reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şərabçılıq məhsullarına adların verilməsi qaydası dəyişir

reklam

Şərabçılıq məhsullarına adların verilməsi qaydası dəyişir


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

“Report”un Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

Komitə sədri Tahir Mirkişili bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb. Bu Protokol Sazişin ayrılmaz hissəsidir və tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Protokol Sazişlə eyni vaxtda qüvvədən düşür.

Sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verilib. Bildirildi ki, sənəd “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Həmin qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” qanunun 18.62.2-ci və 18.62.3-cü maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında” qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcək.

Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Komitə sədri Tahir Mirkişili, deputatlar Rüfət Quliyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev ölkədəki ictimai-siyasi durum, iqtisadi inkişaf, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mülahizələrini bölüşüblər.


Paylaş:


Müəllif : Tarix:
22-05-2020, 13:35
Sikayət   


loading...
Загрузка...