reklam
Regionxeberlericom.az » Araşdırma » “Yasin Məmmədov dedi ki, pul azdır, prokurorluğu maraqlandırmır” - MTN İŞİ...

reklam

“Yasin Məmmədov dedi ki, pul azdır, prokurorluğu maraqlandırmır” - MTN İŞİ...















Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Mövlam Şıxəliyev və nazirlikdə onun tabeliyində işləmiş daha üç nəfərin – istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi iyunun 7-də davam etdirilib. Onların işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baxılır.

Elbəy Allahverdiyev əvvəlki kimi, yenə də sabiq MTN-çilərin açıq keçirilən məhkəməsinə jurnalistləri buraxmır. Zərərçəkmişlər isə buna etiraz edir, hakimi keçmiş MTN-çilərin əməllərini cəmiyyətdən gizlətməyə çalışmaqda ittiham edirlər.

Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Zərərçəkmişlər digər təqsirləndirilənlərin də həbsini tələb edir.

İyunun 7-də keçirilən məhkəmə ioclasında zərərçəkmişlərdən Zaur Əliyev ifadə verib. O, məhkəməyə böyük bir çantada sənədlər gətirib.

Vaxtilə müstəntiq işləmiş Zaur Əliyev bildirib ki, illərdir bu məhkəmə prosesini gözləyib. Onun sözlərinə görə, çantadakılar da ona qarşı baş vermiş cinayətlə bağlı topladığı sənədlərdir.

Zaur Əliyev hesab edir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 2015-ci ildə o vaxtkı Baş prokuror Zakir Qaralovun rəhbərliyi altında MTN işi üzrə başlanmış cinayət işinin istintaqı qəsdən 6 ilə qədər yubadılıb:

“Məqsəd cinayət təqibi üzrə cəlbetmə müddətlərinin ötürülməsi idi. Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubov bu mütəşəkil dəstənin ən aktiv üzvləridir. Çünki bunların birbaşa iştirakıyla vətəndaşlar girov götürülürdü. Bu işdəki hər bir zərərçəkənin qanunsuz həbsindən Qaralov və Usubova da pul çatırdı. Mövlam Şıxəliyev və başının dəstəsi gələcək qurbanı müəyyənləşdirib, uydurma ittihamla tutur, daha doğrusu, girov götürürdü. MTN zindanına salıb, pul vermək üçün təhdid edirdilər…”

Zaur Əliyev deyir ki, onu MTN-də saxlayanda azadlığa buraxılması üçün pulu Mövlam Şıxəliyevin müavini Təhsin Ağayev istəyib. Zərərçəkmiş bildirib ki, hazırda Təhsil Ağayevin xəstə olduğu deyilsə də, buna inanmır, onun yalan danışdığını düşünür:

“Hamı bilir ki, Təhsin Ağayev qorxaqdır. İstintaqa cəlb edilsə, qorxusundan bu dəstənin bütün cinayətlərini bir-bir açıb deyəcəkdi. Ona görə də onu xəstəlik adıyla istintaqdan, məhkəmədən yayındırırlar”.

Zərərçəkmiş iddia edir ki, Təhsin Ağayev ondan 200 min manat tələb edib. Lakin o, heç bir cinayət törətmədiyini bildirərək, verməkdən imtina edib. Barəsində cinayət işi başlanıb və qanunsuz həbs olunub.

“Faktiki məni girov götürüb, MTN-in zindanında saxladılar. Girovluqda qaldığım 3 ay ərzində məndən bir tələb vardı – pul istəyirdilər. Təhsin Ağayev deyirdi ki, pul verilməsə, oradan çıxa bilməyəcəm. Həmin günlərdə MTN-də yaxın qohumum müstəntiq idi. O adam öz təşəbbüsü ilə Təhsin Ağayevə qohum olduğumuzu demişdi, pul söhbətini aparmağa başlamışdı. Ailəmlə də pul söhbətlərini o etmişdi. Mənim giovluqdan azad edilməyim üçün pulu da Mövlam Şıxəliyevgilə onun iştirakıyla yoldaşım Samirə Əliyeva və qaynım Mirəli Əliyev verib. Pulu yoldaşımdan alan Təhsin Ağayev olub”, – zərərçəkmiş ifadəsində bildirib.

