reklam
Regionxeberlericom.az » Cəmiyyət » "İ.S.B TERMİNAL" MMC QANUNSUZ TƏLƏB ETDİYİ 100 MANATA GÖRƏ AVTOMOBİLİMİ GİROV SAXLADI"

reklam

"İ.S.B TERMİNAL" MMC QANUNSUZ TƏLƏB ETDİYİ 100 MANATA GÖRƏ AVTOMOBİLİMİ GİROV SAXLADI"















"Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti göstərir və gömrük orqanlarına heç bir aidiyyəti yoxdur"

"Təzadlar"a Bakı şəhər sakini Bağırzadə Anar Sahib öğlunun Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ünvanladığı şikayət ərizəsinin surəti daxil olub.

A.Bağırzadə yazır:

"Şəxsi istifadəm üçün xaricdən daşıyıcı şirkət tərəfindən Azərbaycana gətirdiyim nəqliyyat vasitəsi gömrük rəsmiləşdirilməsi üçün 18.10.2023-cü il tarixində müvafiq orqana təqdim edilib. Bu tarixdən öncə yolunu gözlədiyim nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini öyrənmək məqsədilə gömrük ərazisindəki dayanacaqlara tez-tez baş çəkirdim. Dayanacaqlarda olduğum zaman orada göstərilən xidmətlərə dair informasiya lövhəsi olmadığı üçün işçilərdən əraziyə aid rüsumları soruşdum. Bir günü 10 manat olduğunu dedilər. Ona görə də avtomobilimi götürəcəyim gün xərclərimi əvvəlcədən hesablayıb gömrük və DYP-dəki işlərimi bitirib dayanacağa yaxınlaşdım.

24.10.2023 tarixində saat təxminən 15:30 radələrində dayanacaqda 6 gün üçün 60 manat ödəniş edərkən xəzinədar əlavə 100 manat da ödəyəcəyimi bildirdi. Xəzinədardan əlavə 100 manatı hansı xidmətin müqabilində ödəməli olduğumu soruşdum. O, cavabında bildirdi ki, əlavə məlumatı dayanacağın ərazisindəki 4-cu otaqdan öyrənə bilərəm. 4-cu otaqda özünü dayanacağın rəsmisi kimi təqdim edən şəxs də nəyə görə 100 manatı ödəməli olduğumu izah edə bilmədiyinə görə xahiş etdim ki, bununla bağlı yazacağım ərizəni qəbul etsin. Dayanacağın həmin səlahiyyətlisi mənə ərizəni Avtomobil Gömrük Terminalının rəhbərliyinin adına yazdırdı. Ərizə yazsam da, o, əlavə 100 manatı ödəməsəm avtomobilimin orada girov qalacağını bildirdi. Buna baxmayaraq, ərizəmdə mənə məxsus məlumatları qeyd edib, xahiş etdim ki, avtomobilimi girov saxlamasınlar və 100 manatı nəyə görə ödəməli olduğumu yazılı izah etsinlər, hüquqşünaslarla məsləhətləşim, əgər qanunudirsə, ödəyərəm. Ancaq heç nəyə baxmayaraq avtomobilimi girov saxlamağa qərar verdilər. Bu barədə DİN-in 102 xidmətinə iki dəfə müraciət etdim. Bir müddət sonra yaxınlarımın vasitəsilə məcburi 100 manatı ödəyib avtomobilimi girovluqdan azad etdik.

Heç bir xidmət göstərmədən pul tələb etmək, tələb edilən ödəniş üçün rəsmi açıqlama verməmək, ərazi üzrə göstərilən xidmətlərə dair qiymət lövhəsi vurmamaq, ödənişin açıqlaması tələb edənin əmlakını girov götürmək hüququmun pozulmasıdır. Dayanacağın fəaliyyəti və qeyri-qanuni əməllərinə görə Daxili İşlər Nazirliyinə vəİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə müraciət etdim.

Araşdırmalar zamanı məlum oldu ki, məndən qəbz üzrə ödənişləri alan şirkət VÖEN:1406396001 qanuni təmsilçisi İbrahimxəlilov Sərvan Babaxəlil oğlu, hüquqi ünvanı AZ1014, Bakı ş., Nəsimi r-nu, Bülbül pr., ev 30, m.11 olan "İ.S.B Terminal" MMC-dir. Müraciətlərə verilən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti göstərir və gömrük orqanlarına heç bir aidiyyəti yoxdur. Bunu gömrük orqanının rəsmi cavabı sübut edir. Əmlakımı girov saxlamaqla məndən məcbur 100 manat alınması "rəsmiləşdirmə" kimi qələmə verilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə dəfələrlə müraciət etsəm də, sözügedən dayanacağın mənim istehlak hüququmu pozub-pozmadığı sualıma cavab verilmədi. Bu barədə Baş Prokurorluğa müraciətim cavablandırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə göndərilib, ancaq yenə də cavab ala bilməmişəm.

Göründüyü kimi, dayanacaq üzərinə düşən öhdəlik üçün aldığı 60 manatdan əlavə məni 100 manat ödəməyə məcbur edərək aldığı vəsaitə görə aylardır nə mənə, nə də rəsmi orqanlara açıqlama verməməklə mənə 100 manat məbləğində ziyan vurub.

Odur ki, xahiş edirəm, qeyd etdiklərimi nəzərə alıb Azad İstehlakçılar Birliyi olaraq vətəndaşlardan məcburi, zorla yığılan ödənişlər qanunsuzdursa, əlavə ödənişimin geri alınmasına və məsələnin içtimailəşdirilməsinə, eyni zamanda aidiyyəti dövlət qurumlarının rəhbərliklərinin diqqətinə çatdırılmasına kömək edəsiniz. Əvvəlcədən təşəkkür edirəm".

Məsələ ilə bağlı şikayət ərizəsində adı çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
20-07-2024, 19:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər