin barəsində olan növbəti xəbər isə olduqca ciddi məqamlardan xəbər verir. Belə ki, “Azvision.az” saytının 2018-ci ilin 26 fevral tarixində “Bakıda quldurluq edən qardaşlar saxlanıldı” başlıqlı xəbərdə deyilir: “Bakıda quldurluq əməli törətmiş 2 nəfər tutulub. AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 16-da Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Rzaquluyev və qardaşı Elvin saxlanılıblar”.

“Azvision.az” saytında gedən xəbərin tarixinə diqqət yetirdikdə məlum olur ki, Rzaquluyev Elvin 1 fevral 2018-ci ildə 3 MMC-ni təsis etdikdən 25 gün sonra saytın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərdə qeyd olunan cinayət hadisəsini törədib.
Burada digər maraqlı məqam isə 2018-ci ilin fevral ayının 26-da cinayət əməllərinə görə polis orqanı tərəfindən həbs edilən Rzaquluyev Elvinin rəhbəri olduğu şirkətin 1 ay 5 gün sonra – 2018-ci ilin aprel ayının 5-də Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin 7 lot üzrə katirovkasının qalibi olmasıdır.
Sifarişçi təşkilat susur, bəs dövlət xidməti nə deyir?

Lənkəran Müalicə-Diaqnostika Mərkəzi ilə Risno-CMN MMC arasında 2018-ci ilin aprel ayının 5-də imzalanmış 7 lot üzrə katirovka müqavilələrindəki şübhəli məqamlara aydınlıq gətirilməsi üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik.
Xidmətdən Qlobal.az-a verilən açıqlamada deyilir: “”Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq satınalan təşkilat malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlardır. Həmin Qanununun 6.2-ci maddəsinə uyğun olaraq satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri həmin maddədə qeyd olunan tələblərə cavab verməlidir.
Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əsasən malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin “Dövlət Satınalmaları haqqında” qanunda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsi, tenderin əsas şərtlər toplusunun və tender elanının təsdiq olunması, iddiaçılardan daxil olan tender təkliflərinin qiymətləndirilməsi, müvafiq satınalma prosedurunun qalibinin müəyyənləşdirilməsi, satınalma müqaviləsinin bağlanması satınalan təşkilat və onun tərəfindən formalaşdırılan tender komissiyasının səlahiyyətlərinə aiddir”.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məktubunda daha sonra məsələlərə aydınlıq gətirilməsi üçün “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aidiyyatı üzrə müraciət etməyimiz tövsiyə olunur.

Lənkəran Müalicə-Diaqnostika Mərkəzindən isə məsələ ilə əlaqədar nə şifahi, nə də yazılı müraciətimizə cavab verilmədi.

Lənkəran Müalicə-Diaqnostika Mərkəzində 2018-ci ildə audit aparılıb-aparılmaması barədə sualımıza isə cavab olaraq Hesablama Palatası 2018-ci ildə Lənkəran Müalicə-Diaqnostika Mərkəzində audit aparılmadığını bildirib.
Baş həkim vitse-prezidentin qardaşıdır…

Lənkəran Müalicə-Diaqnostika Mərkəzi SOCAR tərəfindən inşa edilib. 2011-ci ildə istifadəyə verilən və SOCAR-ın Sosial İnkişaf İdarəsi səhiyyə departamentinin tabeçiliyində fəaliyyət göstərən Lənkəran Müalicə-Diaqnostika Mərkəzi sonradan Səhiyyə Nazirliyinin balansına verilib.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun qardaşı Malik Məmmədovdur.
Müasir tibbi avadanlıqlarla təchiz olunan Lənkəran Müalicə-Diaqnostika Mərkəzində məsləhət-diaqnostika poliklinikası, qəbul, şüa diaqnostikası, hemodializ, cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri fəaliyyət göstərir…





Paylaş:


Müəllif : Tarix:
15-03-2019, 09:50
Sikayət   


loading...
Загрузка...