reklam
Regionxeberlericom.az » Araşdırma » Rayonlarımız xaricdən göndərilən pullarla dolanır: şok statistikaya reaksiyalar

reklam

Rayonlarımız xaricdən göndərilən pullarla dolanır: şok statistikaya reaksiyalar













Rəşad Həsənov: “Rusiyadan pulköçürmələrinin artımı fərdi şəxslərlə bağlı deyil”

Azərbaycanda, xüsusilə də regionlarda əhalinin xeyli hissəsinin güzəranında xaricdən, ən çox da Rusiyadan göndərilən pullar mühüm rol oynayır. 90-cı illərdə, 2000-ci illərin əvvəllərində dolanışıq arxasınca Rusiyaya, qismən də Türkiyə, Qazaxıstan və digər ölkələrə dağılışan yüz minlərlə Azərbaycan vətəndaşı uzun illərdir qazanclarının bir qismini öz yaxınlarına göndərirlər. Qeyri-rəsmi məlumatlara əsasən, təkcə Rusiyaya gedən əmək miqrantlarının sayı 2 milyon nəfərdən yuxarıdır.

Azərbaycandan insanların iş üçün xarici ölkələrə axını indi də davam edir. Əsas istiqamət yenə də Rusiya olaraq qalır. Rusiya Miqrasiya Xidmətinin məlumatına əsasən, 2017-2019-cu illərdə bu ölkəyə gəlib rəsmi əmək miqrantı kimi qeydiyyata düşən azərbaycanlıların illik sayı 56-57 min nəfər təşkil edib. 2021-ci ildə bu göstərici 63,9 min nəfərə çatıb. Ötən il Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi kimi əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb.

Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb.

Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin tətbiq etdiyi ağır sanksiyalar şəraitində bu ölkədən qonşu dövlətlərə köçənlərin sayı kəskin artıb. Bunlar əsasən İT sektorunun nümayəndələri olublar - sanksiyalardan sonra onların fəaliyyətlərini Rusiyada davam etdirmələri mümkünsüz olub. Onlar Rusiyadakı hesablarından iri məbləğlərdə pulları mərhələli şəkildə köçdükləri ölkələrə çıxarıblar - yeni yerdə iş qurmaq üçün. Eyni zamanda Rusiyada çalışan əmək miqrantları sanksiyaların mənfi təsirlərini və öz ölkələrinə qayıtmaq ehtimalını nəzərə alaraq, vətənə pul göndərişlərini kəskin artırıblar. Nəticədə 2022-ci ildə Rusiyadan postsovet ölkələrinə fiziki şəxslər tərəfindən pul göndərişlərinin həcmi rekord səviyyəyə çatıb. Bu proses Azərbaycandan da yan keçməyib. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən 2022-ci ildə  Azərbaycanda fiziki şəxslərə xaricdən edilən pul köçürmələrinin həcmi 3 milyard 620 milyon dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə təxminən 3,2 dəfə çoxdur.

Ötən il Azərbaycana edilən pulköçürmələrinin 82 faizi Rusiyanın payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Rusiya Federasiyasından pul köçürmələri cəmi 55 faiz təşkil edib.

Maraqlıdır ki, bu ilin əvvəlindən Rusiyadan xaricə pulköçürmələrində artım zəifləyib. Əsasən Asiya ölkələrinə köçürmələrdə azalmalar müşahidə olunur. Lakin Cənubi Qafqaz ölkələrində artım davam edir. Belə ki, birinci rübdə Rusiyadan Ermənistana fiziki şəxslərin pulköçürmələrinin həcmi 1,2 milyard dollar təşkil edib. Bu, keçən ilin eyni dövründəkindən 5 dəfədən də çoxdur.

Eyni dövrdə xaricdən Gürcüstana köçürmələrin həcmi 1 milyard 255,7 milyon dollara bərabər olub. Bunun 678,5 milyon dolları Rusiyadan reallaşıb, artım 55 faizə yaxındır.

Mərkəzi Bankın statistikasına əsasən, bu ilin birinci rübündə xaricdən Azərbaycana daxil olan pul baratları 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 84.2 faiz artaraq 442,1 milyon dollara çatıb. Hələlik AMB bunun nə qədərinin Rusiyadan reallaşdığını açıqlamayıb, lakin üstün payın bu ölkədə olduğu bəllidir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 68 milyard 914,6 milyon manata çatıb. Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6844,9 manatlıq gəlir düşüb. Xaricdən göndərilən pulların həcminin 6 milyard 154 milyon manata bərabər olduğunu nəzərə alsaq, əhalinin nominal gəlirlərində onun 9 faiz paya malik olduğunu deyə bilərik. 

2023-cü ilin yanvar-mart aylarında isə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 18 milyard 479,9 milyon manat və ya hər nəfərə orta hesabla 1823,7 manat təşkil edib. Bu isə o deməkdir ki, əhalinin gəlirlərində xaricdən göndərilən pulların payı 4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin Rusiyadan daxilolmalar üzrə apardığı araşdırmaya görə, Qazax-Tovuz rayonu bu pulların həcminə görə birinci yerdədir. Belə ki, son bir ildə Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinləri Rusiyadan adambaşına orta hesabla 13 manat pul alıblar. Yəni bu ərazidə yaşayan hər bir şəxsə il ərzində Rusiya Federasiyasından orta hesabla 156 manat pul göndərilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 8 manat 10 qəpik olub. Beləliklə, 60 faizdən çox artım var.

Lənkəran-Astara rayonu adambaşına orta pul köçürmələrinin ən çox olduğu ikinci iqtisadi rayondur. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıya köçürülən aylıq pullar hər sakinə orta hesabla 12 manat 10 qəpik təşkil edib. Maraqlıdır ki, 2021-ci ildə bu rəqəm daha çox olub - 13 manat 10 qəpik.

Üçüncü yeri  hər ay orta hesabla adambaşına 12 manat (2021-ci ildə bu rəqəm 8 manat 50 qəpik) daxil olan Gəncə-Daşkəsən bölgəsi tutur. Ən az “xarici” pullar Mil-Muğan iqtisadi rayonunun sakinlərinin payına düşüb. Bu rayon əhalisinin gəlirlərində pul köçürmələrin xüsusi çəkisi cəmi 0,5 faiz təşkil edib.

Eyni göstərici üzrə ikinci ən aşağı nəticə Sumqayıt şəhərinin də daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada xaricdən pul köçürmələri əhalinin gəlirlərinin cəmi 0,6 faizini təşkil edib.

Natiq Cəfərli: “Jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi  aparırsa...” Pravda.az



















Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bu vəsait hökumətin dadına çatır, bölgələrdə sosial problemlərin həllinə yardımçı olur, həmçinin ölkədə daşınmaz əmlak, avtomobil satışlarında və başqa sahələrdə durğunluq yaranmasına imkan vermir:  “Azərbaycan hökuməti uzun illərdir həm neft puluna, həm də Rusiyadan gələn vəsaitə görə tam arxayınlaşıb. Halbuki bu istiqamətlər dayanıqlı, daimi deyil, eniş-çıxışlı və dalğalıdır. Real iqtisadiyyat qurmaq, rəqabətli mühiti təşviq etmək əvəzinə hökumət getdikcə bütün fürsətləri daha dar çərçivədə cəmləşdirməyə çalışır, dövlət-məmur-kapitalizmi modelini daha da dərinləşdirir. Bunun ciddi fəsadları olacaq, indi də var, amma abrımızı baha neft-qaz örtür. 2030-cu ildə dünya tamam başqa enerji ritmi ilə yaşayacaq, Rusiyanın da taleyi getdikcə daha müəmmalı hala gələcək, oradan daxilolmalar kəskin azalacaq. 6-7 ilə işlək bir model qura bilməsək, getdikcə kasıblaşan topluma çevriləcəyik”.(AzadlıqRadiosu)















Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Rusiyadan pulköçürmələrinin kəskin artımı bu ölkədəki real iqtisadi vəziyyətlə deyil, siyasi-hərbi durumla bağlıdır: “Bu baxımdan, ötən il Rusiyadan köçürülən pulların kəskin artımı bir qədər fərqli şərtlər üzrə baş verib. Düşünmürəm ki, Rusiyadan fiziki şəxslərin pul baratları kimi rəsmiləşdirilərək çıxarılan pulların hamısı məhz fiziki şəxslərin fərdi köçürmələridir. Mən bunu daha çox Rusiyadan kapital axınının bir yolu kimi qiymətləndirirəm. Məlumdur ki, ötən il sanksiyalardan sonra Rusiya hökuməti xüsusilə xaricilərin ölkədən valyuta çıxarışlarının qarşısını almaq üçün müəyyən qadağalar tətbiq etdi. Buna görə də bir çox hüquqi şəxslər belə vəsaitlərini Rusiyadan çıxarmaq üçün başqa üsullara əl atdılar. Onlardan biri də fiziki şəxslər vasitəsilə köçürmələrdir. Bu baxımdan, ötən il Azərbaycana Rusiyadan köçürülən pulların Cənub regionunda, yaxud Tovuz-Qazax regionunda ailələrin gəlirlərində hansısa pay artımına gətirdiyini real hesab etmirəm. Heç həmin regionların əhalisi bu artımı real olaraq hiss etməyiblər də. Düşünürəm ki, bu ildən etibarən göndərişlərin həcmində azalma müşahidə olunacaq və tezliklə əvvəlki orta illik həcmlərə qayıdacaq, yaxud ondan da aşağı həddə düşəcək”.

Ekspert bildirir ki, xaricdən göndərilən pullar ənənəvi olaraq Cənub regionunda əhalinin gəlirlərində yüksək paya malik olur: “Lənkəran, Astara, Masallı və digər rayonlarda uzun illərdir bu vəsaitlər əhalinin sosial vəziyyətinə ciddi təsir edəcək səviyyədədir. Ondan sonra Tovuz  və ətraf rayonlar gəlir. Hər iki bölgə həm də sərhəd bölgələridir, transsərhəd ticarət imkanının qapadılması son illərdə onların əhalisi üçün ciddi çətinliklər yaradır. Bu baxımdan, Rusiya və digər xarici ölkələrdən pulköçürmələri kəskin azalarsa, hökumət sərhədləri açıb, sərhədyanı xırda ticarətin bərpasına şərait yaratmaqla əhalinin gəlirlərindəki azalmanı kompensasiya etməsinə şərait yarada bilər”.

Dünya SAKİT,

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
7-06-2023, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər