reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu gün Aşuradır

reklam

Bu gün Aşuradır
















Bu gün Aşuradır. Məhərrəm ayının 10-cu günü  Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı - İmam Hüseyn (ə) və tərəfdarları Kərbəlada Yezidin göndərdiyi qoşun tərəfindən şəhid edilib. Həmin qanlı hadisələrdən əsirlər ötməsinə baxmayaraq, hər il Aşura müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir. 

Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçiriləcək. Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq. QMİ-nin Qazılar Şurası  Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməz  olduğunu bəyan edib. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrə  “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməklə bağlı çağırış edib. “Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur”, - deyə müraciətdə deyilirdi. İnsanlara Kərbəla hadisələrinin gerçək mahiyyətini anlada bilirikmi?

















Milli Məclisin deputatı Aqil Abbas “Yeni Müsavat”a deyib ki, hər il Aşura günü məscidə gedir: “Əvvəllər də Aşurada iştirak edirdim, nəzir verirdim. Bu gün də iştirak edəcəyəm, "Göy məscid"ə gedəcəyəm, nəzirimi də verəcəyəm. O ki qaldı insanlara Aşuranın mahiyyətini aşılamağımıza, əlbəttə, aşılaya bilmişik. Amma məzhəblər arası, sünni-şiə davası salırlar, şiəliyə qarşı bir kampaniya aparırlar. Amma Məhərrəmliyi insanların qanından çıxarmaq mümkün deyil. Bu, necə ki babalarımdan mənə, məndən də balalarıma və nəvələrimə ötürülüb. Əli sevgisi, İmam Hüseyn eşqi qanımıza, canımıza hopub. Nə qədər əks-təbliğat aparsalar da, xeyri yoxdur. Beş-on nəfər məzhəbini dəyişə bilər, vəssalam". 

Qanvermə aksiyasında iştirak edəcəyini deyən ilahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov da fikirlərini açıqlayıb: “Məhərrəmlik, Aşura müsəlman dünyasının bir sıra ölkələrində hər zaman qeyd olunur. Azərbaycanda da hər zaman məhərrəmlik, Kərbəla şəhidlərinin xatirəsi uca və əziz tutulub, hər il Məhərrəmlik mərasimləri ölkəmizdə keçirilib. Aşura günündə də izdihamın yaşandığını biz görürük. Artıq QMİ Məhərrəm ayı ilə bağlı fətva da verib. Dinimizin yanaşması da ondan ibarətdir ki, qan çıxarmaq, kəsici alətlərlə özünə xəsarət yetirmək qəbul edilmir. Əslində Aşura böyük bir şəhadət məktəbidir. İmam Hüseyn bizə öz şəhadəti ilə haqsızlığa qarşı mübarizəni öyrətdi. Onun əsas məqsədi və hədəfi ədalətin bərqərar olması idi. Ona görə də biz həmin dövrdə baş verən hadisələrə qiymət verməyi bacarmalıyıq. Artıq Azərbaycan bir nümunə yaradıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimiz üçün də dualar etməliyik. Onlar da İmam Hüseyn yolunu gedərək haqsızlığa qarşı mübarizə apardılar. Bugünlərdə onların xatirəsini uca tutmaq, yada salmaq bizim əsas borcumuzdur. Kərbəla hadisələrinin həqiqi mahiyyətini çatdırmaq görüləcək işlərdən ən vacibidir. Təəssüf ki, bir sıra hallarda məzhəblərarası qarşıdurma yaratmaq üçün istifadə edilir. Tarixən formalaşmış ixtilafın dərinləşdirilməsi üçün cəhdlər edilir. Bu, yolverilməzdir. Kərbəla hadisələrinin əsas mahiyyəti ədalətsizliyə qarşı mübarizə aparmaqdır. Heç zaman İmam Hüseyn və onun silahdaşları həqiqi müsəlmanlar arasında ixtilafın dərinləşməsində maraqlı olmayıblar. Kimsə bu günü qeyd etmək istəyirsə, məscidlərin nəzdində qan vermək üçün məkanlar ayrılıb. İnsanlar çox sayda xəstənin müalicə olmasına dəstək ola bilərlər. Mən də bu aksiyada iştirak edəcəyəm, əvvəllər də iştirak etmişəm, bu dəfə də öz həmrəyliyimi nümayiş etdirəcəyəm”. 














Dini sahə üzrə mütəxəssis Kənan Rövşənoğlu bizimlə söhbətdə Aşura ilə bağlı həqiqətlərdən danışıb: “Aşura Həzrət İmam Hüseynin (ə) hakimiyyəti qəsb etmiş Yezid bin Muaviyəyə beyət tələbini rədd etməsi nəticəsində İmam Hüseyn (ə) və tərəfdarlarının Məhərrəm ayının 10-da Aşura günü (əşərə ərəbcə 10 deməkdir) Kərbəla çölündə amansızcasına qətlə yetirilməsi hadisəsidir. Bilindiyi kimi, bu hadisədən sonra islam tarixinə yeni anlayış, monarxiya gəlmiş və Əməvilər sülaləsinin hakimiyyəti davam edib. Bu hadisə İslam tarixində, ümumiyyətlə, insanlıq tarixində bitməyən xeyir-şər mübarizəsinin ən dəhşətli, eyni zamanda bariz bir örnəyidir. Bu hadisə həm mahiyyəti etibarilə İslam tarixində xüsusi yeri olub, eyni zamanda dünya tarixində ən qəddar hadisə kimi yer alıb. Həzrət Məhəmmədin (s) ailə üzvü, nəvəsi Həzrət Hüseynin (ə) hakimiyyət hərisliyi gözünü örtmüş bir qrup tərəfindən qətlə yetirilməsi sonradan təkcə Peyğəmbər (s) ailəsi deyil, bütün müsəlman dünyasında kədər və hüznlə qeyd olunub. Bu gün də dünyanın müxtəlif ölkələrində Məhərrəm ayı məclisləri keçirilir, Həzrət Hüseynin (ə) və tərəfdarları, ailəsinin amansızlıqla qətlə yetirilməsi yad edilir. Bu məclislər Məhəmməd Peyğəmbər (s) və Əhli Beytə (ə) ehtiram, eyni zamanda zorakılıq və ədalətsizliyə etirazdır. Azərbaycanda artıq min ildən çoxdur bu mərasimlər keçirilir. Azərbaycan ərazisində hansı hakimiyyət, siyasi və ya dini sistemin olmasından asılı olmayaraq bu məclislər keçirilib. Bu məclislər hansısa fərd və ya düşüncəyə qarşı deyil. Azərbaycanda həm çar Rusiyası, həm SSRİ,  həm müstəqillik illərində Aşura məclisləri keçirilib. Yalnız indi son 9 ildə hökumət bu məclislərlə bağlı qadağalar tətbiq edir. Düşünürəm ki, bu qadağanın ciddi əsası yoxdur”.


















İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov da Aşura ilə bağlı xatirələrində bir sıra məqamlara toxunub: “Sovet dövründə, dinin qadağan olduğu zamanlarda Aşura günü məktəb yaşlı uşaqları məscidə buraxmamaq haqda göstəriş vardı. Oxuduğum 20 saylı məktəbdə Yasamal, Sovetski, Prospekt Nərimanov (indiki H. Cavid) uşaqları oxuyurdu. "Təzəpir" məscidi yaxın idi. Aşura günü müəllimlərə məscidin qabağında növbə çəkərək şagirdləri məscidə buraxmamaq tapşırılır və onları qruplara bölərək Aşura günü məscidlərə göndərirdilər. Əlbəttə ki, məscidlərin qabağında və ətrafında milislər də növbə çəkirdi. Hər il Aşuradan qabaq məscidə getməmək barədə bizlə məktəbdə söhbət aparilirdi. Hər il Aşura günü evdən mənə pul verir, aparıb məscidə nəzir verməyi tapşırardılar. Bizə yaxın olduğu üçün mən adətən nəziri "Göy" məscidə aparıb verər, evdəkilər və özüm üçün qara parça alıb gətirərdim. Din haqda bilgimiz bu qədər idi, bundan artıq bilməzdik. Atam da tapşırırdı ki, çox durma. Mərsiyə oxuyan, sinə vuranlara 5 dəqiqə baxıb gəlirdim. Məktəbli idim. Amma "Göy" məscidin qapısında duran milislər məni bir dəfə də olsun saxlamadılar. Qonşular,  iş yoldaşları, qohumlar bir-birinə halva, hədik, şərbət göndərirdilər. Bəziləri evində əsasən qadınlar üçün imam ehsanları açardı.  Çox ailələr Aşura günü TV, radio istifadə etməzdi. 

Mən ilk dəfə namazı da elə Aşura günü qılmışam. Onda artıq universitetdə oxuyurdum, sovetin də son illəri idi. Mənim kimi başqaları da vardı o gün məsciddə. Beləcə, bəzi dəyərlər var ki, onları nə əsrlər, nə zaman, nə dost, nə düşmən, nə sülh, nə müharibə unutdurmağa, yaddaşlardan, genetik koddan çıxarmağa qadir deyil". 





Paylaş:


Müəllif : Tarix:
16-07-2024, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər