reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bağlanan bankların müştəriləri KMDF-ə bağışlanan vəsaiti geri tələb edə bilərlər - GƏLİŞMƏ

reklam

Bağlanan bankların müştəriləri KMDF-ə bağışlanan vəsaiti geri tələb edə bilərlər - GƏLİŞMƏ


Bildiyimiz kimi, bir müddət əvvəl Azərbaycanda 4 bank inzibatçı təyin olunub - “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”. Ardınca onlardan ikisinin (“Amrahbank” və “Ata Bank”) lisenziyası ləğv edilib.

Xatırladaq ki, bir müddət əvvəl bu bankların dördü də Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) ianə etmişdilər. Belə ki, “Amrahbank” 200 000 AZN, digər üç bankın isə hər biri 100 000 AZN məbləğində fonda vəsait köçürmüşdülər. Bu hadisədən bir müddət sonra müflis elan olunan bankların müflis olma səbəbləri nədir? Onların müştərilərinin pul problemləri necə həll olunmalıdır? Fonda köçürülən pullar geri tələb edilə bilərmi?

AYNA-nın suallarını cavablandıran bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, müəssisənin müflis elan olunması, o demək deyil ki, pulu heç yoxdur: “Fiziki şəxslərlə bağlı əksər hallarda belə hesab edilə bilər, amma biznesə və xüsusən də banka aid olanda, bu, o deməkdir ki, onun borcu əmlakından çoxdur. Ola bilər ki, bankın 50 milyonu var, borcu isə 100 milyondur. Buradan aydındır ki, o, borclarını ödəyə bilməyəcək. Məhz buna görə də o müflis elan olunur. Yaxud, ola bilər ki, bank özünü müflis hesab etmir. Tutalım, bu dəqiqə kassasında 50 milyon var, borcu 100 milyondur, amma kimlərinsə də ona 100 milyon borcu var və bank hesab edir ki, bu pullar qaytarılacaq və borcları bağlanacaq. Lakin banka borcu olanlar həmin pulu qaytara biləcək-bilməyəcək, bu, tamam başqa məsələdir. Bu baxımdan, sözügedən banklar o pulu köçürəndə, hələ ki, müflis deyildi. Buna görə də onların pul köçürməyə qanuni hüquqları var idi”.

“Bəs, bu bankda pulu olan şəxslərin vəsaitləri necə qaytarılacaq” sualına ekspert belə cavab verib: “Əgər bank müflis elan olunubsa, bu, o deməkdir ki, həmin bankda pulu olan şəxslərin pulları tam qaytarılmayacaq. Deməli, onların pulu onların tələblərinə mütənasüb qaytarılacaq. Yəni, bayaqkı misalda dediyim kimi, bankın borcu əmlakından 50 faiz çoxdursa, deməli, bu bankda pulu olan şəxslərin pullarının 50 faizi qaytarılacaq. Bu halda da qanun imkan verir ki, bankda pulu olan həmin şəsxlər bankın müflis olmazdan əvvəl həyata keçirdiyi bağışlama və dəstək xarakterli ödəmələri mübahisələndirsinlər”.

“Yəni, indiki halda olduğu kimi, bankda pulu olan şəxslər həmin bankların Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladığı pulları geri tələb edə bilərlər. Hər bir bankın ləğv prosesinə apellyasiya məhkəməsi nəzarət edir. Bu bankların baş ofisləri Bakıda yerləşdiyi üçün Bakı Apellyasiya Məhkəməsi prosesə nəzarət edəcək və həmin müştərilər – vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər həmin məhkəməyə ərizə ilə müraciət edə bilərlər ki, filan tarixdə, filan pul köçürməsi olub, bu ödəmə etibarsız sayılsın və o pul Fonddan geri tələb olunsun”.


Paylaş:


Müəllif : Tarix:
7-05-2020, 17:55
Sikayət   


loading...
Загрузка...