reklam
Regionxeberlericom.az » Cəmiyyət » Odlar Yurdunun sakinləri qaz üzünə həsrətdir: - “Təzəklə qızınırıq”

reklam

Odlar Yurdunun sakinləri qaz üzünə həsrətdir: - “Təzəklə qızınırıq”

Neft və qaz kimi sərvətləri ilə tanınan, adına Odlar Yurdu deyilən, adı inkişafda olan ölkələr arasında çəkilən müasir Azərbaycanda hələ də mavi yanacağa həsrət qalan və min cür məşəqqətlə suyunun, yeməyinin, evinin istiliyini təmin edən ailələr var. Lerik rayonunun Zuvand ərazisində, başda Şona Çala kəndi olmaqla bir sıra kəndlərdə uzun illərdir ki, qaz xətlərinin çəkilməsi planlaşdırılsa da, hər hansı bir səbəbdən bu plan gerçəkləşmir.

AYNA-nın redaksiyasına müraciət edən bir qrup kənd sakininin sözlərinə görə, neçə ildir ki, Lerikin hər tərəfinə qaz çəkiblər, amma Zuvand ərazisində 4-5 kənd var ki, bu kəndləri görməzdən gəliblər: “Şona Çala, Qələsər, Divağac və bir neçə başqa kəndə illərdir ki, qaz çəkmirlər. Bununla bağlı rayon İcra Hakimiyyətinə, “Azəriqaz”a dəfələrlə müraciət də etmişik. Ancaq bizə heç bir cavab vermirlər. Sanki, 50-ci illərin Zuvand faciəsi təkrarlanır. Bu kəndləri xəritədən silmək istəyirlər. O vaxt da Sovet hökuməti bu kəndlərin Cənubi Azərbaycanla – Ərdəbillə əlaqələri kəsilsin deyə, bu kəndlərdən camaatı kütləvi şəkildə Muğana köçürmüşdü. Köçürülən insanların çoxu da oraların havasına uyğunlaşmayıb ölmüşdü. İndi də bizi soyuqdan, acından öldürmək istəyirlər”.

“Təsəvvür edin, qaz yoxdur. Zuvandın dağları da çılpaq dağlardır, bura qayalıq, qumsallıqdır. Burada çox az yerdə ağaclar var. Aşağı meşələrdən odun gətirməyə də icazə yoxdur. Meşəyə girən kimi Meşə İdarəsi kəsdirir adamın başının üstünü. Biz də istəmirik ağac kəsək, meşəyə zərər verək. Onun üçün ağır əziyyət çəkək, vaxt itirək. Bunları heç birimiz istəmirik. Ancaq biz də birtəhər yaşamalıyıq. Dünyanın heç yerində yoxdur belə iş. 21-ci əsrdir, biz hələ də çör-çöp yığırıq, təzək yandırırıq, çox evdə elektrik sobaları var ki, bunlar həm təhlükəlidir, həm də kəndli üçün baha başa gəlir”, - müraciətdə bildirilir.

Sakinlər qeyd edirlər ki, dəfələrlə onlara qaz çəkiləcəyini vəd ediblər: “Amma hər dəfə də yubanır. Qaz boruları bizim kəndin yanından keçir. O biri kəndlərin də hamısı bir-birinə yaxındır. Yəni ki, qazın çəkilməsi elə də uzun proses deyil. Ancaq niyə yubadırlar, bilmirik. Biz xahiş edirik aidiyyəti qurumlardan, bu kəndlərə qaz çəksinlər. Qarşıdan qış gəlir. Qazsız qalan kəndlər çox pis vəziyyətdədir”.

Mövzu ilə bağlı “Azəriqaz”ın “qaynar xətt”indən AYNA-ya verilən məlumata görə, əgər o kəndlərə hələ də qaz çəkilməyibsə, bu, o deməkdir ki, həmin kəndlərin qazlaşdırılması planda yoxdur: “Hər il ərzində qazlaşdırılmalı olan ərazilər siyahılaşdırılır. Vətəndaşlar Lerik Rayon İcra Hakimiyyətindən və Lerik rayonunda yerləşən qaz idarəsindən öyrənə bilərlər ki, onların kəndlərinə qaz çəkilməsi 2021-ci il üçün planda var ya yox. Əgər planda varsa, qaz çəkiləcək. Yoxdursa, qazlaşdırılmayacaq. Bu məsələdə pandemiya şəraiti də nəzərə alınmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
27-08-2020, 16:18
Sikayət   


loading...
Загрузка...