reklam
Regionxeberlericom.az » Cəmiyyət » İşədüzəltmə şirkətləri bizi aldadır? - hansılara inanaq?

reklam

İşədüzəltmə şirkətləri bizi aldadır? - hansılara inanaq?


Hazırda Azərbaycanda pulla işədüzəltmə xidməti təklif edən kifayət qədər özəl işədüzəltmə şirkətləri var. Şəhərin küçələrində, saytlarda müxtəlif şirkətlərin elanları yer alır. İşədüzəltmə şirkətləri bu elanlarda işsizlərin 100 faiz işlə təmin olunacaqlarına söz versə də, çox zaman müraciət edənlər ya əliboş geri qayıdır, ya da aldanırlar.

Bu cür şirkətlər demək olar ki, iki cür fəaliyyət göstərirlər. Bir qismi öncədən ödəniş alır və müraciət edən insana onu işlə təmin edəcəyini vəd verir, digər qismi işlə təmin edəndən sonra ilkin maaşın müəyyən hissəsini ödəniş kimi alır. Adətən birinci halda aldananlara daha çox rast gəlirik.

Primetime.az saytının əməkdaşı işədüzəltmə şirkətlərindən biri ilə əlaqə saxlayıb. Şirkətdən saytımıza verilən məlumata görə, müraciət edən insanların işlə tam təmin olunması elə onların özündən asılıdır:

“Müraciət edənlər işin tələbinə cavab verirsə, təbii ki, işlə təmin olunması mümkündür. Digər tərəfdən müqavilə ödənişsiz olur. Yəni yalnız işə qəbul olunandan sonra insanlardan ödəniş tələb olunur. Bu da ilk maaşın 50 faizini təşkil edir. Bununla da müraciət edən heç nə itirmir. İnsanlar çalışmalıdır ki, işə düzəlmədən ödəniş tələb edən şirkətlərə müraciət etməsinlər”.

Vəkil, Sumqayıt ASAN Vəkil Bürosunun direktoru Leyla Bədəlova isə saytımıza açıqlamasında qeyd edib ki, işədüzəltmədə vasitəçilik fəaliyyətini qanunla müəyyən edilmiş qaydada dövlət reyestrinə alınmış şəxslər həyata keçirə bilər:

“29 iyun 2018-ci il tarixli "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən bu həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində qurumların informasiya ehtiyatlarından və sistemlərindən (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə Reyestri elektron formada aparır.

İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.

Qeyd olunan Qanunun tələblərini pozmaqla işədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar».

Vəkilin sözlərinə görə, əgər fiziki şəxslər işə düzəlmək üçün bu işi görən hər hansı şirkətə müraciət edəcəklərsə, yaxşı olar ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş hüquqi şəxslərə müraciət etsinlər:

“Belə olan halda hesab edirəm ki, bu sahədə müraciət edənlərin aldanma hallarına daha az rast gəlinər. Vətəndaşlar işədüzəltmə şirkətlərinə müraciət edərkən qeydiyyatdan keçib-keçmədiyini soruşsunlar. Buna dair hər hansı sənəd təqdim etsinlər. Ümumiyyətlə, rəsmi qeydiyyatdan keçməyən şirkətlərə müraciət etməsinlər».

L.Bədəlova həmçinin bildirib ki, əvvəllər işədüzəltmə şirkətləri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq vergi xidmətində qeydiyyata alınır və vergi ödəyicisi kimi Vergilər Nazirliyinə hesabat verirdilər: “Lakin 29 iyun 2018-ci il tarixində Məşğulluq haqqında yeni Qanunun qəbulundan sonra artıq bu şirkətlər Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı məlumat mübadiləsini təmin edirlər”.


Paylaş:


Müəllif : Tarix:
17-10-2019, 15:48
Sikayət   


loading...
Загрузка...