reklam
Regionxeberlericom.az » Cəmiyyət » Torpaqları əllərindən alınanların Prezidentə ünvanlandığı müraciət nəzarətə götürüldü

reklam

Torpaqları əllərindən alınanların Prezidentə ünvanlandığı müraciət nəzarətə götürüldü



Biləsuvarda torpaqları əllərindən alınan ailələrin bu günlərdə Prezident İlham Əliyevə ünvanlandığı müraciət nəzarətə götürülüb. Müraciətdə 12 ailənin əkin-biçinlə məşğul olduğu 50 hektar torpaq sahəsinin keçmiş icra başçısı tərəfindən zəbt edildiyi bildirilib. Həmin ailələrin üzvləri Prezidentdən torpaqlarının geri qaytarılmasına kömək göstərilməsini xahiş ediblər.
Müraciət ünvanlandıqdan sonra Prezidentin köməkçisi Anar Ələkbərov onlarla əlaqə saxlayıb, məsələnin araşdırılacağını bildirib.
Beş ildir torpağını əkib-becərə bilmədiyini söyləyən Biləsuvarın Çaylı kəndinin sakini Vaqif Abışov deyib ki, 50 hektar torpaq sahəsini 25 illik müqavilə əsasında 1998-ci ildə alıb. Həmin ildən də 12 ailə burada əkin-biçinlə məşğul olub. Lakin 2012-ci ildən torpaq üstündə mübahisələr baş qaldırıb. Bir müddət ona təzyiqlər də göstərilib. Beləliklə, uzun çəkişmələrdən sonra torpaq qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdirilib. Bu barədə dəfələrlə yerli icra orqanlarına müraciət etdiyini deyən kənd sakini hər hansı müsbət cavab ala bilmədiyini vurğulayıb. Hazırda həmin torpaq sahəsində taxıl əkilib.
“Rayon icra hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin qanunazidd əməlləri ifşa olunduqdan sonra Prezidentimizə müraciət etdik. Müraciətimiz dərhal nəzarətə götürüldü. Prezidentin köməkçisi Anar Ələkbərov mənimlə əlaqə saxlayaraq müraciətimizin qanun çərçivəsində araşdırılacağını bildirdi. Həmin zəngdən sonra sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bir daha göstərir ki, Prezident hər bir vətəndaşın probleminə xüsusi həssaslıqla yanaşır. Əminəm ki, məsələ tezliklə öz həllini tapacaq”, - deyə Vaqif Abışov bildirib.
Məmur özbaşınalığından şikayət edən Çaylı kəndinin digər sakini Rəhim Kərimov da həmin 50 hektar torpaq sahəsində əkin-biçinlə məşğul olan 12 ailədən birinin başçısıdır. O deyib: “Keçmiş icra başçısı tərəfindən mənimsənilən 50 hektar torpaq sahəsinin 5 hektarı bizim ailəyə məxsus olub. Uzun illər bu torpaqdan qazanc əldə etmişik, ailəmizi dolandırmışıq. Həmin 5 hektar sahədə pambıq, taxıl, həmçinin bostan bitkiləri əkib becərmişik. Lakin Mahir Quliyev qeyri-qanuni yolla torpağımızı əlimizdən aldı. Sağ olsun Prezident İlham Əliyev, ona ünvanladığımız müraciətə operativ cavab verildi. İndi gözləyirik bu məsələ həll edilsin, yenə də əkin-biçin işlərimizlə məşğul olaq”.
Xatırladaq ki, mayın 1-də Prezident İlham Əliyev yeni təyin olunan Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən yerlərdə məmur özbaşınalığından söz açıb, bu məsələyə də toxunub: “Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.



 


Paylaş:


Müəllif : Tarix:
2-05-2020, 21:12
Sikayət   


loading...
Загрузка...