reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycandan Almaniyaya həkim axını: - Onları ölkədən didərgin salan şok səbəblər

reklam

Azərbaycandan Almaniyaya həkim axını: - Onları ölkədən didərgin salan şok səbəblər















Azərbaycandan xaricə həkim axını ölkəmizdə bir sıra sahələrdə ixtisaslı həkim qıtlığı yaradıb. Bu özünü daha çox regionlarda göstərir. Bu sözləri Sputnik Azərbaycan-a Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm Azərbaycandan Almaniyaya həkim axınına münasibət bildirərkən söyləyib.

O, bildirib ki, ölkəmizdə icbari tibbi sığorta ilə çalışan həkimlərə çox aşağı məbləğdə bonus verilir. Bəzən həkimlər aylarla bu bonusu ala bilmirlər. Bu isə onların işləmək üçün xarici ölkələrə üz tutmasına səbəb olur.

Azərbaycanlı həkimlər Almaniyaya axışır

Qeyd edək ki, Azərbaycandan Almaniyada 1400 həkim işləyir. Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov bununla bağlı sosial media hesabında bildirib ki, Azərbaycandan təkcə Almaniyaya 1400 həkimin getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı gözlənilir.

Rəhimov sözügedən axının səbəblərini belə izah edi: "Həmin həkimlərin təhsil aldıqları universitetdə və ya daha sonra çalışmağa başladıqları yerlərdə aldıqları psixoloji travmalar, güvənli şəkildə həkim haqlarını qoruyan, həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması həkimlərin işləmək üçün xaricə getməsinin səbəbləri sayıla bilər".

Kardiologiya Cəmiyyətinin sədri qeyd edib ki, xaricə üz tutanların əksəriyyəti məcburiyyət üzündən bu addımı atırlar:

"Yəqin ki, heç kəs Vətənini buraxıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi? Xeyr, tam əksinə, gələcəklərini sığortalamış oldular. Onlar ölkəmizdən fərqli olaraq, orada həkim kimi öz işindən zövq alacaqlar. Üzücü də olsa, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa, 1400 həmyerlim həkim kimi rahat olacaq. Lazım olduqda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb Vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik".

Həkimləri xaricə aparan səbəb

Ədalət Rüstəm də bildirib ki, həkimlərin xaricə üz tutmasının əsas səbəbi onların əməyinə getdikləri ölkədə yüksək qiymətin verilməsidir. Onun sözlərinə görə, xaricə işləmək üçün gedən həkimlər heç də təcrübəli həkimlər deyil:

"Gənc həkimlər, rezidenturanın aşağı kursunda oxuyanların çoxu təcrübə üçün Almaniyaya gedir. Onların bir hissə geri qayıtsa da, yarıdan çoxu elə həmin ölkədə qalaraq işləyir. İlk səbəb odur ki, onlar Almaniyada özlərini insan və həkim kimi hiss edirlər. Alman dövləti onların minimal dolanışığı üçün bütün şəraiti yaradır. Bu ölkədə həkimə qiymət verilir. Azərbaycanda isə bunlar yoxdur. Həkimlərə qarşı alçaldıcı hərəkətlər edilir. Tibb üzrə elmlər namizədi adı alanları sertifikasiyadan keçirirlər. Bütün bunlar həkimlərin xaricə üz tutmasına gətirib çıxardır".

Rüstəm deyir ki, həkimlərin sertifikasiyadan keçirilməsi təcrübəsi başqa ölkələrdə də var. Amma bu zaman həkimlərin kateqoriyası artırılır. Onlar kateqoriyaya görə əmək haqqı alırlar: "Həkimlərin maaşı kateqoriyalarına görə bölünür. Xarici ölkələrdə xəstəxanalar da kateqoriyalara bölünür. "A" kateqoriyalı xəstəxanalarda yüksək kateqoriya almış həkimlər çalışır. Bizdə isə sertifikasiyadan keçirilən həkimlərə belə kateqoriya verilmir. İllərlə həkim işləmiş, elmlər namizədini də sertifikasiyaya cəlb edirlər. Bütün bunlar həkimlərə pis təsir edir. Almaniyada həkim köməkçisinin əmək haqqı 3500 avrodan başlayır. Bu həmin ölkədə rezidentin yaşayışına, qidalanmasına kifayət edir. Azərbaycanda həkimə bu qiymət verilmir".

Regionlarda həkim çatışmazlığı yaranıb

Həmsöhbətimiz bildirib ki, artıq Azərbaycandan həkimlərin xarici ölkələrə axını həkim qıtlığı yaradıb. Onun sözlərinə görə, regionlarda həkim çatışmazlığı var. Buna görə də, müəyyən müayinə və əməliyyatlar üçün xəstələr paytaxta axışır.

"Bölgələrdə "endoskopiya" aparatını işlədən mütəxəssis yoxdur. Mədə-bağırsaq qanaxması olan xəstələrə xidmət göstərilmir. Anestezioloq olmadığından, bəzən əməliyyatlar novakainlə, keyitmə yolu ilə aparılır" - deyə Ə. Rüstəm bildirib.

İcbari tibbi sığortanın tətibiqi həkimləri ölkədən qaçmağa vadar edir?

Birlik sədrinin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərin ölkəmizdə işləməyə həvəsi lap azalıb.

O, bildirib ki, dövlət tibb müəssisələrində həkimlərin əmək haqqı 1200 manatdan başlayır. Bonuslar isə çox aşağı həddədir, aylarla həkimlər bonuslarını ala bilmir.

"Hazırda terapevtə bir xəstəni müayinə etdiyi üçün 80 qəpik bonus düşür. Bir xəstənin müayinəsi üçün icbari tibbi sığorta fondundan ayrılmış 17 manatın 16 manat 20 qəpiyi xəstəxananın xərclərinə ayrılır. Gün ərzində həkimlər nə qədər xəstə müayinə etməlidirlər ki, günlərinə 32 manat bonus düşsün. Ona görə də, dövlət xəstəxanalarında bir gündə hər həkim ən azı 40 xəstə qəbul edir. Dünya standartlarında isə qəbul olunub ki, gün ərizində bir terapevt 5, kardioloq 4, nevropatoloq isə üç xəstəyə baxa bilər. Yalnız bu halda keyfiyyətli tibbi xidmət göstərmək mümkündür. İndi dövlət xəstəxanalarında bu normaya məhəl qoyulmur. Həkimlər isə heç müayinə etdikləri xəstəyə görə bonusu hər ayın sonu ala bilmirlər. Bütün bunların nəticəsində həkimlər Azərbaycandan Almaniya və digər xarici ölkələrə axışır".

Əks istiqamətə axın nə vaxt olacaq?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə həkimlərin maddi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Amma səhiyyə islahatları hələki davam edir. Xüsusən gənc həkimlərin regionlarda işə cəlb olunmasına daha çox ehtiyac var.

"Azərbaycandan Almaniyaya gənc həkimlərin axınını biz də müşahidə edirik. Gənc həkimlərin Almaniyanın səhiyyəsində yeni bilik-bacarıqlar əldə etməsi, sosial baxımdan bu ölkəyə üstünlük verməsi təbii haldır. Hər bir mütəxəssis irəli can atır. Əsas odur ki, həmin həkimlərin tibb sahəsində bilik-bacarıqlara yiyələndikdən sonra ölkəmizdə tətbiq etməsinə şərait yaradılmalıdır. İnanıram ki, zamanla əks istiqamətdə axını müşahidə edəcəyik" - deyə deputat bildirib.

Həkimlər nə qədər bonus alır?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, səhiyyə işçilərinin əməkhaqları təkcə işin nəticəsinə görə həvəsləndirici əlavələrdən (bonus) ibarət deyil. Həkim ay ərzində aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavə, bonus, əmək şəraitinə görə ödənilən əlavə və digər ödənişlər alır. Yəni bonus da həkimin aylıq qazancını təşkil edən gəlirlər sırasındadır.

"TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3 - 295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24000 manat arası təşkil edir. Bu icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır. Həmçinin əlavə edək ki, həkim iş günü ərzində yalnız bir pasiyenti qəbul etmir.

Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük hədd (günlük qəbul edilən xəstə sayı) 15-35 pasiyent arasında dəyişir. Bu səbəblə də, yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində həkimə müayinə etdiyi 300-700 arası pasiyent sayına görə bonus hesablanır. Beləliklə, həkim ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə, 300-700 pasiyentin müayinəsinə görə bonus və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.Qeyd etmək olar ki, bundan əlavə həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır".

Qurumdan bildiriblər ki, həkim-ümumi cərrahın minimum aldığı aylıq vəzifə (tarif) maaşı 538 manat təşkil edir. Həkim-ümumi cərrahın maaşına 800 manat aylıq sabit həvəsləndiri əlavə tətbiq edilir. Bundan başqa həkimə işin nəticəsinə görə aylıq həvəsləndirici əlavələr ödənilir.Bu isə 538+800+minimum bonus 140 manat (tutulmalar daxil) = 1478 manat deməkdir.

Bir həkim gündə nə qədər xəstə qəbul edir?

Agentlikdən icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində işləyən həkimlərə düşən xəstə sayının beynəlxalq standartlardan çox olması ilə bağlı fikirləri isə belə şərh etdilər

"Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün iş günü həddi ambulator şəraitdə 30 nəfər sığortaolunan təşkil edir. Ambulator şəraitdə terapiya və pediatriya ixtisasları, rentgen, mamoqrafiya və flüroqrafiya müayinəsi üzrə çalışan həkimlər üçün iş günü həddi (xəstə limiti) 35 nəfər sığortaolunan müəyyən olunub. Ultrasəs müayinəsi (USM) üzrə çalışan həkimlər üçün iş günü həddi 30 nəfər, EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər üçün günlük hədd 15 sığortaolunan təşkil edir. Göründüyü kimi tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük hədd (günlük qəbul edilən xəstə sayı) 15-35 pasiyent arasında dəyişir. Həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb.

Həkimlərin 6 saatlıq iş rejimini nəzərə alanda orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayrılıb. Bu vaxt ərzində həkim xəstənin şikayətini dinləyir, ona dəqiqləşdirici suallar verir. Ehtiyac olduqda həkim fiziki müayinə apara, resept yaza və əlavə müayinələr təyin edə bilər. Bəzi hallarda həkim əvvəlki müayinələrin nəticələri ilə tanış olur, təkrar gəlişlərdə onları sonuncu müayinə nəticələri ilə müqayisə edir. Bütün bu proses bəzən 30 dəqiqə və daha çox vaxt apara bilər".

Məlumat üçün bildirək ki, Alman Tibb Assosiasiyasının 2022-ci ilin dekabrına olan statistikasına görə, Almaniyada 421.000 həkim çalışır. Onlardan 60 minə yaxını (14 faizdən çoxu) xarici ölkələrdən gələn həkimlərdir.




Paylaş:


Müəllif : Tarix:
25-07-2023, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər