reklam
Regionxeberlericom.az » Araşdırma » Rusiya ordusuna qarşı iki rus batalyonu döyüşür - Elxan Nuriyev

reklam

Rusiya ordusuna qarşı iki rus batalyonu döyüşür - Elxan Nuriyev















Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev hafta.az-a bu dəfəki müsahibəsində iyul-avqust aylarındakı hərbi əməliyyatlar nəticəsində Rusiya-Ukrayna cəbhəsində hansı dəyişikliklər, Ukraynanın Müstəqillik günü ərəfəsində Rusiya tərəfindən gözlənilən hücum və təxribatlar, “rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızının avtomobilinin partladılması nəticəsində baş verən ölümü ətrafındakı versiyalar və s. mövzularında danışdı.

- Putin Ukraynaın  Müstəqillik günü ərəfəsində hansı açıq və gizli planlara əl ata bilər? Bəs cavabında Ukraynanın hansı tədbirləri görmək imkanı var?

- Krımda baş verənlər, ümumiyyətlə, Rusiya tərəfə “Artıq biz gəlirik, sizin vaxtınız bitibdir!” mesajıdır. Bizdə olan məlumatlara görə, Putin Rusiyasının açıq və gizli planları bundan ibarətdir ki, Belarusun Ukrayna ilə sərhəddəki Zabrayevka məntəqəsində, Rusiya-Ukrayna sərhədində çoxlu raket kompleksləri toplayıb, Qara dəniz donanmasında iki “Kalibr” daşıyan gəmisi də hazır vəziyyətə gətirilib. Həm 23 avqust - Ukraynanın Bayraq günündə, həm də 24 avqust – Dövlət Müstəqilliyi günündə  iri şəhərlərə, xüsusən də paytaxt Kiyevə kütləvi raket və aviasiya hücumları gözlənilir. Ukraynanın aviasiyası,  raket və hava hücumundan müdafiə qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Putinin gizli edə biləcəkləri isə həmişəki kimi özünü terror və diversiya aktları ilə büruzə verə bilər. Amma Ukrayna xüsusi xidmət orqanları Rusiyanın bir çox terakt və təxribatlarının qarşısını alır və düşmənin bu sahədə son aylar elə bir xüsusi uğuru olmayıb...

- Rusların Krımdan, Sevastopoldan qaçması haqqında xəbər və görüntülər gerçəkdirimi?

- Bəli, bunlar tamamilə həqiqətdir. Rusiyadakı, Krımdakı dost-tanışlarımız da bunları təsdiqləyir. Həmçinin Krım-tatar məclisinin üzvləri arasındakı dostlarımız da... Bütün bunları peyk görüntüləri də sübut edir. Doğrudan da real vəziyyət belədir. Yalnız Krımdan deyil, eyni zamanda son günlər xəbər verildiyi kimi, Xersondan Dnepro çayının sağ sahilində toplanmış və mühasirəyə düşmüş Rusiya ordu birləşmələrinin komandanlığının da qaçdığı təsdiqlənir. Az öncə Xerson Vilayət Hərbi Administrasiyası sədrinin müavini İqor Sobolevski bu haqda birbaşa efirdə məlumat verdi. Həmçinin Krımdan Rusiyanın “FSB” və digər xüsusi xidmət orqanlarının öz ailələrini çıxarmaları haqda məlumatlar da var. Krım-tatar xalqının lideri Mustafa Cəmilovun sözlərinə görə, Rusiya Krıma qanunsuz olaraq 600 mindən 1 milyona qədər Rusiya vətəndaşı yerləşdirib. Bu sayda insanın yarımadanı tərk etməsi Rusiyaya böyük zərbə olar. Və hazırda Krımdan qaçaqaç olduğu tam dəqiqdir...

- Rusiyada Kreml təbliğatçıları, o cümlədən son məlumatlara görə, Federal Təhlükəsizlik Xidməti də “rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızının avtomobilinin partladılması nəticəsində baş verən ölümündə Ukrayna dövlətini günahlandırmağa çalışır. Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov isə “Rusiya Milli Respublika Ordusu” adlanan təşkilatın Darya Duqinanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. O əlavə edib ki, Ukraynada Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu adlı qurum da vuruşur... Bu haqda sizin düşüncələrinizi bilmək maraqlı olardı...

- Duqinin qızına qarşı terror aktı Putindən sonrakı, post-Putin dövründə Rusiyanın hakimiyyətə can atan siyasi elitalarının nə qədər  qəddar olacağının sübutudur. Yəni Ukraynanın bu teraktla heç bir əlaqəsi ola bilməz. Əvvəla, Ukrayna terror dövləti deyil. İkincisi də, heç Ukrayna Rusiyanın mərkəzində, paytaxtında belə bir akt həyata keçirməyi də bacarmaz... Bu gün yeni istintaq nəticələri əldə olunub. Rusiya xüsusi xidmət orqanları müəyyən edib ki, Duqinin  avtomobili izlənilirmiş. Belə nəticəyə gəlinir ki, bu terakt Rusiya xüsusi xidmət orqanlarına bağlı siyasi elitanın daxilindəki ziddiyyət və qarşıdurmaların nəticəsidir. Bu, doğrudan da belədir.  Aleksandr Duqin siyasi-ideoloji baxımdan Putindən sonrakı dövrdə müəyyən elit siyasi dairələrin işlərini korlaya bilər. Çox güman ki, ölüm əməliyyatı onun özü üçün nəzərdə tutulubmuş, sadəcə, o, son anda avtomobilini dəyişib...

 Mənim şəxsi baxışım belədir. Bu Ukrayna dövlətinin yanaşmasıyla da üst-üstə düşür...

 - Bəs Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryovun guya Ukraynada Putin ordusuna qarşı “Rusiya Könüllü Korpusu” və “Azad Rusiya Legionu” adlı qurumların vuruşması haqqında dedikləri doğrudurmu?

- İlya Ponomaryov mənim də dostumdur. Bəli, onun dedikləri doğrudur. Ukraynada Putin Rusiyasına qarşı döyüşən Rusiya hərbi birləşmələri doğrudan da var. Və onlar artıq aprel ayından bəri döyüşürlər. Bu haqda mənim yazılarım da olub. Bu saat artıq Putin ordusuna qarşı iki rus batalyonu döyüşür. Onu da deyim ki, həmin batalyonlarda döyüşən rus hərbçilərin bir qismi müharibə vaxtı, o cümlədən 2014-cü ildən bəriki Donbas savaşı zamanı könüllü olaraq Ukrayna tərəfinə keçənlərdir. Eyni zamanda əsir düşənlər də var ki, Rusiya hakimiyyəti tərəfindən aldadıldıqlarını sonradan dərk ediblər. Hətta Rusiya “FSB”-sindən hələ indiki müharibədən öncə Ukrayna tərəfə keçənlər də var...

 Rusiyaya qarşı döyüşən rusların çoxu heç Ukraynada da doğulan ruslar deyil. Onlar özlərini rus mənşəli hesab edirlər.  Həmin rus hərbçilər, o cümlədən İlya Ponamaryov da  hesab edirlər ki, hazırkı Putin iqtidarı ruslara qarşı bütün dünyada, xüsusən Rusiyanın keçmiş müstəmləkələri olan ölkələr arasında nifrət yaratmaqla tamamilə yanlış bir siyasət aparır...

Məsələn, zamanında Böyük Britaniya Krallığı imperiyası dünya okean və dənizlərinin yarısına nəzarət edib, böyük koloniyaları, müstəmləkələri olub. Fəqət elə bir zaman gəldi, britaniyalılar anladılar ki, müstəmləkə saxlamaq həm böyük əziyyət və xərcdi, həm də hakim xalqın, yəni ingilislərin özünə zərərdir. Britaniya rəhbərliyi belə bir qərara gəldi ki, müstəmləkələrimizi rəsmən azad buraxaq və elə bir güclü milli dövlət quraq ki, planetin hər yerindən, xüsusən də keçmiş koloniyalardan insanları cəlb etsin. Nəticədə Britaniya adalarında doğrudan da elə bir güclü, həm də sivil dövlət qurdular ki, bu gün keçmişdə ingilis imperiyası təbəələri olmuş hindistanlı, pakistanlı, cənubi afrikalı və s. üçün ən böyük arzulardan biri İngiltərədə, Londonda hüquq təhsili almaqdır. Bu gün London şəhərinin merinin pakistanlı olması, hazırda mühafizəkarlar partiyasının liderliyinə namizədlərdən birinin hindus mənşəli hindistanlı olması  və s. dediklərimizi sübut edir. Bu mənada düşüncəli ruslar da gözəl anlayır ki, imperiyaların ən böyük zərəri həmin imperiyanı qurmuş hakim, titullu sayılan xalqadır. Yəni bu gün Rusiyada pis, neqativ nə baş verirsə, rusların ayağına yazılır. Bir sözlə, yaxın dostlarımız olan İlya Ponomaryov, İlya Yaşin, Olqa Kurnosova  və s. kimi Rusiya ziyalıları yaxşı dərk edirlər ki, Rusiya özünə ruslar üçün bir dövlət qurmalıdır. O halda etnik rusların rufahı da yaxşı olar...Yoxsa planetin 1/6-i tutub “hər kəs mənim tabeliyimdə yaşamalıdır” deməklə heç nə alınmayacaq... Müasir dünya, yeni dünya bu formada müstəmləkəçiliyi rədd edir. Artıq insanlar hamısı azad yaşamaq istəyir. Yəni Putinin qayıtmaq istədiyi o dövr – orta əsrlər dövrü çoxdan bitib...

- Ponomaryov və onun tərəfdarları həm də hesab edir ki, iki slavyan xalqını düşmən etməklə Putin bağışlanılmaz səhv edib.

- Əlbəttə, elədir. Rusiya strateji olaraq müharibəni uduzub və bunu sadəcə, fizikiləşdirmək lazımdır. İnşAllah, Xerson da azad olunacaq. Antonov, Kaxovka körpüsü və İnquleti çayı üzərindəki körpülər də vurulduqdan sonra artıq Xersonun azad ediləcəyi gün yaxındadır. Həmin körpülərin vurulması nəticəsində Rusiya ordusunun 25 minə yaxın canlı qüvvəsi Dnepro çayının sağ sahilində Xerson şəhəri də daxil olmaqla tam mühasirə şəraitindədir. Üç tərəfdən Ukrayna ordusu ilə mühasirədədir, digər tərəfdən isə Dnepro çayıdır. Yəni real vəziyyət belədir. Ukrayna dövləti və Silahlı Qüvvələri deyilən ərazilərdə bizim vətəndaşların da yaşadığını və hücum zamanı  itkilərin çox ola biləcəyini nəzərə alaraq birbaşa basqılardan istifadə etmir. Rusiya ordusunun infrastrukturu, bazaları, kazarmaları, loqistikaları məhv edilir.  Ukrayna komandanlığı da onların nə zaman təslim olacağını gözləyir. İnşAllah, yaxın bir neçə həftə ərzində hər çey öz yerini tutacaq və Rusiya qoşunlarının Xersondan çıxarılması baş verəcək. Buna əmin ola bilərsiniz...

- Konkret olaraq iyul-avqust aylarındakı hərbi əməliyyatlar nəticəsində Rusiya-Ukrayna cəbhəsində hansı dəyişikliklər baş verib? Hərbi ekspert Pyotr Çernik bildirib ki, payızda lend-liz proqramı çərçivəsində yardımlar alındıqdan sonra daha ciddi dönüş olacaq.

- Qərb “ATACMS” raketlərini də verməyi planlaşdırıb... O da doğrudur ki, lend-liz proqramı çərçivəsində Ukraynaya Amerika yardımı daha geniş miqyasda davam edəcək ki, bu da cəbhədə daha böyük dönüşlərə gətirib çıxaracaq... Amma ümumiyyətlə, bütövlükdə öncə dediyim kimi, Rusiya strateji mənada savaşı uduzub... Bu işğalçı ordunun qalib gəlmək üçün nə fiziki gücü, nə maliyyəsi, nə müasir texnologiyasi, nə silahı, texnikası var, nə də ki motivasiyası var. Bu, öz yerində. Bilirisiniz ki, iyulun 2-də iki aya yaxın gərgin döyüşlərdən sonra Lisiçansk şəhəri düşəmənə verildi. Həmin dövrdə Ukrayna ordusu cənub istiqamətində çox uğurlu əməliyyatlar həyata keçirdi, 54 yaşayış məntəqəsi azad edildi. İndi məlum olduğu kimi, Xerson vilayətinin işğal edilmiş əraziləri və Xerson şəhərindəki Rusiya ordusu mühasirə şəraitinə düşdü. Nəticədə 2 aya yaxındır ki, Ukraynadakı müharibənin xarakteri tamamilə dəyişib. Bəs bu dəyişiklik nədən ibarətdir? Əvvəla, birbaşa, üzbəüz, açıq döyüşlər azalıb. İkincisi, Ukrayna ordusu daha mükəmməl, daha dəqiq və daha uzaqvuran artilleriyanın, dronların köməyi ilə düşmənin infrastrukturunu, arxa cəbhəni, loqistika yollarını, bazalarını və şəxsi heyətini məhv edir. Rusiya tərəfi isə artıq kiçik ərazi döyüşləri aparmağa səy göstərir ki, buna adətən mövqe döyüşləri deyirlər. Mövqe döyüşlərində də düşmənin ən çox istifadə etdiyi 25-30 nəfərlik  kiçik qruplardır, yaxud ən yaxşı halda bir rota (bölük) həcmində birləşmələrdir. Yəni Rusiya daha əvvəlki kimi Ukraynanın hansısa ərazilərinə kütləvi, genişmiqyaslı hücum etməyi bacarmır. Bunun üçün sadəcə, taqətləri qalmayıb. Xülasə, müharibə nəzəriyyəsi əsasında danışsaq, Ukrayna tərəfindən Rusiya ordusu tamamilə taqətdən salınıb, idarəetmə sistemi məhv edilib, tükədilib. Nəticədə işğalçı qoşunlar arasında fərarilik, müqavilə və əmrlərdən imtina etmə, intizamsızlıq və s. halları gündən-günə kütləviləşir... Rusiyanın “Ordu və hüquq” adlı hüquq müdafiəçiləri qurumunun yaydığı məlumata görə,  hər gün Ukraynada döyüşən hərbi hissələri tərk etmiş yüzlərlə hərbçi və onların valideynləri hüquqi müdafiə tələb edirlər. Bu mənada yenə də deyirəm ki, Putin Rusiyasının bundan sonra edə biləcəyi yalnız dinc əhaliyə qarşı raket və aviasiya hücumu və terror, diversiya aktları ola bilər. Ukrayna Ordusu ilə üzbəüz döyüşdə həmin ölkənin ordusu heç bir uğur əldə edə bilməyəcək...




Paylaş:


Müəllif : Tarix:
25-08-2022, 15:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər