reklam
Regionxeberlericom.az » Araşdırma » Milli Məclisə seçkilərlə bağlı yeni tarix, yeni təfərrüat

reklam

Milli Məclisə seçkilərlə bağlı yeni tarix, yeni təfərrüat


















Hakimiyyət payızda gözlənilən nəhəng beynəlxalq tədbirləri nəzərə alaraq, iyunda parlament seçkilərinə gedə bilər; xalq ilk dəfə bir ildə üç dəfə sandıq başında seçim edəcək - mütəxəssislər və siyasi qüvvələr isə deyirlər ki...

Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. “Yeni Müsavat” qeyd edir ki, növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı isə indiyə qədər mətbuatda müxtəlif versiyalar səsləndirilib. Lakin heç bir rəsmi rəy bildirilməyib. 

Xatırladaq ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Bu, o deməkdir ki, seçki 2024-cü ilin noyabrında keçirilməli idi, lakin seçkinin daha tez keçiriləcəyi gözlənilir. Bu mövzuda Azpolitika.info-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, növbəti parlament seçkiləri 2024-cü ilin noyabrı deyil, iyununda keçiriləcək. Bunun səbəbi ölkəmizi bu ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.

Həmçinin Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir ki, buna da hazırlıq işləri aparılmalıdır və ardıcıl olaraq qısa zaman kəsiyində iki seçki keçirmək, eyni zamanda da böyük beynəlxalq tədbir təşkil etmək həm paytaxtı, həm də bu işlə məşğul olacaq strukturları hədsiz dərəcədə yükləmiş, yormuş olardı. Böyük beynəlxalq tədbir deyərkən, əlbəttə ki, noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 nəzərdə tutulur. Bu tədbir öz əhəmiyyəti və kütləviliyi ilə xüsusi seçilir. COP29-a dünyanın 5 qitəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir. Gələn qonaqlar arasında çoxlu sayda hökumət və dövlət başçıları olacaq. Yəni bu beynəlxalq tədbirin əhəmiyyətini kiçiltmək mümkün deyil və onun təhlükəsizliyi də daxil olmaqla, təşkilatçılıq işləri kifayət qədər böyük vaxt, əmək və resurslar tələb edəcək. Onu da qeyd edək ki, ölkəmizdə keçiriləcək kütləvi beynəlxalq tədbirlər COP29-la məhdudlaşmır, sentyabrda "Formula-1" yarışı da keçiriləcək. Şübhəsiz ki, bu tədbir də ciddi hazırlıq, təşkilat işləri tələb edir.

Bütün yuxarıda qeyd edilənlər nəzərə alınaraq, parlament seçkilərinin noyabrda keçirilməsi məqbul sayılmır. Ona görə də seçkinin daha əvvələ - iyuna təyin ediləcəyi gözlənilir. Mənbələr qeyd edir ki, bu dəfə ölkə parlamenti 2020-ci ilin fevralından fərqli olaraq, özünü buraxmayacaq. Bu praktikanı təkrar etməmək qərara alınıb. Ona görə də Milli Məclisin ölkə başçısının müvafiq qərarı ilə buraxılacağı gözlənilir. Konstitusiyanın 98-ci maddəsində də Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib. Həmin maddəyə görə, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədlərini Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident parlamenti buraxır. Bundan başqa, konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərin) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Prezident Milli Məclisi buraxır. 

Daha dəqiq desək, konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Göründüyü kimi, bütün bunlar texniki məsələlərdir və böyük ehtimalla ölkə başçısının parlamentin buraxılması barədə qərarından öncə həmin şərtlər təmin olunacaq. Kəsəsi, beynəlxalq tədbirlər, o cümlədən dekabrda bələdiyyə seçkilərinin olacağı nəzərə alınaraq, bu ilin iyununda parlamentə növbəti seçkilərin keçiriləcəyi istisna edilmir. Bununla da Azərbaycanda bir ildə üç seçki keçirilmiş olacaq. Yada salmaq yerinə düşər ki, fevralın 7-də prezident seçkisi olub. Yəni bir il ərzində ilk dəfə bütöv Azərbaycanda həm prezident, həm parlament, həm bələdiyyə seçkiləri keçirmiş olur. Bəs mütəxəssislər necə qiymətləndirirlər: hakimiyyət payızda gözlənilən toplantılar səbəbindən seçkiləri iyunda keçirə bilərmi, budəfəki MM seçkiləri nə ilə fərqlənəcək?














Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin bu məsələdə öz yanaşmaları var. Partiya rəsmisinin “Yeni Müsavat”a bildirdiyinə görə, qanunvericilik və konstitusiyaya baxsaq, bəli, noyabrın ilk bazar günü Milli Məclisə seçkilər keçirilməlidir: “Ondan gec ola bilməz, lakin ondan tez mümkündür. Ona görə hakimiyyətin seçkiləri əvvələ çəkəcəyini istisna etmirəm. Sadəcə, bir ehtimal ondan ibarətdir ki, çoxdan gözlənilən konstitusiya islahatları aparılarsa, o zaman keçici maddə kimi seçkiləri gələn ilin fevralına saxlamaq da mümkündür. Yəni o mətnin dəyişdirilməsi və seçki müddətində gələn ilə saxlanması istisna deyil. Amma bunun üçün referendum olmalıdır”. 

N.Cəfərli hesab edir ki, əgər referendum olmayacaqsa, o zaman bu konstitusiya tələb edir ki, parlament seçkiləri bu il keçirilsin: “Sizin də qeyd etdiyiniz beynəlxalq tədbirləri nəzərə alsaq, o halda, iyun-iyul ayları seçkilər üçün daha məntiqli dövrdür. Ancaq zaman da azalır, martı başa vurmaqdayıq, qarşıda aprel-may ayları qalır. Digər tərəfdən, bundan əvvəl də parlament seçkiləri növbədənkənar keçirilmişdi. Həmin Milli Məclisin buraxılması dövrlə ayaqlaşa bilməməsi, qüsurları ilə əlaqələndirilmişdi. İndi də parlament seçkiləri önə çəkilsə, ən azı 6-7 ay tez baş tutsa, növbədənkənar keçirilmiş sayılacaq. Bəs, iqtidar bu dəfə erkən keçirilməsini necə izah edəcək? Çünki Milli Məclisə seçkilərin ard-arda növbədənkənar keçirilməsi, Milli Məclisin buraxılması qanunverici orqanın reputasiyasına da, iqtidar üçün də yaxşı görünməz. Ona görə, zənnimcə, konstitusiya islahatları aparılması labüddür. Ölkənin qanunvericiliyində dəyişikliklər olmasa yeni vizion yaratmaq çətindir”. REAL rəsmisinin sözlərinə görə, əgər konstitusiya dəyişiklikləri olarsa, bunu müxalifət qüvvələri də dəstəkləyə bilər. 

















Fuad Əliyev

Prezidentliyə keçmiş namizəd Fuad Əliyevin sözlərinə görə, noyabrdan əvvəl seçkilər keçirilməsi vaxtla izah oluna bilər: “Təbii ki, hətta bir həftə tez keçirilməsi belə növbədənkənar seçki adlanacaq. Amma məsələyə bu aspektdən yanaşmaq da doğru olmaz. Milli Məclisin buraxılması noyabrda keçiriləcək mötəbər tədbirlə əlaqələndirilə bilər ki, zaman azdır, bir az irəli də çəkməsək, onda qanunvericiliyi pozmuş olarıq. İndi hansı daha yaxşıdır? 5-6 ay əvvəl seçki keçirmək, yoxsa konstitusiyaya zidd addım atıb gələn ilə saxlamaq? Hər halda, birincidə heç bir konstitusiya pozuntusu olmayacaq. Yalnız bir şərtlə gələn il ola bilər ki, parlament noyabrın ilk bazar gününə qədər özünü buraxır, yeni seçki təyin olunur, lakin keçirilməsi 2025-in fevralında baş tutur. Ancaq burada da yenə problem meydana çıxır. Ona görə, fikrimcə, bu ilin iyununda, yaxud avqust-sentyabr arasında seçki keçirilə bilər. Çünki COP29 hələ noyabrda olacaq. Amma Türkiyə nümunəsi də var - eyni gündə, yəni dekabrın 23-də xalq bələdiyyələrə üzvləri də, parlamentə yeni deputatları da seçə bilər”. F.Əliyev parlament seçkilərində iştirak etmək niyyətindədir: “İlk dəfə azad edilən ərazilərdə həm də deputatlığa seçkilər olacaq. Biz Zəfər parlamentinin seçkilərini keçirməliyik. Düşünürəm ki, fərqli bir Milli Məclis və tərkib görəcəyik. Amma iyunla bağlı qəti fikir bildirmək çətindir, çünki ictimai rəyə bununla bağlı hər hansı informasiyalar ötürülmür".

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
20-03-2024, 10:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər