reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Uşaqverən” daşlar, Stalinin mıx vurduğu kənd (VİDEO)

reklam

“Uşaqverən” daşlar, Stalinin mıx vurduğu kənd (VİDEO)












Ağ-qara şanısı, ənciri və bir çox ziyarətgahları ilə məşhur olan Bakı kəndləri sırasında özünəməxsus yeri olan Novxanıya yollanırıq. Kəndin girişindəki “Novxanı” yazılmış lövhənin yanında ayaq saxlayırıq.

Yol kənarında düzülmüş daşlar diqqətimizi çəkir. Kənd sakini Rahim Quliyev deyir ki, Siyan kəndinin ərazisindən tapdığı bu daşlar Novxanının qədim tarixindən xəbər verir:

“Novxanı kəndinin adının “nov” və “xanə” tərkibli fars sözlərindən əmələ gəldiyi deyilir. Tərcüməsi isə “yeni ev” mənasını verir. Bu da zəlzələdən və Xəzər dənizinin su səviyyəsinin artması ilə əlaqədar dağılmış Siyan kəndinin yeni əraziyə köçməsi və siyanlıların təzə kəndlərinə verdikləri adla izah olunur. Burada əvvəl qəbiristanlıq olub, bu daşı da oradan tapmışam. O daşlar Novxanı camaatının əvvəllər də bu ərazidə yaşadığının əyani sübutudur. Bundan əlavə, ehtimal olunur ki, Nuh peyğəmbər burada yaşayıb. Onun adı ilə bağlı bəzi rəvayətlər mövcuddur”.

Novxanının qədim tarixini özündə əks etdirən daşa da baxdıqdan sonra bir çoxunun ümidlə üz tutduğu kəndin məşhur ziyarətgahlarından olan “Ceyran baba” pirinə yollanırıq. Bu pirə gələnlər dərdlərinin dərmanını məhz burada tapacaqlarına inanırlar. Novxanı camaatı deyir ki, bu pirdə qorunub saxlanılan daş möcüzəvi əhəmiyyətə malikdir. Hətta bu xüsusiyyətinə görə daşı oğurlamağa dəfələrlə cəhd ediblər. Amma daş qəfildən yenə də öz yerinə “qayıdıb”, bunun kim tərəfindən və necə edildiyi bilinmir.

Həmsöhbət olduğumuz bir kənd sakini – “Bu hələ harasıdır, bizim bir “Ağ daş”ımız var ki, övladı olmayanların son pənah yeridir”, – deyir. Bunu eşidər-eşitməz növbəti dayanacaq nöqtəmizi “Ağ daş” pirinə təyin edirik. Bir çox tanınmış şəxslərin buranı ziyarət etdiyi deyilsə də, ən maraqlı məqam keçmiş Sovet İttifaqının lideri olmuş İosif Stalinlə bağlı əhvalatdır. Deyilənə görə, bu daşlara mismar vuranlar arasında Stalin də olub. Kənd sakini Nuhbala Ağayevin sözlərinə görə, “Dan ulduzu” instrumental ansamblının mərhum bədii rəhbəri Gülarə Əliyeva da bu pirə pənah gətirənlər arasındadır. Gəlmişkən, “Ağ daş”a bir mismar da biz vururuq.

Növbəti dayanacağımız olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Stalini ölümdən xilas edərək gizlətdiyi Şah Sultan Hüseyn Məscidi, göründüyü qədər, tarixin sınağından itkisiz çıxa bilməyib, hazırda baxımsız vəziyyətdədir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Report”a bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn Məscidinin bərpası üçün layihə sənədləri artıq hazırlanıb. Qəzalı vəziyyətdə olan tarixi məscid bərpa olunma məqsədi ilə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa-konservasiya işləri həyata keçirilir. Həmin məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

Tədqiqatçı-alim Zaur Əliyev deyir ki, Novxanı kəndində, eləcə də Azərbaycanın bir çox başqa yerlərində bu tip pirlər mövcud olsa da, orada qeyri-adi hadisələrin baş verməsi və hansısa qorunan daşların insanlara kömək etməsi sadəcə, təxəyyül məhsuludur.

Eşitdiyimiz bir sıra məlumatlar bizi təəccübləndirsə də, hər halda, Novxanı camaatı, həmçinin haqqında danışılan pirin ziyarətçiləri eşitdikləri rəvayətlərə inanırlar. Gəldiyimiz nəticə isə bundan ibarətdir ki, Novxanı camaatı illərlə nəsildən-nəsilə ötürülən adətlərlə yanaşı, qədim abidələri, o cümlədən, kənddəki ziyarətgahları qoruyub saxlayır və bu “sehirli dünya”da həyatlarına davam edirlər.

Mənbə: Report.az




Paylaş:


Müəllif : Tarix:
14-07-2024, 08:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər