reklam
Regionxeberlericom.az » Cəmiyyət » 100 uşağı olduğunu deyən "Telegram"ın təsisçisi Durovun üç bioloji övladı ilə fotosu ortaya çıxdı

reklam

100 uşağı olduğunu deyən "Telegram"ın təsisçisi Durovun üç bioloji övladı ilə fotosu ortaya çıxdı



















"Telegram"ın yaradıcısı Pavel Durovun üç bioloji övladı ilə olduğu fotosu ortaya çıxıb.

Bu barədə "Forbes" bildirir.

Belə ki, iyulun 23-də İsveçrədə yaşayan İrina Bolqar adlı qadın "Forbes" nəşrinin redaksiyasına müraciət edib, "Telegram"ın təsisçisinin üç övladının anası olduğunu deyib və milyarderlər reytinqində Pavel Durovun övladlarının sayının ikidən beşə dəyişdirilməsini xahiş edib.

Qadın, həmçinin uşaqların doğum haqqında şəhadətnamələrinin surətlərini, Durovun atalığının tanındığı şəhadətnamələri, bu sənədlərin fransız və ingilis dillərinə notarial təsdiq edilmiş tərcümələrinin skanerdən çıxarılmış surətlərini və 2020-ci ilin yanvarında Cenevrədəki evində çəkilmiş ortancıl oğlu Danielin doğum günündən ailə fotosunu redaksiyaya göndərib. "Forbes" Bolqarın əlaqə saxladığı Cenevrə tərcüməçisindən sənədlərin həqiqiliyi ilə bağlı təsdiq ala bilib.

İrina Bolqar "Forbes"a telefonla verdiyi müsahibədə Pavel Durovla 2012-ci ilin yayında tanış olduğunu, altı ay sonra birlikdə yaşamağa başladıqlarını və 2013-cü ilin dekabrında ilk övladları olan qızları Leyanın, 2016-cı ilin yanvarında Sankt-Peterburqda oğulları Danielin, 2017-ci ilin sentyabrında isə ikinci oğulları Davidin dünyaya gəldiyini deyib.

Bolqar uşaqları ilə birlikdə 2018-ci ilə qədər Sankt-Peterburqda yaşayıb, daha sonra Dubaya Durovun yanına gedib, lakin yaşayış icazəsi ala bilməyib, çünki o dövrdə BƏƏ-də qüvvədə olan qanunvericiliyə görə, nikahdankənar doğulan uşaqların BƏƏ qanuniləşdirilməsi mümkün olmayıb. 2019-cu ildə İrina uşaqları ilə birlikdə Latviyaya köçüb, 2020-ci ildən isə İsveçrədə məskunlaşıb. Orada uşaqların doğum haqqında şəhadətnamələri və Durovun atalığı ilə bağlı sənədlər fransız dilinə tərcümə edilib.

"Forbes" bu sənədləri rus dilindən fransız dilinə tərcümə edən, İsveçrə Yazılı və Şifahi Tərcüməçilər Assosiasiyasından olan Aleksandra Vulye ilə əlaqə saxlayıb və o, sənədlərin həqiqiliyinin onda heç bir şübhə yaratmadığını deyib.

"Sənədlərə apostil vurulmuşdu, bu isə yalnız orijinallara vurulur", - deyə o, "Forbes"a bildirib. Tərcümə edilmiş sənədlər Cenevrə Notariat Palatasında notarius Şantal Binder-Raes tərəfindən notarial qaydada təsdiqlənib.

İrina Bolqarın sözlərinə görə, son bir neçə ildə onlar Durovla bir yerdə yaşamayıblar, lakin tez-tez görüşüblər və bütün ailə ilə birlikdə səyahət ediblər. İş adamının sonuncu dəfə Rusiyaya nə vaxt uçduğu sualına qadın cavab verə bilməyib. Lakin eyni zamanda Durovun 2017-ci ildə David anadan olanda Sankt-Peterburqa gəldiyini dəqiq xatırlayıb. Durov özü isə daha əvvəl iddia edib ki, 2014-cü ildən bəri Rusiyaya getməyib. "Forbes" Durovun nümayəndəsinə bununla bağlı göndərilən sorğuya cavab almayıb.

Qeyd edək ki, son vaxtlara qədər "Forbes" Pavel Durovun öz tələbə yoldaşı Darya Bondarenkodan doğulan yalnız iki övladı - qızı Alina Durova (2009-cu il təvəllüdlü) və oğlu Mixail Durov (2010-cu il təvəllüdlü) haqqında məlumatlı olub.

Durov Bolqarın müvafiq bəyanatını heç bir şəkildə şərh etməyib. Bunun əvəzinə o, "Telegram"da bildirib ki, anonim donor proqramında iştirakı sayəsində artıq 12 ölkədə 100 bioloji uşağa sahibdir. Bolqarın sözlərinə görə, proqramın şərtlərinə görə, Durovun ondan doğulan uşaqları bu yolla axtarmaq hüququ yoxdur və bu uşaqlar varis ola bilməzlər.

Belə çıxır ki, bu gün milyarderin rəsmi tanınmış beş övladı var ki, mirasa iddia edə bilərlər. 2024-cü ildə "Forbes"ın varislər reytinqində Pavel Durovun övladları altıncı yeri tuturdular və onların hər birinə onun sərvətinin yarısı qədər - 7.75 milyard dollar düşürdü. Əgər reytinq bu gün tərtib edilsəydi, ailə 18-ci yeri tutacaqdı - Durovun 15.5 milyard dolları beş hissəyə bölünəcək və hər uşağa 3.1 milyard dollar düşəcəkdi.(Oxu.az)





Paylaş:


Müəllif : Tarix:
3-08-2024, 17:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər