reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dünya şöhrətli azərbaycanlı rəssam kətan almağa pul tapmır - MALƏSƏF...

reklam

Dünya şöhrətli azərbaycanlı rəssam kətan almağa pul tapmır - MALƏSƏF...


















Bu günlərdə azərbaycanlı rəssam Nəcməddin Hüseynov “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Avropanın Şərəf Ordeni ilə təltif olunub. Orden Rusiya Peşəkar Rəssamlar İttifaqının üzvü, Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü olan rəssama poçt vasitəsilə göndərilib. Çünki rəssam imkansızlıq üzündən, bütün ömrünü həsr etdiyi əsərlərini saxladığı təmirsiz, tavansız, döşəməsiz evindən heç yerə çıxa bilmir.

Söhbət Qazax rayonunun Çaylı kəndində yaşayan Nəcməddin Hüseynovdan gedir. Onun haqqında bir ay öncə oxucularımıza məlumat vermişdik. Bu günlərdə 69 yaşını qeyd edəcək rəssam, Avropanın Şərəf Ordeni ilə təltif olunduqdan sonra yenidən AYNA ilə həmsöhbət olub.

O, rəssamlıq məktəbində oxuduğu dövrü və hərbi xidməti nəzərə almasaq, demək olar ki, bütün ömrünü doğma kəndində keçirib. Hələ kiçik yaşlarından rəsm çəkməyə başyayan N.Hüseynov dünyaya bunun üçün gəldiyini deyir: “Mən bu dünyaya çəkmək üçün gəlmişəm. Bu, mənim missiyamdır. Bu, mənə şöhrət gətirsə də-gətirməsə də, pul gətirsə də-gətirməsə də, mən bu işi dayandıra bilmərəm. Sanki mən çəkdikcə borcumdan çıxıram. O səbəbdən demək olar ki, hər gün çəkirəm”.

Rəsm çəkmək üçün material, xammal lazımdır – bu da xərc deməkdir. Çəkmək üçün kətan, onları saxlamaq üçün taxta çərçivələr, müxtəlif boyalar - hər biri xərc tələb edir. Ucqar bir kənddə yaşayan, əsərlərini satmaq imkanı olmayan bir rəssam üçün bunlar hamısı ciddi məsrəfdir.

Müsahibimiz bu vəziyyətdən özü icad etdiyi üsullarla çıxmağa çalışır: “Əlimə nə gəlir, işləyirəm. Heç nə olmasa, qara diyircəkli qələmlə işləyirəm. Rəssam üçün bəhanə yoxdur. Rəng yoxdursa, kömürlə işlə, “kubiki” qır, onunla nəsə düzəlt. Şamın, çırağın hisi ilə çək. O da yoxdur, rezin yandır, onun tüstüsü ilə işlə. Bircə dayanma. Yoxsa, ay kağızım yoxdur, ay rəngim yoxdur... Belə çəkmək olmaz”.

Kətan parça almaq üçün imkan olmadğından, rəssam çox vaxt şəkər tozu və digər sintetik kisələri rəngləyərək onların üzərində öz əsərlərini yaradır. Oğlu ilə birgə yaşayan sənətkar gündəlik məsrəflərini isə II qrup əlilliyinə görə aldığı 360 manatlıq müavinətlə ödəməyə çalışır. Arada sifarişlə əsərlər götürsə də, rayon mühitində bu, çox nadir hallarda olur.

Hüseynov Azərbaycan Rəssamlar İttifaqının (ARİ) da üzvüdür. Maraqlısı isə odur ki, 2011-ci ildən sənədlərini göndərdiyi ARİ-də hələ də həvəskarlar kateqoriyasında üzv kimi tanınır. Rusiya Peşəkar Rəssamlar İttifaqına isə təşkilatın dəvəti ilə üzv seçilib. Belə ki, oğlunun köməkliyi ilə onlayn qatıldığı beynəlxalq müsabiqədə qızıl medal qazandıqdan sonra onunla əlaqə saxlayaraq, ittifaqa üzv seçildiyini bildiriblər.

Rəssam özü neqativlər barədə danışmağı xoşlamasa da, onun hər hansı bir dəstəyə, yardıma ehtiyacı olduğu hər halndan bilinir. Belə götürəndə onun bu həyatdan böyük gözləntisi də yoxdur. Bir az kətan, bir az rəng və azacıq da diqqət onu dünyanın ən xoşbəxt insanı etmək üçün yetər. Ümid edək ki, Nəcməddin Hüseynov haqqı olduğu diqqəti öz vətənində də görəcək.

Ayna.az




Paylaş:


Müəllif : Tarix:
14-06-2024, 08:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər