reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mətbuat Şurası jurnalistlərə müraciət edib

reklam

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət edib. Şuradan daxil olan müraciətdə deyilir
“Cəbhəboyu ərazilərdə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların intensivləşməsi Azərbaycan mediasının fəaliyyətinə təsir göstərməkdədir. Jurnalistlərimiz cəbhə ilə bağlı xəbərləri yaymağa üstünlük verirlər və bu təbiidir.
Ötən illərin təcrübəsi göstərir ki, media təmsilçilərimiz daha çox cəmiyyətdə ruh yüksəkliyi yaradan, işğal olunmuş torpaqlarımızın azad edilməsini haqq işimiz kimi göstərən materialların təqdimatında fəallıq göstərirlər. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı durumda, onlar, heç şübhəsiz, yenə eyni dəst-xətti tutacaq, Vətən qarşısındakı xidmətlərini layaqətlə yerinə yetirəcəklər.
Hər kəsə bəlli olan reallıqdır ki, yaşadığımız XXI əsrdə müharibələr yalnız səngərlərdə aparılmır. Müharibənin böyük informasiya cəbhəsi var. Bu günlərdə jurnalistlər bu cəbhənin döyüşkən əsgərləridir. Yaxşı əsgər intizamlı əsgərdir. Media təmsilçiləri üçün isə intizam redaksiya tapşırıqlarını qüsursuz yerinə yetirmək, fərdi şəkildə yanaşsaq, peşə borcuna məsuliyyətli yanaşmaqdır. Hər bir media əməkdaşı indiki durumun xalqımız və ölkəmiz üçün həssaslığını ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməlidir.
Jurnalist üçün həssaslıq peşə davranışı qaydalarına tam şəkildə riayət etməkdir. Peşəkarlıq rəsmi mənbələrə istinaddır, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Hər hansı emosiyalara qapılmaq, eyforiya yaradan fikirlərin təqdimatı yolverilməzdir.
Ötən dövrlərin təcrübəsi göstərir ki, cəbhədə gərginliyin artdığı zamanlarda Ermənistana məxsus informasiya diversiya dəstələri də meydana atılır. Onlar Azərbaycan dilli saytlar, sosial şəbəkə profilləri və qrupları yaradaraq “fəallıq” göstərirlər. Azərbaycan şəxs adlı sosial şəbəkə profillərinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə edildiyinə dair faktların mövcudluğu hamımıza məlumdur. Belə bir vəziyyətdə jurnalistikamızın üzərinə eyni zamanda böyük ictimai məsuliyyət düşür. Onlar həm obyektiv informasiyalarla cəmiyyətimizi təmin etməli, həm də qeyd etdiyimiz mənfi təmayüllərə qarşı mübarizə aparmalı, onları aşkarlamalı, cəmiyyətin neqativ yöndə bilgiləndirilməsinin qarşısını almalıdırlar. Təbii ki, bu fəaliyyət müvafiq dövlət qurumlarımızla əlaqəli şəkildə həyata keçirilməli, bütün detallara diqqətli yanaşılmalıdır. İnformasiyalar zamanında, operativ şəkildə insanlarımıza çatdırılmalı, əhali arasında təşviş yaratmağa hesablanmış neqativ meyllərin qarşısı anında alınmalıdır. Azərbaycan Mətbuat Şurasının media təmsilçilərindən gözləntisi budur.
Mətbuat Şurası ölkə junalistlərini, media orqanlarını bir daha cəbhədə yaranmış duruma münasibətdə həssas, soyuqqanlı davranmağa, öz işlərinə məsuliyyətlə yanaşaraq cəbhə ilə bağlı yalnız rəsmi mənbələrdən aldıqları məlumatlara üstünlük verməyə, hər hansı şübhəli, ilk mənbəyi bilinməyən materialların yayımlanmasından uzaq durmağa çağırır.
Jurnalistlərin çoxsaylı informasiya mənbələrinə malik olmaları təbiidir. Nəzərə alsaq ki, hər bir jurnalist eyni zamanda sosial şəbəkə istifadəçisidir və fərdi şəkildə kifayət qədər geniş izləyici auditoriyasına malikdir, mənbə çoxluğu şəraitində bu platformadakı paylaşımlarda, hətta dəqiq bilgilərin belə yayılmasında ehtiyatlı olmaq şərtdir.
İndiki durumda jurnalistlərimiz üçün ən böyük peşəkarlıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına istinaddır. Ümüd edirik və əmin olmaq istərdik ki, media orqanlarımızın təmsilçiləri üzərilərinə düşən vəzifəni məsuliyyətlə, jurnalistikamızın peşəkarlıq ənənələrinə sadiq qalaraq yerinə yetirəcək, xalqımızın haqq işinə özlərinin layiqli töhfələrini verəcəklər”.



Paylaş:


Müəllif : Tarix:
27-09-2020, 13:15
Sikayət   


loading...
Загрузка...