reklam
Regionxeberlericom.az » Araşdırma » Hüquq sistemimiz “Şlyapa Zahid”in əlində qalıb? - Görünəni odur ki...

reklam

Hüquq sistemimiz “Şlyapa Zahid”in əlində qalıb? - Görünəni odur ki...












Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatəti əsasında 18 iyul 2023-cü ildə Bakı şəhəri Səbayel Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə Zahid Gülsəfa oğlu Niftəliyev barədə həbs-qətimkan tədbiri seçilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin məşhur sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev barədə 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb.

Belə ki, iş materiallarına əsasən, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Qeyd edək ki, hazırda ləğv prosesində olan bankların çoxsaylı əmanətçilərinə vəsaitlərin ödənilməsi məqsədilə irihəcmli kreditlərin ilkin qaytarılmasının təmin edilməsi istiqamətində dövlət orqanları tərəfindən zəruri işlər həyata keçirilir.

Xatırladaq ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Ötən il həbsə alınan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və N saylı hərbi hissənin tağım komandiri müavini Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması bu il iyulun 4-də başa çatıb. Tərtər Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim İlqar Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsassızdır. Hökmə əsasən Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Zahid Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Qeyd edək ki, Zahid Niftəliyev və Elsevər Niftəliyev Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Zahid Niftəliyev rüşvət almaqdan əlavə hərbçiləri qanunsuz olaraq öz bağ evində işlətməkdə təqsirləndirilirdi. Baş Prokurorluq Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı Tərtər Rayon Məhkəməsinin hökmündən protest verib.

Azadlığa çıxandan sonra isə “Şlyapa Zahid” cəmi 2 həftə azadlıqda qala bildi.

Son olaraq hərbi dairələrdə “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıkov vəzifədə olduğu dövrdə “Şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıkov və Zahid Niftəliyevin birgə Ukraynada tütün fabriki olub. Fabrikin 13 faizi Zahid Niftəliyevə məxsus olub. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkova böyük zərbə kimi izah edilir. Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov “adı korrupsiya cinayətlərində hallanan Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıkovun həbsi ehtimalı artırmı” sualını belə cavablandırıb: “Şlyapa Zahid” getdi... Ancaq Nəcməddin Sadıkovun həbsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Biz nə qədər Kremlin, Putinin təsirindən uzaq olsaq, Nəcməddinin və digərlərinin həbsi şansı bir o qədər artacaq. Əgər Rusiya orada hərbi və siyasi mənada tam məğlub olsa, Azərbaycanda nəinki Nəcməddin, Kremlin “5-ci kolon”unun bütün nümayəndələri “buldozerin ağzına veriləcək”... Yox, Allah eləməmiş, Moskva - Putin Ukraynada qalib çıxsa, onda Nəcməddin də, bütövlükdə “5-ci kolon” da burada yenidən hökmranlıq əldə edə və Azərbaycan üçün daha təhlükəli oyunlar oynaya bilər..." Sabiq rəisin Rusiya hərbi-siyasi elitası ilə əlaqələri gizlin deyil. Nəcməddin Sadıkovun uzun illər Baş Qərargah rəisi postunu tutması da bu amillə bağlı olub: “Rusiyanın regionda təsirləri azaldıqca, Türkiyənin nüfuzu artdıqca, Nəcməddin Sadıkov kimi Rusiya ilə geniş əlaqəli kadrlar vəzifədən gedəcək, həbs olunma ehtimalları böyük olacaq. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri nə qədər geniş olsa da, artıq dövr dəyişib. Azərbaycan Rusiyanın təsir dairəsindən uzaqlaşdıqca, orduda vəziyyət dəyişəcək. 44 günlük Vətən müharibəsi göstərdi ki, Türkiyə ordu modelinin mənimsənilməsi ölkəmiz üçün həyati vacib məsələdir. Belə bir modeldə Nəcməddin Sadıkov kimilərə yer yoxdur. Rusiya ilə əlaqələri olan Rövşən Əkbərov artıq həbsdədir. Nəcməddin Sadıkov da belə bir aqibətdən sığortalanmayıb. Həbs qərarı veriləcəksə, bir anın içində qandallanacaq. Ona Rusiyadakı "dayı"ları kömək edə bilməyəcək".

Nəcməddin Sadıkov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb: “Ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Hazırkı mərhələdə onun işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Araşdırmalar zamanı məlum olub ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıkovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıkovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb. Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusu rəhbərliyinin döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər”.

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
20-07-2023, 10:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər