reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Azərbaycan da mənfi təsirlərə məruz qalıb” – Samir Şərifov neftin qiymətindən danışdı

reklam

“Azərbaycan da mənfi təsirlərə məruz qalıb” – Samir Şərifov neftin qiymətindən danışdı


“Koronavirusun mənfi təsirlərinə məruz qalan sahələr əsasən iqtisadiyyatın turizm, hava nəqliyyatı, otelçilik və ictimai iaşə və bunlarla bağlı olan sektorlarıdır”.
Bunu Maliyyə naziri Samir Şərifov AzTV-nin "Hədəf" verilişində neft bazarlarında baş verən son prosesləri və onun Azərbaycanın dövlət büdcəsinə təsirini şərh edərkən deyib.
S.Şərifovun sözlərinə görə, neft bazarının da enməsi məhz neftə olan tələbatın bir qədər azalması ilə bağlıdır: “Ona görə də OPEC+ formatına daxil olan ölkələr arasında belə bir fikir formalaşmışdı ki, bunlar bazarda baş verən proseslərə adekvat cavab verməlidir. Cavab ondan ibarət idi, daha doğrusu, belə düşünülürdü ki, bütün ölkələr tərəfindən hasilatın həcmi bir qədər azaldılsın. Bunun nəticəsində qiymətin sabitliyi təmin edilməli idi. Lakin bildiyimiz kimi, vəziyyət bir qədər başqa cür oldu. Bu artıq reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq.
Hər bir neft hasil edən ölkə kimi Azərbaycan da mənfi təsirlərə məruz qalıb və bununla əlaqədar sualların yaranması təbiidir. Lakin qeyd etmək istərdim - Azərbaycan dövlət büdcəsinin strukturu elədir ki, neft qiymətlərinin enməsi bilavasitə cari ilin büdcəsinə o qədər də təsir göstərmir. Bu onunla bağlıdır ki, dövlət büdcəsində neft sahəsindən gəlirlər əsasən iki istiqamət üzrə formalaşır. Bunlardan biri hasilatın pay bölgüsü sazişlərində fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilən vergilərdir. Digəri isə bizim Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilərdir. Dövlət Neft Şirkətinin əldə etdiyi gəlirlər və müvafiq olaraq ödədiyi vergilər əsasən daxili bazarda onun satdığı məhsullar hesabına formalaşır”.
Nazir qeyd edib ki, daxili bazarda da qiymətlər sabitdir: “Yəni biz burada hər hansı enişləri gözləmirik. Burada sabitlik var. Tam əminik ki, Dövlət Neft Şirkəti proqnozlaşdırılan gəlirləri əldə edəcək və müvafiq olaraq payına düşən vergi öhdəliklərini yerinə yetirəcək”.
Nazir büdcə gəlirlərinin azalmasının iki səbəbdən baş verə biləcəyini də qeyd edib: “Dövlət Neft Şirkəti üzrə xaricdə xam neftin və bəzi neft məhsullarının satışı üzrə gəlirlərin bir qədər azalması gözlənilir. Lakin daha çox gəlirlər hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərdə azalacaq. Biz bunu burada daha çox görürük.
Onu da qeyd etmək istərdim ki, burada da müəyyən bir struktur var - vergi öhdəliklərinin ödənilməsi strukturu. Bu da ondan ibarətdir ki, ötən ilin son rübünün öhdəlikləri cari ilin birinci rübündə ödənilir. Artıq bu ödənişlər edilib. Həmin ödənişlər də illik proqnozun 40%-ni təşkil edir.
Beləliklə, bizim hesablamalarla hətta bu gün bazarda olan kifayət qədər aşağı qiymətləri, yəni 30-35 ABŞ dolları arası qiymətləri götürsək, həmin neftin gəlirlərimizə təsirini 270-340 milyon manat görürük. Bu çoxdurmu, ya yox? Dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 24 mlrd 134 mln manat səviyyəsindədir. Yəni söhbət 1,1-1,4% büdcə gəlirlərindən gedir. Bu isə o qədər də əhəmiyyətli məbləğ deyil.
Digər tərəfdən, cari ilin ilk iki ayında bizim fiskal orqanlarımız (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən proqnozlar artıqlaması ilə icra olunub. Dövlət Vergi Xidməti tərəfindən 180 mln manat, Dövlət Gömrük Komitəsi tərəfindən isə 74 mln manat artıq vergilər təmin edilib. İkisi bir yerdə 254 mln manat edir. Burada da artıq ödənişlər hesabına bizdə müəyyən “yastıq” yaranıb...”.
S.Şərifov Dövlət Neft Fondunun da transfertlərinin azaldığını qeyd edib: “Büdcə gəlirlərimizi formalaşdıran digər mənbə şübhəsiz ki, Dövlət Neft Fondudur. Dövlət Neft Fondunun transfertlərinin xüsusi çəkisi 47%-dir və bu 11 mlrd 350 mln manat məbləğində transfert nəzərdə tutulub. Hesab edirik ki, bu transfert də tam həcmdə icra olunacaq. Bunun üçün hər hansı problem görmürük.
Onu da etiraf etməliyik ki, Dövlət Neft Fondunun gəlirləri mənfəət neftinin satışı hesabına formalaşır. Yəni onlar nəzərdə tutulduğundan daha az olacaq. Bu aydın faktdır. Lakin onu qeyd etməliyəm ki, son illər ərzində biz ardıcıl surətdə Dövlət Neft Fondunun aktivlərinin artırılması istiqamətində iş aparırıq.
...Bizim maliyyə mövqeyimiz xeyli artıb. Yəni cari ilin dövlət büdcəsinə transferti dollar ifadəsində 6,8 mlrd ABŞ dolları təşkil edib.
Biz 2013-2014-cü illəri yada salsaq görərik ki, bu rəqəm ABŞ dolları ifadəsində 2 dəfə artıq idi. Yəni dövlət büdcəsinə ABŞ dolları ifadəsində edilən transfertin məbləği kəskin surətdə azalıb və dövlət tərəfindən həyata keçirilən siyasət də öna yönəldilib ki, biz neft gəlirlərindən asılılığımızı tədricən azaldaq. Şübhəsiz ki, bu, bir gün ərzində olan iş deyil”. /Virtualaz.org


Paylaş:


Müəllif : Tarix:
13-03-2020, 08:41
Sikayət   


loading...
Загрузка...