reklam
Regionxeberlericom.az » Cəmiyyət » Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

reklam

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

















Ölkədə yeni antikorrupsiya həbsləri başlayıb. Belə ki, Səhiyyə, Elm və Təhsil nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb. İsmayıllı rayonunda da vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və rayonun Diyallı kənd bələdiyyəsinin sədri Cahangir Surxayev saxlanılıb.

Baş Prokurorluğun məlumatına görə, istintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Əlişir Süleymanov 1996-cı il tarixində Bakı Ali Birləşmiş Komandirlər məktəbinin taktiki motoatıcı qoşunları komandiri (zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis) ixtisasi üzrə təhsil alıb. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb. II qrup Qarabağ müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb, 2021-ci ildə İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.

O da qeyd edilməlidir ki, ölkədə illərdir antikorrupsiya əməliyyatları həyata keçirilir, icra başçıları, nazir müavinləri həbs edilsə də bunlardan hələ də nəticə çıxarmayan məmurlar var. Müşahidələr göstərir ki, korrupsiya ittihamı ilə həbs olunan sabiq məmurların böyük əksəriyyəti vaxtından əvvəl azadlığa buraxılır. Bu, digər məmurlarda “tutulsam da, tezliklə azadlığa çıxacağam” kimi arxayınlıq yaradır.

Bəs yeni həbslərin parlament seçkilərindən dərhal sonra başlaması təsadüfdürmü? Həbslərin miqyası və əhatə dairəsi daha da genişlənə bilərmi? Bəzi sahələrdə bundan əvvəlki həbslər niyə məmurlara dərs olmur?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, ölkədə korrupsiya hallarını yaradan əsasları ortadan qaldırmalıdır: “Ölkədə büdcə vəsaitlərindən və dövlət əmlakından istifadənin şəffaflığı təmin edilməlidir. Bunun üçün tenderlərin, hərracların keçirilməsi proseduru elə təşkil olunmalıdır ki, oğurluq niyyəti ilə onlarda iştirak etmək istəyən tərəflərin qarşısı öncədən kəsilsin. Ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizənin epizodik hallarından sistemli mübarizə formasına keçmək lazımdır. Lakin burada gecikirik. Məsələn, artıq illərdir ki, yerli icra hakimiyyətlərinin özbaşınalıqlarından, sahibkarlara qarşı qanunsuz əməllərindən danışırıq. Bu müddət ərzində nə qədər icra başçısı və yerli məmurlar qanunsuz əməllərinə görə vəzifəsindən çıxarılıb, həbs ediliblər… Ancaq eyni əməllər digər icra hakimiyyətlərində yenə də davam edir. Deməli, burada artıq yerli idarəçiliyin yeni, təkmil modelinə keçməyin vaxtı çatıb. Köhnə yerli idarə üsulu yeni zamanla ayaqlaşa bilmir. Bütün bu problemlərin həlli ölkədə aparılan islahatları daha da dərinləşdirməkdən keçir”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu məsələdə kifayət qədər sərt mövqeyə malikdir: “Azərbaycanın ən böyük problemi, ölkəni inkişafdan saxlayan və nüfuzdan salan korrupsiya və rüşvətxorluqdur. Rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi mübarizə elan edilsə də, dövlət proqramı qəbul olunsa da, qanunvericilikdə nəzərdə tutulan cəzalar sərtləşdirilsə də, bu bəlanın kökünü kəsmək mümkün olmur. Prezident İlham Əliyev də dəfələrlə məmurları ciddi şəkildə xəbərdar edib ki, rüşvət və korrupsiyaya qurşananlara qarşı heç bir güzəşt olmayacaq. Təəssüf ki, həyatın bütün sahələrində hər addımbaşı bu neqativ hallarla gündəlik qarşılaşırıq və korrupsiya, rüşvətxorluq yaşam tərzinə çevrilir. Rüşvətin və korrupsiyanın yayılmasının günahı təkcə dövlətin, yaxud hökumətin üzərinə yükləmək ədalətsizlikdir. Rüşvət verən olmasa, rüşvət alan da olmaz. Yaxud dövlət əmlakına qarşı cəmiyyətdə sovetdənqalma bir fikir formalaşıb ki, “kim rüşvət almırsa, fərsiz və bacarıqsızdır, dövlətdən nəsə qopartmaq qoçaqlıqdır”. Eyni zamanda cəmiyyət dövlətin idarəedilməsinə və öz hüquqlarının müdafiəsinə laqeyd yanaşır. İmkan verir ki, dövlətin idarəedilməsi bir qrupun əlində cəmləşsin və onlar da şəbəkələşsin, mütəşəkkil qaydada dövlət əmlakına istədikləri kimi sərəncam versinlər, mənimsəsinlər, marginal maraqlarını təmin etsinlər. Bir neçə rayonun icra başçıları korrupsiya və rüşvətxorluq ittihamı ilə həbs olundular. Məhkəmə istintaqı zamanı bir daha məlum oldu ki, həmin icra başçıları təkbaşına dövlət büdcəsini mənimsəməyiblər. Bir sıra vəzifəli şəxslər də həmin proseslərin içində və iştirakçı olublar. Amma nədənsə ən ağır cinayətdə əməlləri sübuta yetirilən həmin şəxslər iki-üç ildən sonra azadlığa çıxdılar. Cinayətdə iştirakçı olanlar isə ümumiyyətlə, cəzasız qalaraq, heç vəzifələrini də itirmədilər.

Azərbaycanda milyonlarla rüşvət alan, korrupsiyanın başında duranlar ya cəzasız qalır, ya da cəzalarını sonadək çəkmirlər. Məncə, korrupsiyaya və rüşvətə qarşı mübarizənin ən effektiv yolu, şəffaflıq, hesabatlılıq və seçki institutlarını bərpa etməkdir. Eyni zamanda ictimai şüuru dəyişmək üçün maarifləndirmə, təbliğat işləri aparmaq, həmçinin praktik mesajlar çatdırmaqdır. Yəni sıravi vətəndaşlar da, vəzifəli şəxslər də görsünlər ki, korrupsiya və rüşvətə qurşanan hər kəs qanunun ən sərt üzü ilə qarşılaşacaq və ömrünü “dəmir barmaqlıqlar” arxasında keçirəcək. Bir halda ki, dövlət başçısı rüşvətxor və korrupsioneri xəyanətkar adlandırırsa, xəyanətkarı əfv etmək, ona güzəşt yolverilməzdir. Bu problemin həllinə nail olunsa, Azərbaycan indikindən daha qüdrətli, daha güclü olar”.

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
6-09-2024, 10:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər