reklam
Regionxeberlericom.az » Cəmiyyət » 5 abituriyentin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb - DİM

reklam

5 abituriyentin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb - DİM


Dövlət İmtahan Mərkəzi iyunun 11-də 18 şəhər və rayonda ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

DİM-dən bildirilib ki, imtahanların təşkil edilməsi üçün 80 imtahan binası, 1324 imtahan zalı, 80 ümumi imtahan rəhbəri, 222 imtahan rəhbəri, 1718 nəzarətçi – müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi ayrılıb.

İmtahanlar yenə də pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub.

İştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 5 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Təəssüflər olsun ki, bu gün də 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Həmçinin araşdırmalar nəticəsində müəyyən olunub ki, dünən – iyunun 10-da keçirilən imtahanda 1 abituriyent sual kitabçasını nəzarətçiyə təhvil vermədən özü ilə aparıb, sonra isə kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının da kimliyi müəyyən olunub və imtahan nəticələri ləğv olunub.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən araşdırmalar aparılır və qayda pozuntularına yol vermiş şəxslərin imtahan nəticələri ləğv olunur.

"Növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə (abituriyentlərə) bir daha xatırladırıq ki, sənədləri ilə də diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmasınlar.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır", - deyə DİM-in məlumatında bildirilib.

İyunun 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.


Paylaş:


Müəllif : Tarix:
11-06-2020, 17:36
Sikayət   


loading...
Загрузка...