reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Metro şefinin dilini anlamaqda xeyli çətinlik çəkdim” - Deputat Zaur Hüseynova irad tutdu

reklam

“Metro şefinin dilini anlamaqda xeyli çətinlik çəkdim” - Deputat Zaur Hüseynova irad tutdu


“Azərbaycanda fikrini ana dilində ifadə etmək məsələsində ən çox ittihama məruz qalan xarici işlər nazirimiz olub. Ardınca bir çox məmurların da, ictimai xadimlərin də öz fikrini dövlət dilimizdə çatdırmasında problemlər ortaya çıxır. Şəxsən mən, ötən gün bizim yeraltı dünyamızın, yəni metromuzun şefinin mətbuat konfransında təqdim etdiyi Azərbaycan dilini anlamaqda xeyli çətinlik çəkdim”. Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun Azərbaycan dilində səlis danışa bilməməsinə münasibət bildirərkən deyib.

“İnanın ki, mən ana dili üzərindən aparılan qaralama və ya aşağılama kampaniyasının qətiyyən tərəfdarlarından deyiləm, hətta bir çox hallarda rusdilli aydınlar, yaxud ingilisdilli aydınlar içərisində Vətənə səmimi bağlılığın daha çox detallarını müşahidə edirəm. Və onların düşüncə məhsullarından öz dilimizdə yazanlardan daha çox faydalanıram.

Anlaşılandır, adam elə bir mühitə düşüb ki, vaxtında öyrənə bilməyib, indi də yaşlaşdıqca bunun əziyyətinə qatlaşa bilmir. Əslində mənim də xarici dil öyrənmə sahəsində qabiliyyətim aşağı olduğuna görə bu mövzuda hamıdan çox özümü danladığımı söyləyə bilərəm.

Maraqlıdır ki, hər bir qurumun öz mətbuat xidməti var, bu xidmətə ən hazırlıqlı dil bilgisi olan mütəxəssislər götürsələr belə, qarşılarına tələb qoymaq olmaz ki, öz rəisinizin və ya nazirinizin Moltanı Azərbaycan dilində səsləndirdikləri fikirləri Ədəbi Azərbaycan dilinə tərcümə edin!

Ola bilsin ki, bu insanlar yaxşı mütəxəssidirlər, Azərbaycan dilini yaxşı bilməsələr də rus və ingilis dillərində fikirlərini çox rahat ifadə edə bilirlər, dilimizi təhrif etməkdənsə, dövlət dilini əsaslı şəkildə öyrənənə qədər ən azı mətbuat konfranslarında bu dillərdə danışsınlar və fikirləri dəqiq tərcümə olunsun. Bu, əlbəttə çox sayda məmura aid məsələ deyil, ancaq bütün hallarda Azərbaycanda yüksək mövqe tutmaq istəyənlərin indidən bu dili fikrini rahat izah edəcək səviyyədə öyrənməsi vacibdir”, -deyə deputat əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
10-05-2020, 13:19
Sikayət   


loading...
Загрузка...