reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycanda quş əti istehsalının azalmasının səbəbləri...

reklam

Azərbaycanda quş əti istehsalının azalmasının səbəbləri...













2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 57,5 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunub. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən quş əti istehsalı 2,9 faiz azalıb, yumurta istehsalı isə 27,5 faiz artıb. Ötən ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 59,2 min ton quş əti və 599,4 milyon ədəd yumurta istehsal olunub.

Rəqəmlərdən də göründüyü kimi, quş əti istehsalımızda azalma müşahidə olunur. Bəs bu azalmanın səbəbləri nələrdir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Statistika ilə bizim rəqəmlər uyğun deyil”

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, azalmaya baxmayaraq bu sahədə ciddi problem yoxdur:

“Statistika ilə bizim rəqəmlər uyğun deyil. Hazırda respublikada 300-350 min ədəd toyuq kəsilir. Bu, aylıq 10-12 ton quş əti deməkdir. Amma qeyd edilən statistikada rəqəmlər daha az göstərir. Həmçinin, hazırda yemin qiymətinin aşağı olması, digər quş əti istehsalı üçün vacib olan hər şeyin ölkəmizdə mövcudluğu istehsalın azalmasına əsas verə bilməz. Bazarlarda kifayət qədər quş əti satılır. Bütün böyük fabriklərin ehtiyat anbarlarında da donmuş şəkildə quş əti mövcuddur. Bu səbəbdən, istehsalın azalmasına səbəb yoxdur. Süfrə yumurtasında isə artım var. Hətta ilin ilk yeddi ayı ərazində xaricə 34 milyon yumurta ixrac etmişik. Keçən il isə bu rəqəm yeddi milyon idi. Bütün bunları ümumiləşdirsək, bu qənaətə gələrik ki, bu sahədə elə bir ciddi problem yoxdur”.

Rəqəmlərin statistika ilə uyğun gəlməməsi mövzusunda isə müsahibimiz bildirib ki, rəqəmlərin belə az göstərilməsinə səbəb yerli fabriklərin statistikasını gizlətməsi ola bilər. Çünki, kiçik fabriklər bəzən statistikalarını gizlədirlər.

Qırmızı ətin bahalaşması quş ətinə tələbatı artırıb

M.Həsənlinin sözlərinə görə, nə quş əti, nə də yumurta istehsalında sonrakı illər üçün də ciddi bir problem görünmür, əksinə, tələbat daha da artacaq:

“Gələcək dövr üçün də ölkədə kifayət qədər quş əti istehsalı potensialı var. Bu gün ölkədə quş əti istehsalı ilə məşğul olan 787-dən çox fermer təsərrüfatı var. Hansı ki, onların müəyyən qismi çalışır ki, aylıq 10-12 min ton arasında quş əti istehsal olunsun. Süfrə yumurtası ilə bağlı mövcud durum da kifayət qədər rəqabətlidir. Gündəlik yumurta tələbatımız üç milyon 600 ədəddir. İstehsal isə dörd milyon 500 min və beş milyon arasıdır. Bu sahə ilə bağlı gələcəkdə həm quş ətində, həm də süfrə yumurtasında artım olacaq. Ona görə ki, bu məhsullara tələbat gündən-günə artır. Keçən il quş ətinə tələbatımız 150 min ton idisə, bu il həmin göstərici 165-170 min tona qədər qalxıb. O cümlədən, yumurtaya olan tələbat illik adam başına 147 ədəd idisə, bu il artıq 157-ni keçib. Bu məhsullara tələbatın artmasının da səbəbi əhalinin tələbatının bu istiqamətdə olmasıdır. Yəni qırmızı ətin bir az baha olması ağ ətə meylliliyə səbəbə ola bilər”.

Fermerlər üstünlüyü yumurta istehsalına veriblər

İqtisadçı Emin Qəriblinin fikrincə, quş əti istehsalında azalmanın səbəbi yumurta istehsalına diqqətin daha çox artması ola bilər:

“2,9 faiz azalma normaldır. Çünki bazar özü dalğavarı inkişaf edir. Göründüyü kimi, yumurtada artım mövcuddur. Bazara baxdıqda görərik ki, quş əti yetərli qədər çoxdur. Yəqin ki, fermerlər bunu nəzərə alaraq yumurta istehsalına daha çox diqqət ayırıblar. Çünki bu sahədə xaricdə də qıtlıq yaranmışdı. Əgər azalma ilə bağlı yüksək rəqəmlər qeydə alınsaydı, səbəblər daha ciddi olardı”.

Kiçik istehsalçılar böyük biznesə uduzurlar

İqtisadçı Rauf Qarayev isə qeyd edib ki, istehsalın zəifləməsinə səbəb müxtəlif ola bilər:

“Bəzən sahibkar bazarda öz malını sata bilmir. Nəticədə məcburdur fəaliyyətini dondursun. Bundan sonra müəyyən məqam gözləsin ki, bazar nə vaxt əlverişli olacaq. İstehsalın azalmasında monopoliya da öz rolunu oynaya bilər.

Bu səbəbdən kiçik sahibkarlar bazarda olan rəqabətə dözə bilmir, biznesini daha iri müəssisələrə satırlar. Bəzən sahibkar biznes qurmaq üçün kredit götürür. Uğurlu ola bilmir və borcu ödəmək imkanı olmur. Bu səbəbdən məcburən biznesini satır. İstehsalın azalması müvəqqəti də ola bilər”.




Paylaş:


Müəllif : Tarix:
29-10-2023, 10:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər