reklam
Regionxeberlericom.az » Cəmiyyət » Özəl bağçaların işçilərinə maaş ödənilirmi – İDDİA və REALLIQ

reklam

Özəl bağçaların işçilərinə maaş ödənilirmi – İDDİA və REALLIQ


Xüsusi karantin rejimi ilə əlaqədar bağlanan uşaq bağçalarının mayın sonunda açılacağına dair gözləntilər özünü doğrultmadı. Təhsil naziri Ceyhun Bayramov ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bəyan etdi ki, bağçaların mayın 31-dən sonra da açılacağı nəzərdə tutulmur.

Təbii ki, dövlət bağçalarının işçiləri işə çıxmadıqları halda belə, əməkhaqlarını tam alırlar. Özəl bağçalarda isə vəziyyət fərqlidir. Doğrudur, nazir özəl bağçalarda çalışanlara da dövlət dəstəyi göstərildiyini dedi, lakin bu, hansı formada həyata keçirilir? Çünki bəzi özəl bağçalarda çalışan işçilər əməkhaqqı almadıqlarını iddia edirlər.

Paytaxtda fəaliyyət göstərən özəl bağçalarından birinin rəhbərliyində çalışan Elşən Abbasov AYNA-ya deyib ki, onlar sözügedən dövlət yardımından bəhrələniblər: “Aprel ayında dövlət vəsait köçürdü, biz də müəllimlərin maaşını ödədik. Maaşı 712 manata qədər olanlara tam məbləğ ödənildi. Ondan yuxarı olanlara isə, orta aylıq əməkhaqqı miqdarında ödənildi”.

Əməkhaqqı almadığını deyən özəl bağça işçilərinin iddialarına gəldikdə, həmsöhbətimiz bunu belə əsaslandırıb: “Maaş yalnız qanuni şəkildə çalışan, yəni əmək müqaviləsi olan işçilər üçün nəzərdə tutulur. Yəqin ki, özəl müəssisədən maaş almadığını deyənlərin fəaliyyəti qeyri-qanunidir”.

“Ancaq bəzi şeylər var ki, onlara da diqqət yetirilsə, yaxşı olardı. Misal üçün, bağçalar hüquqi şəxs olduğu üçün sahibkarlara ayrılmış müavinətdən yararlana bilmir. Düşünün ki, ailənin (sahibkarın) tək gəlir mənbəyi bağçadır, 3 aydır işləmir, nə vaxt işləyəcəyi bəlli deyil, işləmədiyi halda ödənişlərindən azad edilməyib. Sahibkar bu müddətdə ailə xərclərini və sahibkarlıq xərclərini necə qarşılasın? Ticarət mərkəzləri daha təhlükəli olduğu halda onların işləyib, özəl bağçanın işləməməsi paradoksal deyilmi?”, - E.Abbasov sual edib.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də özəl bağçalarda çalışanların dövlət dəstəyindən kənarda qalmasını inandırıcı hesab etmir: “Özəl bağça müəllimləri işsiz hesab olunmur. Məncə, burada anlaşılmazlıq var. Əmək müqaviləsi olan və pandemiyadan əziyyət çəkən şəxsin əməkhaqqı dövlət hesabına ödənilir. Əgər özəl müəssisənin işçisinin əmək müqaviləsi varsa, müəssisə də dövlət dəstəyini alacaq. Hətta, bəzi çap media qurumları da alıb. Düzdür, burada müəssisənin gəliri nəzərə alınmayacaq. Amma əməkhaqqı hökmən verilməldir. 712 manata qədər dövlət hesabına ödənilməlidir”.

Məlumat üçün deyək ki, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi davam edir. Dəstək Prezidentin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən göstərilir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilib.

Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları - vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları - avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülüb. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq. Misal üçün, vergi ödəyicisinin 10 işçisi var. Aprel ayı üçün onlardan 6-sı 600 manat, 4-ü isə 1200 manat əməkhaqqı alır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən, həmin ay üçün 6 nəfər əməkhaqqı həcmində (600 manat), 4 nəfər orta aylıq əmək haqqından yuxarı maaş alan işçilər isə 712 manat əmək haqqı ala bilərlər.

Əlavə edək ki, özəl müəssisələrdə əmək müqaviləsi olmayan, qeyri-leqal işçi kimi qeydiyyatda olanlar dövlətdən maaşını ala bilmirlər.


Paylaş:


Müəllif : Tarix:
14-05-2020, 13:09
Sikayət   


loading...
Загрузка...