reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakının ən böyük bazarı "bankrot" olur – Onlar hələ başlarına nə gələcəyini bilmirlər

reklam

Bakının ən böyük bazarı "bankrot" olur – Onlar hələ başlarına nə gələcəyini bilmirlər


Artıq bir neçə gündür ki, paytaxtın ən böyük alış-veriş mərkəzlərindən olan “Sədərək” Ticarət Mərkəzi yenidən fəaliyyətə başlayıb. İki aydan da çox davam edən qadağadan sonra satıcılar və alıcılar ölkənin ən böyük bazarlarından birinə qayıdıblar.

Digər iri ticarət obyektləri kimi “Sədərək” bazarının bağlanması da koronavirusun yayılmasının qarşısını almaq zərurətindən irəli gəlirdi. Bazar bağlanan zaman insanların bir yerdə sıx toplanmasının qarşısının alınması nəzərdə tutulmuşdu. Gözləmək olardı ki, ticarət mərkəzi yenidən açılandan sonra insanlar qoyulan qadağaların nədən irəli gəldiyini anlayacaq, bazarın uzun müddət işləməməsinin onlara vurduğu ziyanı dərk edərək daha ehtiyatlı davranacaqlar. Amma...

Hava isti olsa da ağzımıza maska taxıb “Sədərək” Ticarət Mərkəzinin ən çox alıcı müşahidə olunan "Şirniyyat" adlanan hissəsinə daxil olduq. Burada nəinki müştərilər, satıcılar arasında da tibbi maska istifadə edənlərə tək-tək rast gəlirik. Satıcılar təhlükəyə baxmayaraq maska taxmamalarına haqq qazandırmaq istəyirlər. Onlar bildirilər ki, ticarət mərkəzində havalandırma olmadığından, ağızda maska ilə dayanmaq çətindir: "Bizə rəhbərlik tapşırıb ki, maskasız dayanmayın. Onu da başa düşürük ki, hər gün minlərlə adamın alış-veriş etdiyi bir yerdə koronavirusa yoluxma riskimiz yüksəkdir. Amma maska ilə də nəfəs almaq çətindir. İçəri bürküdür. Elə alıcılar da maska ilə gəlir, az sonra çıxardırlar".

Ticarət mərkəzində hər sıra arasında tibbi maska istifadə etməyənlərin cərimələnəcəyi barədə məlumatların asılması da diqqətimizdən yayınmadı. Amma görünən o idi ki, içəridəki havasızlıq səbəbindən insanların mütləq əksəriyyəti tibbi maska taxmamışdılar.

Bazarda alıcı seyrəkliyi də diqqətdən yayına bilməzdi. Əvvəllər müştəri əlindən tərpənmək mümkün olmayan bu ticarət mərkəzində bu gün çox az sayda müştəri vardı. Satıcılar da alıcı qıtlığından narazılıqlarını dilə gətirdilər. Kamran Abdullayev adlı mağaza sahibi deyir ki, mağaza açılandan bəri ancaq 10 ədəd çörək bişirmək üçün soba satıb: "Buraya gələn əsasən cehiz alanlar idi. İndi toy yoxdur deyə alış-veriş də yoxa hesabdır. Mağazanı açandan ancaq çörək sobası satmışam. Buna tələbat var ona görə. Camaat karantin günlərində çörək ala bilmir".

Satıcı deyir ki, çörək sobalarının qiyməti markalarına görə 80 manatdan 150 manatadək dəyişir.

Geyimlərin satıldığı sıralarda isə bir qədər qələbəlik var. Amma bu dəfə satıcılar yox, alıcılar şikayətçidir. Nəzrin Kərimzadə adlı Bakı sakini deyir ki, ticarət mərkəzində geyim çeşidi çox azdır: "Hətta deyərdim ki, çoxu ötən mövsümdən qalan mallardır. Özümə yay geyimi almağa gəlmişəm, iki saata bir köynək ancaq ala bilmişəm".

Satıcılar isə alıcıların narazılığının haqlı olduğunu etiraf edirlər. Sərxan adlı satıcı ticarət mərkəzində mal qıtlığının olduğunu söyləyir. Səbəbini isə belə əsaslandırır: "Əvvəl malı gedib özümüz vururduq. İndi Türkiyədə, Çində bir-iki tanış var ki, onlardan mal vurmağı xahiş edirik. Halbuki əvvəl özümüz gedib seçib ən yaxşısını, zövqlüsünü gətirirdik. İndi ələ baxırıq. Nə vursalar, onu da satırıq. Onu da alan yoxdur. Belə getsə, "bankrot" olacağıq. Ona görə də çoxu indidən qaçır" .

Söhbətə müdaxilə edən Məhəmməd Muradov adlı mağaza sahibi isə çox mal vurmağa risk etmədiklərini söyləyir: "İki gündən bir ticarət mərkəzlərini bağlayırlar. Hələ başımıza nə gələcək, bilmirik. Çox adamın pulu maldadır. Əlimizdəkini sata bilməmişik. Əlində pul olan da risk etmir mal vurmağa. Koronavirusa görə hələ bu ticarət mərkəzinin işləyib-işləməyəcəyini bilmirik. Sizdən bir az əvvəl gəlib dedilər ki, 14-15 iyunda iş olmayacaq".

Satıcılar həftəsonu sərt karantin rejiminin onları lap çətin duruma saldığını söyləyirlər: "Biz hər ay icarə haqqı veririk. Alış-veriş də əsasən həftəsonu olur. Onda da evdən çıxmaq qadağan olunur. Bəs biz malımızı nə vaxt sataq? Çoxumuz indidən icarə haqqının dərdini çəkirik".
Sədərək Ticarət Mərkəzinin avtodayanacağı da demək olar ki, boş idi. Adi günlərdə bu mərkəzin dayanacağında avtomobil saxlamaq üçün yer tapmayanlar bu gün maşınlarını saxlamaq üçün kölgəlik yer axtarırdılar. Ticarət Mərkəzində gəzərkən mağazaların çoxunun boşaldıldığı da diqqətimizdən yayınmadı. Satıcılar icarə haqqını ödəyə bilməyənlərin çoxunun mağazanı bağladığını söylədilər. Onların sözlərinə görə, bazarda əsas alıcı kütləsi Dağıstandan gələnlər təşkil edirmiş. Yollar bağlandığından bazarda alıcı barmaqla sayılacaq qədər azalıb.


Paylaş:


Müəllif : Tarix:
12-06-2020, 09:25
Sikayət   


loading...
Загрузка...