İfadəsinin davamında Zakir Qaralov və Rüstəm Usubovu ittiham edən Zaur Əliyev deyir ki, məhz prokurorluğun rəhbərliyi belə qanunsuz hərəkətlərə şərait yaradıb. Əks halda, MTN belə özbaşınalıq edə bilməzdi. Çünki istintaqa prosessual nəzarət edən orqan prokurorluq idi:

“Zakir Qaralovla və Rüstəm Usubov MTN-dəki dəstəyə vətəndaşları girov götürməyə şərait yaradır. Pul və mal alınandan sonra iş məhkəməyə göndərilir. Qaralovla Usubov həbs qətimkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Qaralovla Usubovun xüsusi payı olub. Məhkəmədə də bu məsələ təsdiqini tapdı”.

O, başqa bir zərərçəkmiş Əfsəl Həsənəliyevin ifadəsini yada salıb. Əfsəl Həsənəliyevin dediyinə görə, MTN-də olarkən təqsirləndirilən şəxslərdən Yasin Məmmədov ona belə deyib:

“Əgər Qaralovla Usubovun hesabı çatmasa, səni buradan buraxan olmayacaq, çünki səni onlar həbs edib. Tanıdığın imkanlı adamın varsa, adını çək, çagıraq, pulunu alaq. Həmin pulu sənin əvəzinə, səndən alınan pul kimi Qaralov və Usubova çatdıraq, səni MTN-dən buraxaq…”

Zaur Əliyev başqa bir zərərçəkmiş Elman Əhmədovun da məhkəmədəki ifadəsini xatırladıb. O isə bildirmişdi ki, MTN-də 160 min manat alıb onu azadlığa buraxandan sonra yenidən MTN-ə çağırıblar. Bu dəfə orada prokurorluğun əməkdaşı olub və ondan alınan pulun məbləğini dəqiqləşdirib.

“Bütün bunlar sübut edir ki, Zakir Qaralov və Rüstəm Usubov da MTN-lə əlbir olub, vətəndaşların qanunsuz həbsində iştirak ediblər, onlardan alınan pul və malları bölüşdürüblər. Mayın 24-də zərərçəkmiş Nizami Kazımov dindiriləndə dövlət ittihamçısı zərərçəkənə sual verirdi. Bu zaman Mövlam Şıxəliyev dəmir barmaqlıq arxasından prokurorun sözünü bir neçə kəsib, ona replika atdı ki, pulu sizinkilər, yəni prokurorluq alıb”.

“MTN zərərçəkənlərdən bir dəfə pul alıb buraxırdı, Qaralovla Usubov isə iki dəfə pul alırdı. Şıxəliyevgil vətəndaşı uydurma ittihamla tutub, pulu alıb, bölüşdürüb, ev dustaqlığına buraxırdılar. Bu prosesdə prokurorluğun payı çatırdı. İş məhkəməyə göndərilirdi. Məhkəmədə Qaralovla Usubov yenidən işə qoşulurdu. Bu dəfə məhkəmənin də tutmaması üçün ikinci dəfə alınan pula şərik çıxırdılar”, – zərərçəkmiş Zaur Əliyevin sözləridir.

O, 2010-cu ilin martında necə tutulmasından da ətraflı danışıb. Bildirib ki, tanışları Arif Salahov və Hacı Tahir zəng edərək, Əhməd Mirzəyevə məxsus mərmər baltaya baxmaq istədiklərini deyiblər. O da Əhməd Mirzəyevə bu haqda məlumat verib:

“Əhməd bildirdi ki, gələ bilməyəcək, baltanı sürücüsü Ariflə göndərəcək. Axşam saat 19 radələrində ailəmlə yaşadığım mənzilə Arif Salahovla birlikdə Rövşən adlı MTN əməkdaşı gəldi. Bunların ardınca Əhmədin sürücüsü Arif Allahverdiyev gəldi. Özü ilə kağıza bükülmüş baltanı gətirdi. Ardınca mənzilimə MTN-nin Antiterror İdarəsinin əməkdaşları basqın elədilər. Özünü Memati adlandıran polkovnik Mamay Quluzadə dəstəyə başçılıq edirdi”.

Zaur Əliyev deyir ki, ondan mənzildə axtarış keçirilməsinə dair məhkəmənin qərarını istəyib. Pəncərədən çöldəki qara rəngli mikroavtobusu göstərib:

“Dedi ki, maskalılar həmin avtobusda əyləşib, gözləyirlər. Əmr verilsə, evə basqın edəcəklər. Mənzilə 4-5 nəfər baxış keçirdi, şəxsi kolleksiyamdan 3 ədəd qızıldan olan statuetkaları götürdülər. Mamay və Rövşən adlı MTN-nin əməkdaşları evimdə icazəsiz olaraq video çəkiliş aparırdılar. Sonradan qayınatam Mirbala Əliyevin iştirakıyla çay süfrəsi arxasında əyləşib söhbət elədik. Belə anladıq ki, evimə basqın pul qoparmaq üçündür. Dedilər ki, 10 min manata bu məsələni yoluna qoyacaqlar. Gedənə yaxın Rövşən mənə öz nömrəsini verdi ki, pulu ona çatdırım. MTN əməkdaşları həmin baltanı da özləri ilə götürdülər”.

Onun sözlərinə görə, bu hadisədən 2-3 gün sonra yenidən MTN-ə çağrılıb və həbs edilib.

Zərərçəkmiş deyir ki, MTN-də onu videoya çəkib, telekanallarda yayıb biabır etməklə də hədələyiblər. Hətta çəkiliş qrupu da gətirilib. Həmin vaxt vəziyyətinin pisləşdiyini yada salan Zaur Əliyevin sözlərinə görə, onu çəkməsələr də, Əhməd Mirzəyevlə sürücüsü Arifi bir necə telekanalda qaçaqmalçı kimi təqdim ediblər.

O əlavə edib ki, azadlığa buraxılması üçün əvvəl 200 min tələb olunsa da, sonra məbləğ 100 minə düşüb:

“Təhsin Agayev şəxsən mənə demişdi ki, MTN-də cənab tərəfindən, yəni Eldar Mahmudov tərəfindən qayda qoyulub – 100 min manatdan aşağı pul haqda heç kəslə danışıqlar aparılmır. Təhsin Ağayev deyirdi ki, qohumunun xətrinə Mövlam Şıxəliyev 100 min dollara səni azad etməyə razılaşıb”.

Zərərçəkmişin sözlərinə görə, ailəsi pulu verəndən sonra, 18 iyun 2010-cu ildə səhər saatlarında onu Elşən Murtuzovun xidməti otağına gətiriblər:

“Orada tibbi ekspertizanın işcisi vardı. Təhsin Agayev təklikdə mənə bildirdi ki, həbsdən çıxandan sonra ekspertizanın rəyinə görə əlavə 5 min pul verəcəksən. Razılaşmaqdan başqa yolum yox idi. 18 iyun 2010-cu ildə vəkilim müayinə olunmağım barədə vəsatət yazdı, Elşən Murtuzovun xidməti otağında formal qaydada müayinə olundum. 19 iyunda barəmdəki qanunsuz həbs qətimkan tədbiri dəyişdirildi…”

Mövlam Şıxəliyev və digərlərinin dövlətin gücündən, ölkə başçısının etibarından istifadə edərək cinayət törətdiklərini vurğulayan zərərçəkmiş Zaur Əliyev sonradan araşdırıb öyrənib ki, başlarına gələn bəlaların səbəbi Əhməd Mirzəyevin imkanlı iş adamı kimi MTN-in hədəfinə çevrilməsi olub. Onun sözlərinə görə, Əhməd Mirzəyevdən MTN-də 378 min manat pul alınıb. Amma sürücüsünün pulu olmadığına görə onu 1 ildən cox həbsdə saxlayıblar:

“Təhsin Ağayevdən cinayət işi və öz aqibətimi soruşanda dedi ki, iş məhkəməyə göndəriləcək, orada yüngül pul verib, şərti cəza hökmü çıxarılacaq. Cinayət işi 1 ildən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi və baxılması ücün hakim Əfqan Hacıyevə verildi. Əfqan Hacıyev məndən 20 min manat tələb elədi. O pulu iki dəfəyə onun katibinə çatdırdım. Əhməd Mirzəyev isə şəxsən hakim Əfqan Hacıyevlə danışmışdı. Özünün və sürücüsü Arifin barəsində şərti cəza üçün 70 min manat pul almışdılar. 50 min özünə görə, 20 min isə sürücü Arifə görə. Bundan sonra Əfqan Hacıyev cinayət işi üzrə barəmizdə şərti cəza təyin etməklə saxta bir hökm çıxardı”.

Zərərçəkmiş əlavə edib ki, Mövlam Şıxəliyev bu yolla əldə etdiyi pullara ailə üzvlərinə çoxsaylı bahalı əmlaklar alıb. O, generalın ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Çünki ailə üzvləri də cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşmasında birbaşa iştirak ediblər. Bizlərə qarşı xüsusilə ağır cinayət törədilib. Niyə xüsusilə ağır deyirəm? Çünki Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov bu cinayətləri Azərbaycan vətəndaşlarının keşiyində dayanmalı orqanın – Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri olaraq törədiblər. Azərbaycan dövlətinin gücündən biz Azərbaycan vətəndaşlarına qarşı istifadə etməklə var-dövlət yığıblar, dövlətin nüfuzuna xələl gətiriblər. Vüsal Ələkbərov MTN-də dövləti cinayətlərin araşdırılması şöbəsinin rəisi olub. Vüsal Ələkbərov isə dövləti öz cinayətlərinə şərik edib. Mövlam Şıxəliyev də Vüsal Ələkbərovun rəisi, cinayət şəriki olub”.

Zərərçəkmiş Zaur Əliyev hakimlərdən də narazılığını dilə gətirib. O bildirib ki, 8 aydır məhkəmə gedir, Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası özünü keçmiş MTN-çilərin vəkili rolunda aparır. Zərərçəkmişlərin vəsatətlərinin heç biri təmin edilmir:

“Məhkəmə ilk gündən Mövlam Şıxəliyevin vəkili rolunda çıxış etmək niyyətini gizlətmir. Bu məhkəmə zalında siz istəsəz də, istəməsəz də bizə qarşı törədilən ağır cinayətlər tam çılpaqlığı ilə ortaya çıxdı. Pul verməyib nə edə bilərdik? MTN İstintaq Baş İdarəsinin rəisindən kimə şikayət edə bilərdim? Baş prokuror Qaralovdan, onun 1-ci müavini Usubovdan şikayətlərimizə kim idi baxan?”

Zaur Əliyev zərərçəkmiş Nizami Kazımov məhkəmədə ifadə verəndə onun dediklərini də yada salıb. Nizami Kazımov bildirmişdi ki, Bakı Hərbi Məhkəməsində Vüsal Ələkbərov haqqında birinci cinayət işinə (2016-2017-ci illərdə) baxan hakimi Ali Məhkəmənin sədri Ramiz Rzayev qəbuluna çağırıb. Hakimə tapşırıq verilib ki, həmin işdə zərərçəkənlərdən hədə-qorxu ilə alınmış pullar rüşvət kimi qiymətləndirilsin.

“Vüsal Ələkbərova cəza təyin olunarkən Ramiz Rzayevin tapşırığı əsas götürülüb və yalnız 1 zərərçəkənə vurulan ziyanın əvəzi olaraq müsadirəyə çıxarılmış ev verilib. Vüsal Ələkbərov ilkin olaraq 12 il həbs cəzasına məhkum olunub, evi zərərçəkən Akif Qurbanovun sərəncamına keçib. Vüsal Ələkbərovla bağlı sonradan Ali Məhkəmədə verilən qərar eşidən hər kəsi təəccübləndirdi. 12 illik cəzanın 5 ilə endirilməsi azmış kimi, zərərçəkən Akif Qurbanova vurulmuş ziyanın əvəzi olaraq verilən evin də geri qaytarılmasına qərar verildi. Ramiz Rzayev bu gün vəzifədədir və sizə də belə bir tapşırıq veriləcəyinə əminəm”, – Zaur Əliyev bildirib.

O, ifadəsinin sonunda əlavə edib ki, bu məhkəmədən qətiyyən ədalətli nəticə gözləmir. Amma mübarizəsini də dayandırmaq niyyətində deyil.




Paylaş:


Müəllif : Tarix:
8-06-2022, 08:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər