reklam
Regionxeberlericom.az » Araşdırma » “Tərtər işi”ni sifariş edənlər hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb”

reklam

“Tərtər işi”ni sifariş edənlər hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb”

















Repressiya və İşgəncələrə qarşı Komitənin üzvü Nasir Əliyev “Tərtər işi” ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

N.Əliyevin müsahibəsini təqdim edirik:

- Nasir bəy, fevralın əvvəlində “Tərtər işi” üzrə 2021-ci ilin dekabrında istintaq təzələnəndən sonra cinayət məsuliyyətinə cəlb olunanların dörd nəfərin işi üzrə istintaq tamamlanıb, materiallar Bakı Hərbi Məhkəməsinə göndərilib.  Bundan başqa “Tərtər işi” üzrə işgəncələrə görə məsuliyyətə cəlb olunan general-mayor Bəkir Orucovla bağlı istintaq da yekunlaşıb.  Sizcə, bu şəxslərlə bağlı istintaq obyektiv aparılıbmı? Və məhkəmədən obyektiv qərar gözləmək olarmı?

- “Bildiyiniz kimi “Tərtər işi” çərçivəsində 10 fevral 2023–cü il tarixində polkovnik Vüsal Ələskərov, polkovnik-leytenant Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu iş üzrə 192 hərbçi zərərçəkmiş qismində tanınıb və yeni istintaq qrupunun topladığı materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bəkir Oruov ilə bağlı ibtidai istintaq yekunlaşıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Xatırladım ki, Bəkir Orucov hadisələr zamanı Beyləqanda yerləşən hərbi hissədə xidmət aparıb.

Bu işin istintaqının obyektiv aparılıb-aparılmaması ilə bağlı hələ ki fikir yürütmək mümkün deyil. Çünki, bu istintaqın materialları ilə tanış olmamışam. Məhkəmələrin obyektivliyinə isə birmənalı şəkildə inanmıram. Çünkü Bakı Hərbi Məhkəməsənin ədalətsiz qərarlarının şahidi olmuşam”.

- Sizcə, bu şəxslərə qarşı hansı cəzalar verilməlidir?

- Bu cinayətdə iştirak etmiş hərbçilərə qarşı uzunmüddətli həbs cəzasının veriləcəyinə ümid edirəm. Onlar Azərbaycan ordusuna qarşı vəzifə səlahiyyətlərini aşmaqla, qeyri insanı rəftara, şərəf və ləyaqətin alçaldılmasına və ağıl almaz işgəncələrə yol  veriblər. Bu işgəncələr nəticəsində 10 hərbçimiz qətlə yetirilib. İstintaqdan bir neçə ay bundan qabaq verilən məlumata görə, 405 hərbçi zərərçəkmiş qismində tanınıb. Keçən aylar ərzində zərərçəkmişlərin sayının artacağına heç bir şübhəm yoxdur. Ümidvaram ki, onların bu qətllərdəkı rolu barəsində istintaq materiallarında obyektiv məlumatlar yer alıb.

- 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Onlardan 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib. Sizcə, işgəncələrə görə məsuliyyət daşıyanlar elə 17 nəfərdirmi?

- İstintaq yeniləndikdən sonra 17 nəfərə ittiham irəli sürülüb. Əlbəttə, bu, həmin cinayəti törədənlərin tam dairəsini əhatə  edə bilməz. Çünki, zərərçəkmişlərin efirlərdə verdikləri ifadələrə əsaslansaq, işgəncə məkanında olmuş bir çox Müdafiə Nazirliyinin yüksək və orta rütbəli zabitləri, hərbçilərə qanunsuz sanksiyaları vermiş hakimlər, bu işi aparmış Hərbi Prokurorluğun müstəntiqləri, prosessual rəhbərliyi həyata keçirən şəxslər, saxta ekspertiza vermiş həkimlər, saxta məhkəmə hökmü çıxarmış hakimlər və bu işgəncələri sifariş edənlər hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb.

- Sizcə, bu vaxta qədər bu cinayətin törədilməsində adları çəkilən digər şəxslər, yüksək ranqlı məmurlar niyə istintaqa cəlb edilmirlər?

- Bildiyiniz kimi bu cinayət işində çoxsaylı yüksək rütbəli zabitlərin adları keçir. Amma, buna baxmayaraq onlar hələ də həbs olunmayıblar. Düşünürəm ki, bunun əsas səbəbi onların vəzifələrindən kənarlaşdırılmamasıdır. Nə qədər ki, onlar tutduqları vəzifədədirlər, təzyiq etmə imkanlarını əllərində saxlayırlar.

- Sizdə ümid varmı ki, bu işin istintaqı tam obyektiv aparılacaq və bu cinayətin törədilməsində bu vaxta qədər adı çəkilən bütün şəxslər cəzalarını alacaqlar?

- Açığını desəm, mənim daxili inamım yoxdur ki, bu cinayətləri törətməkdə adıçəkilən bütün şəxslər cəzalandırılacaq. Yeni istintaqın başlamasından 1 il 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ ki, cəmi 17 hərbçi barəsində həbs qəti-imkan tədbiri seçilib. Ən çox adı keçən yüksək vəzifəli şəxslər barəsində isə hələ ki, heç bir ölçü götürülməyib.

- “Tərtər işi”nin törədilməsində rolu olan bütün şəxslərin cəzalarını alması və bu işin tam açılması üçün hansı addımlar atılmalıdır?

- ”Tərtər işi”nin törədilməsində rolu olan bütün şəxslərin cəzalanması üçün və bu işin tam obyektiv açılması üçün ilk növbədə siyasi iradə ortaya qoyulmalı və buna ictimai dəstək verilməlidir.

Yeri gəlmişkən,  6 dekabr 2022-i il tarixində 19 hərbçi bəraət alaraq azadlığa qovuşdu. Lakin, həmin hərbçilər ötən bu 2 aydan çox vaxtda dövlət tərəfindən heç bir dəstək görməyiblər. Onların sağlamlıq problemləri hələ də həllini tapmayıb, işlə təminatında, eləcə də sənədlərin qaydasına salınmasında problemlər yaşayırlar.




Paylaş:


Müəllif : Tarix:
25-02-2023, 14:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər