reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bir yaşlı oğlan necə qız oldu? Azərbaycandakı unikal əməliyyatlar - ARAŞDIRMA

reklam

Bir yaşlı oğlan necə qız oldu? Azərbaycandakı unikal əməliyyatlar - ARAŞDIRMA


Azərbaycanda son illər bir çox nadir və mürəkkəb əməliyyatlar keçirilir. Bunun sayəsində artıq yerli sakinlərin bir çoxu xəstəlikləri səbəbindən xaricə üz tutmurlar və burada qalaraq müalicə olunurlar.
Lent.az ölkədə baş tutan unikal əməliyyatlarla bağlı kiçik araşdırma aparıb.
Beləliklə, 25 unikal əməliyyatı təqdim edirik:
1. 19.09.2019-cu il - Azərbaycan otorinolarinqoloqu, qulaq-burun-boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov on il öncə damaq badamcıqlarının çıxarılması, yəni tonzillektomiya əməliyyatı zamanı xanım pasiyentin boyun nahiyəsində qalan uzunluğu 2 santimetrlik iynənin fraqmentini çıxarıb.
E.Əkbərov tonzillektomiyanın o qədər də bəsit əməliyyat olmadığını deyib:
"Əməliyyat çox vaxt yerli keyləşdirmənin köməyi ilə uyğun olmayan ambulator şəraitdə icra olunur və xüsusi bacarıq tələb edir. Pasiyent 2009-cu ildə reallaşan tonzillektomiya əməliyyatı zamanı sağ damaq badamcığı yatağından qanaxma kimi fəsad yaşayıb. Qanaxmanı dayandırmaq üçün əməliyyat yarası daxilində tikilmə yoluna əl atılıb. Bu prosedur zamanı iynə qırılaraq boyunun yumşaq toxumalarında qalıb. Əməliyyat dörd saat davam edir, qanaxma dayandırılır, amma qırılmış iynə aşkarlanmır. Əməliyyatdan sonrakı dövrdə pasiyentin sağ boyun nahiyəsində, xüsusilə udqunma və boyun bükülməsi hərəkəti zamanı ağrıların olduğu qeydə alınıb. Lakin həmin dövrdə müalicəni aparan personal radioloji müayinədə hər hansı bir problem aşkarlaya bilməyib, pasiyentə problemin subyektiv olduğu deyilib”.
2. 22.08.2019-cu il - xəstənin protez vasitəsilə cinsi fəaliyyəti bərpa olunub. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Urologiya kafedrasının professoru İlham Əhmədov və komandasının səyi ilə ağır qəzadan sonra 7 dəfə əməliyyat olunmuş gənc xəstəyə penoskrotal 3-lü şişirilə bilən protez qoyulub.
Professor İ.Əhmədovun sözlərinə görə, klinikaya 32 yaşlı xəstə total erektil disfunksiya (cinsi fəaliyyətin olmaması) ilə bağlı müraciət edib. Bununla yanaşı, xəstə 7 il əvvəl keçirdiyi avtomobil qəzasında çanaq zədələnməsinə məruz qalıb. Bundan sonra 7 dəfə müxtəlif əməliyyat keçirib: dəri autotransplantasiyası, uretraplastika, meatotomiya və s.
O bildirib ki, xəstə dəfələrlə konservativ müalicə alsa da, heç bir effekti olmayıb. Odur ki, avqustun 16-da xəstəyə ümumi anesteziya altında üç parçalı penil protezin implantasiyası penoskrotal yolla əməliyyatı keçirilib.
3. 05.08.2019-cu il - Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi həyatına mane olan problem unikal üsulla aradan qaldırılıb. Ağır dərəcəli Erektil Disfunksiyadan (impotensiyadan) əziyyət çəkən xəstəyə üç hissəli şişirilə bilən penil protez implantasiya edilib. Bu əməliyyat ilk dəfə peno-skrotal üsulla (xayalıq kəsiyi ilə) icra olunub.
Əməliyyatı uroloq-androloq, Azərbaycan Andrologiya Cəmiyyətinin sədri, professor İlham Əhmədov edib.
4. 06.07.2019-cu il - Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun rəhbərliyi ilə icra olunan əməliyyat zamanı xəstədən böyük ölçüdə bədxassəli şiş xaric olunub.
Professorun sözlərinə görə, 57 yaşlı Xəzri Bədəlov sol qabırğaaltı, sol bel və qasıq nahiyəsində kəskin ağrıların olması şikayəti ilə klinikaya müraciət edib və xəstədən sol böyrək, sol böyrəküstü vəzi, mədəaltı vəzin quyruq hissəsi, köndələn və enən çəmbər bağırsaq, dalaq, yoğun bağırsağın dalaq əyriliyi və öd kisəsi əməliyyatla götürülüb.
Professor, belə xəstələrdə yoğun bağırsağın dəridən bayıra çıxarıldığını və buna da tibbdə “anus pretur naturalis” deyildiyini qeyd edib: “Bu yolla xəstə özünün izafi ehtiyaclarını ödəməli olur. Əməliyyatın unikallığı da ondan ibarətdir ki, bu addım atılmadan törəmə xəstədən xaric edildi və serkulyar stepler ilə birmomentli kolo-koloanastomoz yoğun bağırsağa calandı".
5. 28.03.2019-cu il - Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına 14 yaşlı qız tam formalı "testikulyar feminizasiya" diaqnozu ilə müraciət edib. Yəni, xaricdən qadın olan bu pasiyentin daxili orqanları kişi cinsinə aid olub.
Klinikanın baş həkimi Ramiz Poluxov bildirib ki, uşaq 2 yaşında ikən ikitərəfli yırtıq əməliyyatı keçirib. Uşaqda ilk narahatlıq 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb:
"Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur. Müayinə nəticəsində ona "testikulyar feminizasiya" diaqnozu qoyulub. 2018-ci ildə isə xəstənin çanaq boşluğunun maqnit rezonans tomoqrafiyası zamanı intraabdominal (qarın boşluğunda) maliqn transformasiyalı xayaların olduğu müəyyən edilib".
Cərrah R.Poluxovun sözlərinə görə, müayinə zamanı xəstənin fenotip olduğu təsdiqlənib. Yəni, xarici görünüşünə görə tam qız olan bu pasiyentdə inkişaf etmiş süd vəziləri və xarici cinsiyyət üzvləri olub. Lakin daxildə uşaqlıq və yumurtalığı yoxdur, yalnız 3-4 sm-lik infantil uşaqlıq yolu olduğu müəyyənləşib. Lakin genotip olaraq xəstə 46XY geninə aid tam oğlandır.
Bu xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb. Onun qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb. Xaric olunmuş xayalar histoloji müayinəyə göndərilib və in situ qonadoblastoma aşkar edilib.
6. 11.02.2019-cu il - İxtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası süni ürək implantasiyası həyata keçirib.
Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstə əməliyyat olunub. İxtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası süni ürək implantasiyası (çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirib.
7. 15.01.2019-cu il - Unikal böyrək köçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan həyata keçirib.
Əməliyyatın mürəkkəbliyi resipiyentin artıq çəkidə və patoloji piylənməsinin mövcudluğu ilə bağlı olub. Bundan əlavə, resipiyent və donorda immunoloji uyğunluqda ciddi risklər qeydə alınıb.
Konsiliumdan sonra böyrəyin köçürülməsinə qərar verilib. Bütün anatomik çətinliklərə və immunoloji maneələrə baxmayaraq, əməliyyat uğurla həyata keçirilib.
8. 12.10.2018-ci il - Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat icra olunub. 72 yaşlı xəstənin döş qəfəsi açılmadan və anesteziya verilmədən qapalı üsulla ürək qapağı dəyişdirilib.
Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yüksək ixtisaslı həkimləri – ürək-damar cərrahı Anar Əmrah, invaziv kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov uğurla həyata keçirib. Əməliyyat ən müasir avadanlıqlarla təchiz olunmuş hibrid salonunda (Angioqrafiya və əməliyyatın bərabər aparıldığı əməliyyatxana) aparılıb.
9. 08.10.2018-ci il - İnkişaf etmiş ölkələrdə həyata keçirilən limbal kök hüceyrə köçürmə əməliyyatı Azərbaycanda da reallaşıb.
10 ildir buynuz qişanın xorası səbəbi ilə müalicə almasına baxmayaraq gözündə şiddətli ağrıları davam edən xəstəyə oftalmoloqlar Şahin Novruzlu və Rəhimə Poluxova limbal kök hüceyrə köçürülməsi əməliyyatı edib.
Qeyd edək ki, limbal kök hüceyrə köçürmə əməliyyatı gözün buynuz qişasında aparılan unikal bir göz əməliyyatıdır.
10. 06.04.2018-ci il - Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında xəstənin dilaltı nahiyəsinə qoldan götürülmüş toxuma köçürülüb. Ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir qismi də götürülüb. Bildirilib ki, çənədən çıxarılan sümüyün əvəzinə isə titandan rekonstruktiv lövhə qoyulub.
Klinikanın Üz-çənə Cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov bildirib ki, xəstədə hələ 4 il qabaq çənəaltı türürcək vəzində bədxassəli şiş müşahidə olunub. Törəmə çənə sümüyünə və dilaltı toxumalara da yayılıb.
11. 15.03.2018-ci il - Bakıda Mərkəzi Klinikada anadangəlmə mürəkkəb ürək qüsuru ilə doğulan körpə əməliyyat edilib. Əməliyyat Avropada ilk dəfədir Bakıda icra olunub.
Xəstədə ürəkdən çıxan damarların birinin – pulmonar damarın qapağında güclü daralma müşahidə olunub və bununla yanaşı ürəyin koronar damarların da anomaliyası olub. Belə olduğu zaman adətən, patologiyalarda icra olunan nə “Arterial Switch”, nə də “Rastelli” əməliyyatını icra etmək mümkün olur. Bunları nəzərə alaraq daha fərqli və unikal bir əməliyyatı, pulmonar qapaq və arteriyanı translokasiyasi əməliyyatı icra edilib.
12. 14.02.2018-ci il - Azərbaycanda unikal doğuş əməliyyatı həyata keçirilib. 32 həftəlik hamilə olan Heydərova Nərmin ağır preeklampsiya diaqnozu ilə Sumqayıt şəhəri, 2 saylı doğum evinə yerləşdirilib. Ana və uşağın vəziyyətində ciddi risk olduğu üçün isə onu Sumqayıt şəhəri, 1 saylı doğum evinə göndəriblər. Cərrahi yolla çəkisi 1900 qram olan uşaq doğulub. Yenidoğulmuşların reanimasiyasına yerləşdirilən körpənin vəziyyətinin ciddiləşməsi səbəbi ilə 8 gün sonra o, yenidoğulmuşların patalogiya şöbəsinə köçürülüb.
13. 15.01.2018-ci il - Ürək cərrahiyyəsində ən mürəkkəb əməliyyatlardan hesab olunan “Benthall” əməliyyatı həyata keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-Damar Cərrahiyyəsi Şöbəsində keçirilən əməliyyat nəticəsində 46 yaşlı xəstə xilas edilib.
İnfarkt şübhəsi ilə gətirilən xəstəni müayinə edəndə görülüb ki, infarkt yox, Tip A – Aort disseksiyası var. Aort disseksiyası aortanın ürəkdən başlayaraq qarının içinə kimi yırtılmasıdır. Xəstənin təcili əməliyyat olunması qərarı verilib. Xəstədə bütün aort qapağı dəyişdirilərək mexaniki qapaq qoyulub.
14. 09.01.2018-ci il - Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində 48 yaşlı qadın xəstənin böyrəküstü vəzindəki törəmə qapalı yol ilə xaric edilib. Araşdırmalar zamanı müəyyən edilib ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var. Pasiyentin əvvəllər qarın boşluğunda müxtəlif açıq əməliyyatlar keçirilməsinə baxmayaraq, yenidən əməliyyatın laparoskopik yolla aparılmasına qərar verilib.
15. 27.12.2017-ci il - Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürәk Mәrkәzindә çox nadir rast gәlinәn ürәk qüsuru olan pasient uğurla əməliyyat olunub. İki Qövslü Aorta diaqnozu ilә daxil olmuş, yaşyarımlıq Mәmmәdov Ömәr üzәrindә əməliyyatı ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov icra edib.
Məlumat verilib ki, bu ürək qüsurunun rastgәlmә tezliyi dünya üzrә 0.7- 1% tәşkil edir. Əməliyyat edilmiş bu xәstәdә olduğu kimi, belə xәstәlәrin әsas şikayәtlәri tez-tez yuxarı tәnәffüs yollarının infeksiyasına yoluxma, traxeyanın sıxılması nәticәsindә stridoroz tәnәffüs, qida borusu sıxıldığı üçün sәrt qida qәbul edә bilmәmәkdәn ibarәtdir.
16. 19.12.2017-ci il - İstehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyəsindən kəsilib. Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsilən yerdən tamamilə qoparıblar. Beləliklə, sol ayağının əsas hissəsini itirən oğlanın təkidiylə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər.
Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş. 8 saatdan sonra o, ikinci əməliyyata girib. Ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsiylə kəsik nahiyənin estetikası həyata keçirilib.
17. 16.11.2017-ci il - Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsində uzun illər ciyər sirrozundan əziyyət çəkən 17 yaşlı pasient R. Bəşirova qaraciyər köçürülüb.
Əməliyyatın unikallığı ondan ibarət olub ki, xəstənin yeganə donoru olan atasının qaraciyərinin sağ payında ciddi anatomik anomaliya müşahidə edildiyindən ciyərin həmin payından istifadə etmək mümkün olmayıb. Xəstənin vəziyyəti getdikcə ağırlaşaraq onu koma halına salıb. Operativ vəziyyətdə yeganə donor olan atanın qaraciyərinin sol payını köçürmək barədə qərar verilib. Cərrahiyyə masasında 8 saat davam edən əməliyyat texniki çətinliklər hesabına başa gəlsə də, uğurla nəticələnib.
18. 10.11.2017-ci il - Məmmədovlar (şərti - red.) ailəsində doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Oğlana məxsus cinsiyyət orqanına oxşayan orqana sahib körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da Yusif qoyub.
Lakin 1 yaşına çatanda yenidən müayinə olunan Yusifin daxili orqanlarının tamamilə qadına məxsus olduğu bildirilib, bu səbəbdən əməliyyatla qadın edilməsinə qərar verilib.
Beləliklə, Yusif Elmi-Tədqiqat Pediatriya institutunda əməliyyata alınıb. Uşaq cərrahı Gündüz Ağayevin keçirdiyi əməliyyat uğurla başa çatıb və körpə həqiqi cinsiyyət orqanına qovuşub.
Həkimin sözlərinə görə, doğulanda körpədə uşaqlıq yolu bağlı olub, hormonal pozğunluq nəticəsində klitor çox böyüdüyündən cinsi orqan kişi cinsiyyət üzvünə bənzəyib.
19. 16.10.2017-ci il - Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində dəfələrlə uğursuz əməliyyatlar keçirən 47 yaşlı Ağa Bağırova texniki cəhətdən çox mürəkkəb olsa da, yaxın qohumunun böyrəyi köçürülüb.
Bu barədə əməliyyatı icra edən Mərkəzin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev məlumat verib:
“Xəstə uzun illərin hemodializ xəstəsi idi və böyrək transplantasiyası üçün müraciət etdiyi bütün mərkəzlərdə xəstədən imtina etmişdilər. Əməliyyatın mürəkkəbliyi də məhz xəstənin dəfələrcə uğursuz əməliyyat keçirməsində idi. Komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmamışdır”.
20. 26.09.2017-ci il - Mərkəzi Klinik Xəstəxanasında ağciyər damarlarının endarterektomiyası adlanan əməliyyat ölkəmizdə ilk dəfə icra edilib. Əməliyyat həyat üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunub. Əvvəllər bu diaqnoz qoyulan xəstələr ya dərmanla müalicə edilir və ya xəstələrin çox böyük əksəriyyəti həyatını itirib.
21. 20.05.2017-ci il - Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. Əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.
22. 01.03.2017-ci il - Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qızın üzərində mürəkkəb tibbi əməliyyat icra edilib. Pasientin son bir ildə hər ay müntəzəm olaraq 3-5 gün çox şiddətli ağrıları olub, lakin menstrual qanaxma müşahidə olunmayıb:
“Diaqnostik müayinələr zamanı pasientin anadangəlmə uşaqlıq yolunun qüsuru (tamamilə inkişaf etməməsi) aşkarlanıb. Hər ay menstrual qanaxmalar uşaqlıq yolu olmadığı üçün bayıra deyil, uşaqlıq boruları vasitəsilə daxilə, yəni qarın boşluğuna gedirmiş və ciddi ağrılara səbəb olurmuş”.
Bu qüsura 10 mindən bir qız uşağında rast gəlinir. 3 saat davam edən əməliyyat fəsadsız keçib və süni uşaqlıq yolu yaradılıb.
23. 25.01.2016-cı il - 26 həftəlik hamilə qadın Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsində ultrasəs müayinəsi zamanı dölün sol böyrəyində inkişaf edən iri ölçülü kista aşkarlanıb. Kista, getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutub. Uşaq ana bətnində böyrəyindən əməliyyat olunub, dünyaya gəldikdən sonra isə sidik kisəsi üzərində cərrahiyyə əməliyyatı aparılıb.
24. 15.10.2015-ci il - ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi əməliyyatını eyni vaxtda aparıblar. Orta yaşlı qadının üzərində aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.
25. 14.07.2015-ci il - Qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün əməliyyat ilk dəfə olaraq, Respublika Diaqnostika Mərkəzinin Şüa diaqnostikasında aparılıb. Xəstədə qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün onun qaraciyərinin portovenoz sistemində klassik TİPS (transjugular İntrahepatik Portosistemik Shunt) prosedurunun alternativi olan PİPSS (Perkutan İntrahepatik Portosistemik Shunt) əməliyyatı aparılıb. Bu əməliyyat xəstənin bud venasından iki millimetrlik deşik vasitəsi ilə açıq cərrahiyyə əməliyyatına ehtiyac duyulmadan gerçəkləşdirilib.


Paylaş:


Müəllif : Tarix:
25-09-2019, 13:28
Sikayət   


loading...
Загрузка...