İmperator ailəsinin qətli: 106 ilin şübhələri və açılmamış sirlər
Atəş dayanandan sonra məlum oldu ki, güllələnənlərin yarıdan çoxu sağdır...
Fevral inqilabı (köhnə təqvimlə 23 fevral - 3 mart; yeni təqvimlə 8 mart - 16 mart. Məqalədə tarixlər yeni təqvimlə göstəriləcək) hamını qəfil yaxaladı: Rusiyanın siyasi səhnəsinin solunu da, sağını da, monarxiyanı da, Dumanı da. İllərlə təbliğat aparan, inqilab hazırlayan siyasi qüvvələr nə baş verdiyini anlamağa macal tapmadan II Nikolay taxtdan əl çəkdi, özünə xələf təyin etdiyi qardaşı Mixail də ertəsi gün taxt-tacın qəbulundan boyun qaçırdı və martın 16-da Rusiya monarxiyası tarixə qovuşdu.
Amma bu, siyasi zəlzələnin yekunu deyildi, qarşıda bolşevik çevrilişi, dəhşətli vətəndaş müharibəsi, aclıq, səfalət, terror və tükürpədici cinayətlər gözləyirdi. Onlardan biri də II Nikolay və ailəsinin - imperatriçə Aleksandranın, böyük knyajnalar 22 yaşlı Olqanın, 21 yaşlı Tatyananın, 19 yaşlı Mariyanın, 17 yaşlı Anastasiyanın və 13 yaşlı vəliəhd Alekseyin 1918-i il iyulun 17-ə keçən gecə güllələnməsi idi.
Devrilmiş imperator və ailəsinin Tsarskoye seloda həbsi
Fevral inqilabından sonra Dövlət Dumasının mandatı əsasında formalaşan Müvəqqəti hökumət devrilən II Nikolayı xaricə, əsasən də doğma xalaoğlusunun kral olduğu Böyük Britaniyaya sürgün etmək fikrində idi. Xeyli nüfuza malik Petroqrad (o vaxt paytaxt Petroqrad, indiki Sankt-Peterburq idi) fəhlə və əsgər deputatları soveti isə çarın həbsini və məhkəməyə verilməsini tələb edirdi. Hadisələr belə cərəyan etdi:
19 mart: Müvəqqəti hökumətin xarici işlər naziri, kadet partiyasının lideri Pavel Mülyukov Petroqraddakı səfir vasitəsilə Britaniya hökumətinə müraciət edərək, II Nikolayı qəbul etmələrinin mümkünlüyünü soruşur;
20 mart: Petroqrad sovetinin tələbi ilə Müvəqqəti hökumət imperator və ailəsinin həbsi barədə qərar qəbul edir;
22 mart: o vaxta qədər Mogilyovda ordunun Baş qərargahında olan II Nikolay Tsarskoye seloya gəlir və burada ailəsi ilə birlikdə ev həbsinə alınır. Həmin gün Londondan çar və ailəsini qəbul etməyə hazır olmaları barədə cavab gəlir. Petroqrad soveti çarın getməsinə imkan verməmək üçün bir sıra addımlar atmaq, vağzalları nəzarətə götürmək barədə qərar qəbul edir.
10 aprel: Britaniya hökuməti II Nikolayı qəbul etmək barədə fikrini dəyişir. Səbəb: bu addım Rusiya ictimai rəyini Britaniya əleyhinə çevirər və nəticədə ölkə Birinci dünya müharibəsindən çıxar, Almaniya da Şərq cəbhəsindəki qoşunlarını Qərb cəbhəsinə göndərmək imkanı qazanar.
Arada baş verən bəzi xoşagəlməz hadisələrə baxmayaraq, Tsarskoye selodakı rejim ümumən mülayim idi. Hərçənd, dünyanın 1/6 hissəsində hakimi-mütləq olmuş adam və onun ailəsi üçün indi başqalarının göstərişlərini yerinə yetirmək, qoyduqları məhdudiyyətlərə əməl etməyin psixoloji ağırlığı çox əzici olmalıdır. Pyer Jilyar öz xatirələrində tərbiyəçisi olduğu şahzadə Alekseyin belə hallarda xüsusilə sarsıldığını yazır.
Çar və ailəsi avqusta qədər təxminən 5 ay burada qaldılar. Avqustun 14-də isə qatarla Tobolska sürgün edildilər. Yaponiya Qırmızı xaç missiyasının bayrağı altında olan qatarda imperator ailəsi, 39 nəfər məiyyət və 330 əsgər, 7 zabitdən ibarət konvoy - Xüsusi təyinatlı dəstə vardı. Dəstənin komandiri polkovnik Yevgeni Kobılinski idi. Jilyar onu çar ailəsinin “aqibətini yüngülləşdirmək üçün əlindən gələni edən səmimi insan” kimi təqdim edir.
Tobolsku Müvəqqəti hökumətin başçısı Aleksandr Kerenski özü seçmişdi. Bolşevik çevrilişindən sonda getdiyi mühacirətdə yazdığı xatirələrdə bu seçimini ucqarın çar üçün daha təhlükəsiz olması ilə izah edir. Nə dərəcədə səmimidir, söyləmək çətindir, amma Petroqrad yaxınlığında qaldıqları halda bütün ailənin qətl ediləcəyi şübhə doğurur. Hər halda, Kerenski çətin ki, onların başına gələcəkləri görə bilərdi.
Tobolsk sürgünü
Qatar avqustun 14-də səhər 6-da yola düşdü və avqustun 17-də axşam Tümenə çatdı. Tobolska ən yaxın dəmiryol stansiyası burada idi. Daha sonra qatardakılar “Rus” paroxoduna mindilər və İrtış çayı ilə üzdülər. Avqustun 19-da Tobolska çatdılar.
İmperator ailəsi keçmiş qubernator evində yerləşməli idi. Amma ev hələ hazır olmadığından bir həftə paroxodda qaldılar və yalnız avqustun 26-da evə köçdülər. Keçmiş tacdar ailə evin ikinci mərtəbəsini tuturdu. Tərbiyəçi, müəllim, mürəbbiyə kimi müşayiətçilər birinci mərtəbədə qalırdılar, yeməkxana da burada idi. İngilis dili müəllimi Sidney Gibbs yazırdı: “Ev böyük deyil, amma otaqlar rahat tərtib olunub və işıqlıdır”.
Sonradan daha 6 nəfərin qoşulduğu məiyyət isə tacir Kornilovun, demək olar, üzbəüz yerləşən evində yaşayırdı. Sentyabrda qubernator evinin ətrafında 2 metr hündürlüyündə hasar tikildi.
Nikolay üç ay sonra məhz burada bolşeviklərin hakimiyyəti ələ keçirməsi haqqında xəbər aldı və gündəliyində yazdı: “İki həftə əvvəl Petroqrad və Moskvada baş verənlər haqda qəzetlərdə oxumaq ürəkbulandırıcıdır. Qarışıqlıq dövründə baş verəndən daha pis, daha rüsvayçıdır”.
Mühafizə əsgərlərinin Nikolaya münasibəti müxtəlif idi. Jilyar yazır ki, daha yaşlı əsgərlər çara ehtiramla yanaşırdılar. Qarovulda onlar olanda Nikolay Aleksey ilə birlikdə qarovul otağına gedir və əsgərlərlə dama oynayırdı. Daha gənc əsgərlərin münasibəti isə pis idi və get-gedə daha da pisləşirdi.
Polkovnik Kobılinski də devrilmiş hökmdara ehtiramla yanaşırdı. Nikolay bir dəfə fiziki iş çatışmazlığından şikayət edəndə Kobılinski böyük tozağacı gövdələri gətirdi, balta və ikisaplı mişar aldı. Çar məmnuniyyətlə odun tədarükü ilə məşğul oldu.
Amma gedən siyasi proseslər öz işini görürdü. Əsgərlər artıq zabitlərə tabe olmurdular. Oktyabr çevrilişindən sonra “əsgər komitəsi” yaradıldı. Komitənin dekabrın sonlarında qəbul etdiyi qərara görə, zabitlər və əsgərlərin poqonları ləğv olunurdu. Qərar Nikolaya da şamil edildi ki, bu, ona çox pis təsir etdi.
Ailənin tələbatı büdcədən ödənilirdi. 1918-ci il fevralın ortalarında qəbul edilən qərara görə, indi dövlət yalnız istilik, işıqlanma və əsgər payı qədər ərzağın pulunu ödəyəcəkdi. Qalan ərzağı ailə öz vəsaitindən ödəməli idi, özü də adambaşına ayda 600 rubldan çox olmadan.
Şahzadələrin sürüşüb əylənməsi üçün həyətdə qardan bir təpə düzəldilmişdi. Çara yaxşı münasibət bəsləyən yaşlı əsgərlər martın 4-də tərxis olunub gedəndə keçmiş imperator və imperatriçə həmin təpənin üzərinə çıxaraq, onlara əl yellədilər. Gənc əsgərlər ertəsi gün “ətraf aləmlə ünsiyyət təhlükəsi” bəhanəsilə təpəni dağıtdılar. Gedənlərin əvəzinə sırf bolşevik dəstələri gəldi ki, onların da davranışı kobud, ailəyə münasibəti xeyli pis idi.
Nikolayın Tobolskda aldığı daha bir pis xəbər bolşevik hökuməti ilə kayzer Almaniyası arasında separat Brest-Litovsk sülhünün imzalanması və Rusiyanın müharibədən çıxması oldu. O, buna belə reaksiya verdi:
“Rusiya üçün böyük, intihara bərabər rüsvayçılıqdır. Heç vaxt inanmazdım ki, imperator Vilhelm və alman hökuməti öz ölkələrini satan yaramazlara əl verəcək qədər alçalarlar. Amma bu, onlara xoşbəxtlik gətirməyəcək; bu, onları məhv olmaqdan xilas etməyəcək”.
Aprelin 22-də mərkəzi bolşevik hökumətinin, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (ÜMİK) nümayəndəsi Konstantin Yakovlev 150 nəfərlik silahlı dəstə Tobolska gəldi və daha əvvəl gələn, bir-biriləri ilə rəqabət aparan bolşevik dəstələrini özünə tabe etdi. Onun devrilmiş imperatoru “Uralın qırmızı paytaxtına”, Yekaterinburqa aparmaq mandatı vardı.
ÜMİK sədri Sverdlovun imzaladığı sənəddə söhbət təkcə Nikolaydan gedirdi. Lakin Yakovlev çara bildirdi ki, istənilən şəxs onu müşayiət edə bilər. Həmin dövrdə şahzadə Alekseyin hemofiliya (qanın laxtalanmaması) xəstəliyinin növbəti ağır tutması yaşanırdı və bütün ailənin Nikolayı müşayiət etməsindən söhbət gedə bilməzdi.
İmperatriçə Aleksandra Fyodrovna qərara aldı ki, mütləq ərini müşayiət etməlidir. Onun fikrincə, Fevral inqilabı zamanı da çarın yanında olsaydı, taxtdan imtinasına heç vaxt imkan verməzdi. Bir də knyajna Mariya onlarla gedəcəkdi. Üçlük və mühafizəçilər aprelin 26-da səhər tezdən yola düşdülər. Ertəsi gün onlar Pokrovskoyedən, Rasputinin doğma kəndindən keçdilər və evini gördülər. İddialara görə, Rasputin hələ 1916-cı ildə demişdi: vaxt gələcək, mənim evimi görəcəksiniz.
Yekaterinburqda
Nikolay və Aleksandrada belə qənaət hasil olmuşdu ki, məqsəd onları Moskvaya (1918-ci ilin martında paytaxt Moskvaya köçürülmüşdü) aparmaq və çara Brest-Litovsk müqaviləsini imzalatdırmaqdır. Nikolay deyirdi: “Bunu etməkdənsə, qolumun kəsilməsinə razıyam”. Aleksandra isə ərinin imzalamadığı sülhün legitim olmadığını almanların anladığını iddia edirdi.
Amma nə bolşeviklərin, nə almanların belə dərdi yox idi. Bununla yanaşı, II Nikolayın Tobolskdan aparılmasının məqsədi, son dayanacaq kimi Yekaterinburq, yoxsa Moskvanın nəzərdə tutulduğu, üzərində məhkəmə keçirilməsi, ya da məhkəməsiz öldürülməsinin planlaşdırıldığı kimi suallara indi də birmənalı cavablar tapılmayıb, bir-birinə zidd versiyalar səsləndirilir.
Hər halda, Nikolay, Aleksandra və Mariya bir qədər dolayı marşrutlarla aprelin 30-da Yekaterinburqa gəldilər. Yakovlev onları Ural vilayət sovetinin icraiyyə komitəsinin sədri Aleksandr Beloborodova təhvil verdi. Üçlük “İpatyev evi”ndə yerləşdirildi.
Evin birinci komendantı Aleksandr Avdeyev idi, iyulun 4-də onu Yakov Yurovski əvəz etdi.
Alekseyin vəziyyəti yüngülləşəndən sonra Tobolskda qalan ailə üzvləri və məiyyət yola düşdü və mayın 23-də Yekaterinburqa çatdılar. Amma uşaqlardan başqa çox az adama İpatyev evində yaşamağa icazə verildi. Məiyyətdən, qulluqçulardan bəziləri həbs olundular, bəzilərinə Perm vilayətini (Yekaterinburq bu vilayətə daxil idi) tərk etmək əmr edildi.
Çar və ailəsi 17 aylıq əsarətlərinin ən ağır dövrünü İpatyev evində yaşadılar. Burada onlara münasibət olduqca pis idi. Tualetə gedəndə də qapıya qədər müşayiət olunurdular. Mühafizənin əsgərləri divarlara ədəbsiz sözlər yazırdılar. Bu yazılarda bəzən Rasputindən bəhs edilirdi. Tez-tez ədəbsiz çastuşkalar oxunurdu. Yaxınlıqdakı qadın monastırından dustaqlar üçün göndərilən azuqə oğurlanırdı.
***
Çar və ailəsinin güllələnməsi qərarının kimin tərəfindən qəbul edilməsi tarixçilər arasında mübahisə mövzusudur. Daha inandırıcı görünən versiyaya görə, Moskva II Nikolayın məhkəmə qarşısına çıxarılıb güllələnməsini istəyirdi. Ailə ilə bağlı qərar qəbul edilməmişdi. Onların İngiltərəyə, hətta Almaniyaya göndəriləcəyi istisna deyildi. Amma vətəndaş müharibəsi cəbhələrində vəziyyətin ağırlaşması - Kolçakın rəhbərlik etdiyi Ağ Qvardiya Yekaterinburqa yaxınlaşırdı - Ural vilayət sovetini bütün ailənin güllələnməsi haqqında qərar qəbul etməyə sövq etdi.
Əyalət sovetinin belə qərar qəbul etməsi ilk baxışda inandırıcı görünməyə bilər. Amma bolşeviklərin hakimiyyətə gəlməsindən 7 ay keçmişdi. Ölkəni vətəndaş müharibəsi bürümüşdü. Sərt iyerarxik düzən hələ mövcud deyildi. Yerlərdəki bolşeviklər bir çox hallarda mərkəzin göstəriş və tövsiyələrini nəzərə almır, öz bildikləri kimi hərəkət edirdilər. Mərkəz də onların nazı ilə oynamaq məcburiyyətində idi.
Hər halda, SSRİ-nin son illərində və dağılmasından sonra mövcud olan müəyyən tədqiqat və söz azadlığı dövründə də Lenin, Sverdlov kimi rəhbərlərdən kiminsə ailənin güllələnməsinə razılıq vermələri barədə sübut ortaya qoyulmadı. Bəlkə də gələcəkdə bir sənəd tapılacaq.
Qətl
Bütün ailəni deyil, İpatyev evinə buraxılan qulluqçuları da öldürmək qərara alınmışdı. Təkcə 14 yaşlı aşpaz köməkçisi və eyni zamanda şahzadə Alekseyin oyun yoldaşı Leonid Sednyovu uzaqlaşdırmaq qərara alındı. Qalanlar dörd nəfər idi: həkim Yevgeni Botkin, aşpaz İvan Xaritonov, imperatorun kamerdineri Aleksey Trupp və imperatriçənin köməkçisi Anna Demidova.
İyulun 17-də gecə saat təxminən 2-də bolşeviklər Botkini oyatdılar və ona bildirdilər ki, şəhərdə təhlükəli vəziyyət yaranıb, çar ailəsi və qulluqçular təcili geyinib zirzəmiyə enməlidirlər. Bir saat keçməmiş hamı deyilən yerə düşdü. Çöldə yük avtomobillərinin mühərriki işləyirdi. Bu, güllə səslərinin ətrafa yayılmaması üçün idi.
Komendant Yakov Yurovski və daha bir neçə nəfər otağa daxil oldular. Yurovski çar və ailəsinin ölümə məhkum olunmaları haqda qısa məlumat oxudu. Nikolay “nə?” deyərək soruşdu, amma ona cavab verilmədi. İlk atəşi Yurovski özü açdı və Nikolayı öldürdü. Digər 10 nəfər də gülləbaran edildilər. Atəş dayananda məlum oldu ki, güllələnənlərin yarıdan çoxu sağdır. Aleksey, Nikolayın qızları Olqa, Tatyana, Mariya, Anastasiya, eləcə də Demidova və Botkin sağ idilər. Qızlar korsetlərində qiymətli daşlar gizlətdiklərindən güllə bədənlərinə keçməmişdi. Onların bəzilərini güllələdilər, bəzilərini də süngü ilə öldürdülər.
Sovet hökuməti yalnız Nikolayın öldürüldüyünü, ailənin qalan üzvlərinin “etibarlı yerə” aparıldığını söyləyəcəkdi. Buna görə də meyitləri tapılmayacaq yerdə gizlətmək lazım idi. Cəsədlər daha işlənməyən dəmir filizi mədənləri yerləşən Qanina Yama adlı yerə aparıldı. Təsadüfi şahidlərdən qorunmaq üçün ərazi mühasirəyə alındı.
Əvvəlcə geyimləri - zinət əşyalarının çoxu aşkar edilib götürüldü - və əşyaları yandırıldı. Cəsədlər isə şaxtaya atıldı. Amma nəticə Yurovskini qane etmədi. Şaxta dərin deyilmiş, su azacıq cəsədlərin üstünə çıxdı. Bu halda onları tapmaq asan idi.
İyulun 18-də cəsədlər şaxtadan çıxarıldı və bir qədər başqa yerə aparıldılar. Alekseyin və knyajna Mariyanı cəsədləri yandırıldı və ayrıca basdırıldı. Qalanları üçün isə böyük ümumi qəbir qazıldı. Meyitlər oraya atılandan sonra tanınmaz hala salmaq üçün üzlərinə sulfat tursuşu tökdülər və basdırdılar.
İstintaq
Çar ailəsinin qətlindən bir həftə sonra, iyulun 25-də Kolçakın Ağ ordusu Yekaterinburqu tutdu. Yurovskigilin bütün cəhdlərinə baxmayaraq, qətl haqqında şayiələr şəhəri bürümüşdü. Üstəlik, geyimlərin yandırıldığı yerdə kəndlilər bəzi zinət əşyaları tapıb ağlara təhvil verdilər. İpatyev evinin zirzəmisindəki izlər də burada qətliam törədildiyindən xəbər verirdi. Nəhayət, qətldən xəbərdar, hətta onun iştirakçısı olan bolşeviklərdən əsir düşənlər vardı. Artıq iyulun sonlarında çar ailəsinin aqibətinin istintaqı başladı.
Əvvəlcə başqalarının apardığı istintaq 1919-cu ilin fevralında xüsusi mühüm işlər üzrə müstəntiq Nikolay Sokolova tapşırıldı. Sokolov İpatyev evində iyulun 17-də yaşananları, sonrakı hadisələri və təxmini dəfn yerini dəqiqliyə yetərincə yaxın müəyyənləşdirə bildi. Amma 1919-cu il iyulun 15-də Yekaterinburq yenidən bolşeviklərin nəzarətinə keçdi və cəsədləri tapmağa fürsət olmadı. Sokolov daha sonra xaricdə “Çar ailəsinin qətli” adlı kitab çap etdi. Sovet hökuməti məhz bu kitabdan sonra, 1925-ci ildə ailənin bütün üzvlərinin öldürüldüyünü etiraf etdi. Amma hadisəni araşdırmaq, haqqında yazmaq tabu idi.
1978-ci ildə geoloq Aleksandr Avdonin, yazıçı və ssenarist Qeliy Ryabov SSRİ xarici işlər naziri Nikolay Şelokovun icazəsi ilə məsələni araşdırdılar və 9 nəfərin basdırıldığı yeri aşkar etdilər. Amma hər hansı ekspertiza aparılmadı, cəsədlər yenidən torpağa basdırıldı.
Avdonin yalnız SSRİ-nin son aylarında - 1991-ci ilin iyulunda çar ailəsinin dəfn olunduğu yeri bildiyini dedi. Ayın 12-13-də cəsədlər çıxarıldı və daha sonra amerikalı mütəxəssislərin də iştirakı ilə uzun sürən identifikasiya işləri aparıldı. Ekspertiza üçün Böyük Britaniya kraliçası II Yelizabetin əri Filipdən də material götürüldü: onun nənəsi Olqa Romanovlar sülaləsindən idi. Nəticələr tapılan cəsədlərin beşinin Nikolay, çariça və üç knyajnaya aid olduğunu təsdiq etdi. Hərçənd bununla razılaşmayanlar var.
Rusiya hökumətinin qərarı ilə beş cəsəd qətllərinin 80-ci ildönümündə, 1998-ci il iyulun 17-də Sankt-Peterburqun Petropavlovsk məbədində yenidən dəfn olundular. Rusiya Pravoslav Kilsəsinin rəhbərliyi tam əmin olmadığından prosesdə iştirak etmədi.
Aleksey və Mariyanın yandırılmış cəsədlərinin ehtimal olunan qalıqları isə 9 nəfərin ümumi məzarından 67 metr aralıda 2007-ci ilin iyulunda tapıldı. Rusiya, ABŞ və Avstriya ekspertləri tapılan qalıqların II Nikolayın övladlarına məxsus olmasını 2008-ci ildə təsdiqlədi. Amma bu rəyə də şübhə ilə yanaşanlar var və onların da öz arqumentləri mövcuddur.
Aleksey və Mariyanın ehtimal olunan qalıqları hələ də dəfn edilməyib və Moskvanın Novospassk monastırında saxlanılır.
Yadigar Sadıqlı
Pressklub
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2024, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər