reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vətənə qayıda bilməyən soydaşımız: - “Çörək almağa da pulum qalmayıb”

reklam

Vətənə qayıda bilməyən soydaşımız: - “Çörək almağa da pulum qalmayıb”

Pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin rejiminin sıxıntıya saldığı şəxslərin bir qismi də öz ölkəsindən kənarda olanlardır. Ölkələrarası gediş-gəlişin dayandırılması səbəbindən öz vətəninə qayıda bilməyən və ərazisində olduğu dövlətdən də heç bir kömək ala bilməyən şəxslərin problemləri günbəgün böyüməkdədir.

AYNA-ya müraciət edən Coşqun Məmmədov adlı vətəndaşımız hazırda Türkiyədədir. O da xeyli sayda soydaşımız kimi, ciddi problemlərlə üz-üzədir: “İki ilə yaxındır ki, Türkiyənin Ankara şəhərində yaşayıram, burada “oturum izni” almışam. Koronavirusla bağlı Türkiyədə də karantin rejimi elan edildikdən sonra işim dayandı. İki aydır ki, evdən çölə çıxmırıq. Kirayə və kommunal xərcləri, qida və digər ehtiyaclarımı ödəmək üçün heç bir maddi gəlirim yoxdur. Bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə bir neçə dəfə zəng etsəm də, telefona cavab verən olmadı. Bir neçə dəfə onlayn müraciət də ünvanladım, lakin cavab gəlmədi”.

“Vətəndaşların çölə çıxmasına icazə verildiyi gün Ankarada yerləşən Azərbaycan səfirliyinə getdim. Qapını açan olmadı. Qapı arxasından bir qadın mənimlə dialoqa girdi, o da vətəndaşların qəbul saatının bitdiyini dedi. Kobud danışıq tərzi ilə mənim oradan uzaqlaşmağımı istədi. Bildirdim ki, mən Türkiyədə ehtiyac içində qalan Azərbaycan vətəndaşıyam və onlar mənim problemimlə maraqlanmaqda məsuliyyət daşıyırlar. Səfirliyin başqa bir əməkdaşı mənim nömrəmi götürüb telefonuma zəng etdi. Mən heç bir maddi gəlirimin olmadığını, heç çörək almaq üçün də pulumun qalmadığını dedim və mənə maddi ya da ərzaq yardımı etmələrini, Azərbaycana qayıtmağımda köməkçi olmalarını istədim. Onların cavabı isə ümidverici olmadı. Türkiyədə olan azərbaycanlıları siyahı üzrə qeydə aldıqlarını, bu siyahıda tələbələrə, uşaqlı qadınlara, turist vizası ilə gələnlərə öncəlik verdiklərini dedilər. Adımı siyahıya salsalar da, ləng işlədiklərini nəzərə alıb onların öncəlik verdikləri kateqoriyalara aid olmadığım üçün bu məsələdə mənə növbə çatacağına inanmıram”, - müsahibimiz deyib.

Türkiyədə şəhərlərarası gediş-gəlişin dayandırılması səbəbindən quru yolla Naxçıvan sərhədinə qədər də gələ bilməyən Coşqun Məmmədov artıq çörək almağa da pulunun qalmadığını bildirib: “Azərbaycan tərəfindən təşkil edilən çarter reyslərlə ölkəyə qayıtmağıma ümidim yoxdur. Çünki səfirliyin cavabından belə nəticəyə gəlmək olur. Şəhərlərarası gediş-gəliş dayanıb deyə, quru yolla Naxçıvana qədər də gedə bilmirəm. Heç olmazsa, burada ərzaq ala bilməyim üçün, kommunal xərclərimi ödəməyim üçün maddi yardım edilsin. Artıq iki aydır ki, evin kirayəsini ödəyə bilmirəm və yaxın zamanda evdən də çıxarılacağımdan narahatam. Türkiyə vətəndaşı olmadığım üçün Türkiyə tərəfindən də heç bir yardım və ya güzəşt paketlərindən yararlana bilmirəm. İşlədiyim zaman qazandıqlarımdan nə ehtiyat etmişdimsə, o da bitib və indi çörək almağa da pulum qalmayıb”.

“Maraqlıdır, niyə heç bir dövlət mənimlə eyni kateqoriyada olan şəxslər üçün tədbir görmür? Tələbələr, uşaqlı qadınlar, turist vizası ilə gələnlər və bu qəbildən olan digər şəxslərə öncəlik verilməsini anlayıram, lakin Türkiyədə çarəsiz qalan Azərbaycan vətəndaşlarının sayı bu qədər çoxdursa, Azərbaycan dövləti tərəfindən tədbirlərin miqyası və sürəti də böyük olmalıdır. Mən vətəndaşı olduğum dövlətdən, onun səlahiyyətli şəxslərindən məni bu durumdan xilas etmələrini tələb və xahiş edirəm. Bu, onların həm borcu, həm də vəzifəsidir”, - həmyerlimiz vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
20-05-2020, 17:08
Sikayət   


loading...
Загрузка...