reklam
Regionxeberlericom.az » Cəmiyyət » Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?

reklam

Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?


Məlum olduğu kimi, hazırda ölkədə koronavirusla mübarizə istiqamətində ciddi tədbirlər görülür ki, bütün bunlar da vətəndaşların virusa yoluxma riskini minimuma endirməyə hesablanıb. Lakin bu tədbirlər fonunda apteklərdə bir sıra zəruri tibbi avadanlıqların qəhətə çıxması insanların pandemiya ilə mübarizə əzminə bilavasitə təsir göstərməkdədir.

KONKRET.az-ın əməkdaşlarının konkret olaraq Sumqayıt şəhərinin bir sıra apteklərində apardığı müşahidələr bunu deməyə bir daha əsas verir. Şəhərin əksər apteklərində artıq iki həftədir tibbi maska və beş gündür spirt qıtlığı insanların böyük narahatlığına və narazılığına zəmin yaradıb. Şəhərdə fəaliyyət göstərən “Zeytun” apteklərindən birinin əczaçısının bildirdiyinə görə, buna səbəb “Avromed” şirkətinin onları zəruri tibbi vasitələrlə təmin etməməsidir: “Avromed” öz apteklərindən, yəni “Dokta”lardan başqa apteklərə maska və spirt vermir. Bu məhsullara ciddi tələbat yarandığı bir vaxtda süni məhsul qıtlığı yaradaraq inhisarçılıq edir. Hər gün yüzlərlə alıcıdan yersiz tənqid və təhqirlər eşidirik. İnsanları başa sala bilmirik ki, depodan bu ləvazimatları əldə edə bilmirik. Elə bilirlər ki, maska və spirti əlaltdan baha satırıq. Qarğış edib gedirlər”.

Apteklərdə əczaçılarla söhbətimiz zamanı doğrudan da belə bir mənzərənin bir neçə dəfə şahidi olduq. Belə ki, içəri girən bir neçə alıcı “Spirt və maska yoxdur” sözlərini eşitcək, oranı aqressiv halda tərk edirdi. Bəzi alıcılara “Spirt bir saatdan sonra olacaq” cavabını eşidəndə isə öyrəndik ki, söhbət spreylərdən gedir ki, onların da qiyməti artıq 4 manata qalxıb.

Əczaçının bildirdiyinə görə, belə bir dönəmdə bu zəruri tibbi məhsulların olmaması onların özünü də risk altına atıb: “Biz özümüz də əllərimizi dezinfeksiya etmək üçün spirt və qoruyucu maska tapa bilmirik. Hər gün yüzlərlə insanla bu şəkildə təmas qurmaqla həm özümüzü, həm də insanları riskə atırıq”. Xanım əczaçı bütün bu çatışmazlıqlara görə əczaçılıq məhsullarının Azərbaycanda ən böyük idxalçısı sayılan “Avromed” şirkətinin məsuliyyət daşıdığını dedi.

Beləliklə, görünən odur ki, virusla mübarizədə hökumətin daha ciddi addımlar atdığı bir vaxtda bəzi qurumlar məsələyə barmaqarası və öz maraqlarından yanaşmaqdadırlar. Və biz bu işdə konkret olaraq kimləri isə ittiham etməsək də, hər halda aidiyyəti orqanların məsələylə bağlı ciddi araşdırmalar aparacağına ümid edirik.


Paylaş:


Müəllif : Tarix:
25-03-2020, 13:17
Sikayət   


loading...
Загрузка...