reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ

reklam

Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
















Son illər xaricdə işə düzəltmə adı altında fəaliyyət göstərən və vətəndaşların pulunu mənimsəyib onlara qarşı dələduzluq edən şirkətlərin sayı xeyli artıb. Hazırda ölkəmizdə bu kimi fırıldaqçı şirkət və şəxslərin qurbanı olun yetərincə vətəndaş var. Sosial şəbəkələr vasitəsi ilə insanları müxtəlif vədlərlə aldadan belə şirkətlər müraciət edən şəxsin pulu əldə etdikdən sonra yoxa çıxır.

Bəs görəsən, belə hallarla üzləşməmək üçün insanlar nələrə diqqət etməlidir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, vətəndaşlar ilk öncə iş görmək istədikləri şirkətlərlə bağlı dərin və ətraflı araşdırma aparmalıdır:

"Bu, ümumiyyətlə, çox aktual bir məsələdir. Xaricdə işə düzəltmək adı ilə vətəndaşlara xidmətlər təklif edən şirkətlərin fəaliyyətində qanundankənar işlər olması məsələsi gündəmdədir. Miqrasiya axınları intensiv formada olan dövlətlərdə bu tip problemlər var. Zaman-zaman kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə görürük ki, bizim vətəndaşlarımız belə dələduzluqla məşğul olan şəxslərin yaxud şirkətlərin qurbanına çevrilir. Bu problem 15-20 il öncə daha geniş səpkidə özünü biruzə verən problem idisə, müəyyən müddət sonra belə hallar nisbətən azaldı. Lakin son 2-3 ilin mənzərəsinə nəzərə saldıqda görürük ki, yenə də belə fırıldaqçı şirkətlər sosial şəbəkələr üzərindən geniş piar kampaniya aparır. Onlar qısa müddət ərzində öz ətrafında bir neçə yüz adamı səfərbər edir və onlardan işə düzəltmək adı ilə müəyyən məbləğdə xidmət haqqı alırlar. Daha sonra belə şirkətlərin yoxa çıxması ilə bağlı sosial şəbəkələrdə və ya xəbər portallarında informasiya yayılır. Belə olduğu təqdirdə, bütün məsələlər təbii ki, sırf hüquqi müstəvidə öz həllini tapmalıdır. Zərərçəkən şəxslər bir qayda olaraq, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bəzi şirkətlər var ki, rəsmi olaraq minimum məbləğdə xidmət haqqı götürür və göndərilən sənədlərə mənfi cavab verildikdə nəticə ilə bağlı üzrxahlıq bildirirlər. Amma elə olur ki, vizanın düzəldilməsi, müqavilənin bağlanması səbəbindən daha böyük məbləğdə pullar mənimsənilir. Belə olan təqdirdə vətəndaşlar çox ehtiyatlı olmalıdır. Bu tip təkliflər aldıqda dərhal qərar verməli deyillər. Biz miqrasiya sahəsində bu kimi halların zaman-zaman baş verdiyinin şahidi oluruq”.  

Millət vəkili qeyd edib ki, işləmək üçün xaricə gedən şəxslər ən az 1 xarici dil bilməli və gedəcəyi ölkənin qanunvericiliyini dərindən öyrənməlidir:

“İnsanlara bir məsələni xüsusilə tövsiyə edirik ki, birincisi, hər hansı bir şirkət bu tipli təkliflər irəli sürürsə, ilk öncə həmin şirkətin təcrübəsinə, tarixçəsinə nəzər salmaq lazımdır. Şirkətin vasitəsi ilə xaricdə iş icazəsi almış, əmək fəaliyyəti ilə məşğul olan şəxslər barədə maksimum informasiya toplanmalıdır. Həmin şirkətin müsbət keyslər portfeli olmalıdır. Eyni zamanda şirkətin lisenziyasının olub-olmaması, qanuni şəkildə fəaliyyət göstərməsini də dəqiqləşdirmək lazımdır. Təbii ki, bunlar hamısı müəyyən qədər vaxt aparan məsələlərdir. Amma vətəndaşlarımız hansısa bir saxtakarlığın, dələduzluğun qurbanı olmaq istəmirsə, mütləqdir ki, bu işlər üçün vaxt sərf etməkdən çəkinməsinlər. Olduqca vacib olan digər bir məsələ isə odur ki, mütləq şəkildə ən az 1 xarici dildə danışmalısınız. Çünki biz dəfələrlə eşitdirik ki, kiminləsə müqavilə bağlanır və onlara deyilir ki, həmin ölkənin dövlət dilində danışmağa ehtiyac yoxdur. Hətta hansısa xarici dil bilməyə belə ehtiyac yoxdur. Amma düşünürəm ki, bu da aldadıcı elementlərdir. Çünki siz hər hansı xaricə ölkəyə gedirsinizsə, xarici dildə danışmağınız vacibdir. Ən azından sizinlə bağlanan müqavilələr həmin ölkənin dilində olur və müqavilənin düzgün dəyərləndilməsi üçün həmin dildə danışmaq lazımdır. Əgər vətəndaşın iş görəcəyi şirkət qanunidirsə, o zaman gedəcəyi ölkədə əcnəbilərin əmək fəaliyyəti və miqrasiya qanunları ilə bağlı olan məsələlər barədə də informasiya toplamaq lazımdır. Getdiyi ölkənin səfirliyinin ünvanı, əlaqə nömrələri və diaspor təşkilatları ilə bağlı məlumatlı olmaq önəmlidir. Yəni ən azından şəxs həmin ölkəyə gedib görəndə ki, hamısı saxtadır, ciddi problem yaşamasın. Bunun üçün də qabaqcadan müəyyən informasiyaya malik olmaq vacibdir. Bir məsələ də var ki, bəzən kimisə xaricə iş adı ilə aparır və yolda sənədlərini götürüb deyirlər ki, guya hansısa bir iş görülməlidir. Bu halda şəxs hansısa bir mütəşəkkil cinayətkar qruplaşmanın qurbanına çevrilir. Onun əməyi istismar olunur və hüquqları pozulur. Biz bu kimi hallarla bağlı da xəbərləri tez-tez görürük. Tənzimlənməyən və qeyri-qanuni miqrasiya dünyada geniş yayılmış problemlərdən biridir. İnsanlar bu kimi halların qurbanı olmamaq üçün ayıq-sayıq olmalı, öz hüquqlarını bilməlidir”.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər