reklam
Regionxeberlericom.az » Araşdırma » Bəxtiyar Hacıyev işi ilə bağlı detallar məlum oldu

reklam

Bəxtiyar Hacıyev işi ilə bağlı detallar məlum oldu


İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror Eldar Həmzə ittiham aktını elan edib. 

İttihamda deyilir ki, Bəxtiyar Hacıyev bir neçə il əvvəl “Human Capital Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradıb, özünü həmin Cəmiyyətin direktoru təyin edib. 

O, “Caspian Plaza” Biznes Mərkəzində müqavilə bağlamadan icarəyə ofis götürüb. Vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları, yay məktəblərinin təşkili xidmətləri göstərib. Ancaq bu xidmətləri vətəndaşlarla müqavilə bağlanılmadan həyata keçirib. Maliyyə, vergi və digər hesabatlar tərtib etməyib, mühasibat uçotu və başqa rəsmiləşdirmələr aparmayıb. 

İttihama əsasən, nəticədə faktiki əldə etdiyi gəlirlərdən vergi, məcburi dövlət sığortaları və digər ödənişləri etməkdən yayınıb. MMC-nin nəzdində fəaliyyət göstərən, gündəlik fəaliyyətinə şəxsən rəhbərlik etdiyi “Premium Class Azerbaijan” dil mərkəzində xarici dil tədris edən müəllimlərlə və digər işçilərlə əmək müqaviləsi bağlamayıb. 2016-2022-ci illərdə “Caspian Plaza” Biznes Mərkəzində icarəyə götürdüyü otaqları və zalları qanunsuz olaraq dil kursları, təlim, seminarlar keçirilməsi üçün ayrı-ayrı şəxslərə aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla, müqavilə bağlamadan subicarəyə verib, qazanc əldə edib. Bunlara görə heç bir müqavilə bağlamayıb, dövlətə vergi və başqa ödənişlərdən yayınıb. 

Bundan başqa, Hacıyev 2015-ci ildə “İctimai Siyasət İnstitutu” (Public Policy İnstitute) yaradıb. Təşkilatın ppi.az internet səhifəsində iş elanları, müsabiqələr, layihələr üzrə yazı elanları, qonorarın ödənilməsi şərtləri barədə formal xarakterli məlumatlar paylaşıb. Təşkilatın qanuni əsaslarla fəaliyyət göstərən QHT olmasına görüntü yaradıb. 2020-2022-ci illərdə ofisdə “Caspian PlatForum” adı altında müxtəlif tədbirlər keçirib. Xarici ölkələrdəki donor təşkilatlarına müxtəlif xərclərlə bağlı maaşlar, məsləhət və xidmətlər, səyahət və gündəlik, ofis sahəsi və kommunal xidmətlər, rabitə və poçt və digər xidmətlər barədə saxta sənədlər tərtib edib göndərərək qrantlar alıb. 

O, həmçinin Azərbaycanda qrant vermək hüququ əldə etməmiş “Avropa Demokratiyaya Yardım Fondu” adlı qeyri-hökumət təşkilatı ilə müxtəlif qrant müqavilələri altında 2020-2022-ci illər ərzində 45 min 500 avro civarında pulun qrant adı altında xarici bank hesablarına köçürülməsinə, gömrükdə bəyan etmədən, qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə nail olub. 

B. Hacıyev cinayət yolu ilə ümumilikdə 133 min 849 manat pul əldə edib. Həmin pulla Yasamal rayonunda özünə mənzil alıb. 

Ona qarşı irəli sürülmüş digər ittiham məhkəməyə hörmətsizliklə bağlıdır. İş materiallarında qeyd edilib ki, B. Hacıyev 2021-ci ilin 15 oktyabrında Yasamal Rayon Məhkəməsində onu xüsusi ittiham qaydasında məhkəməyə vermiş Ülviyyə Muradovanı təhqir edib, onu məhkəmə zalından çıxarmağa çalışan icra məmuru Orxan Abdullayevə müqavimət göstərib.

Qeyd olunan əməllərə görə, B.Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham verilib.

Hacıyev verilmiş ittihamlarla özünü təqsirli bilməyib.




Paylaş:


Müəllif : Tarix:
3-02-2024, 10:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər