reklam
Regionxeberlericom.az » Cəmiyyət » Koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşır - TƏHLÜKƏ HƏDDDİ!!!

reklam

Koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşır - TƏHLÜKƏ HƏDDDİ!!!


Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemioloji durum pisləşir.

Belə ki, ötən gün (13 oktyabr) yayılan rəsmi məlumata görə, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, Sabirabadda ötən həftədən etibarən, mərkəzi xəstəxananın girişi qapadılıb. Bütün həkimlərdən COVİD-19-la bağlı test götürülüb və nəticədə 3 nəfər həkimdə koronavirus aşkarlanıb. Sabirabad şəhərində yerləşən poliklinika da ötən həftənin şənbə günündən etibarən qapadılıb və oradakı həkimlərdən də test götürülüb.

Oktyabrın 13-ü günorta saatlarında etibarən, rayonda apteklər istisna olmaqla, digər obyektlərin fəaliyyəti məhdudlaşdırılıb və yuxarıda qeyd etdiyimiz ərazilərdə sərt karantin rejimi tətbiq edilib.

Oktyabrın 14-də isə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda vəziyyəti ağır olan koronavirus xəstələrinin sayı açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Qeyd edilən rayonlarda yoluxma sayı nə üçün birdən-birə artdı?

Mütəxəssislər bildirirlər ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib.

Qeyd edilən rayonlarda və eləcə də digər bir sıra bölgələrimizdən maskadan istifadə halları minimuma enib. Nəticə isə göz önündədir.

Bundan əlavə, əldə etdiyimiz məlumata görə, bölgələrdə koronavirusa yoluxan şəxslər də xəstəlik müddətlərində özlərini təcrid etmirlər və nəticədə yoluxma halları artır...

Ən pisi odur ki, Bakıda da ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Şəhərdə kiçik müşahidə aparsaq, bunu açıq şəkildə görə bilərik.

Hazırda dünyada koronavirus pandemiyası tüğyan etməkdə davam edir. Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 38 milyon 377 min 976 nəfər, virusdan ölənlər isə 1 milyon 91 min 74 nəfərdir.

Son 1 sutkada dünyada koronavirusa yoluxanların ümumi sayı 375 min nəfəri ötüb. Buna görə də dünyada yenidən həyəcan təbili çalınıb və karantin rejimləri sərtləşdirilib.

Azərbaycanda isə durum fərqlidir. Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib.

Tibb sahəsində çalışan mütəxəssislər də bildirirlər ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.

Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən Milli Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Bu barədə “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, indiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir, xüsusi, hətta strateji əhəmiyyətə malik məsələdir:

“Əsgərlərin yanına xəstə adamın getməsi, onlarla təmasda olması təhlükəlidir. Karantin davranışlarının gözlənilməməsi problemlərə yol açır. Bundan başqa, deyim ki, virusun özündə də dəyişiklik var. Xəstə var ki, heç nə hiss etmir, ancaq ciyərinin vəziyyəti çox pisdir. Bu gün Azərbaycan Vətən uğrunda çox önəmli savaş aparır. Bu situasiya yetişib və şəraitdən asılı olmayaraq bunu aparmalıyıq. Ancaq biz həm də pandemiya dövründə yaşayırıq. Azərbaycanda karantin rejimi hələ də davam edir. Qapalı məkanlarda karantin qaydalarının gözlənilməsi, əllərin dezinfeksiyası mühüm şərt olaraq qalır. Bakının mərkəzi küçələrində diqqət edirəm ki, insanlar maska taxmır, yaxud da çənələrinə taxırlar. Biz bununla karantin qaydalarını pozur və həm özümüz, həm də ətrafımızdakılar üçün təhlükə yaradırıq. İnsanlar unutmamalıdır ki, koronavirusdan da insanlar dünyasını dəyişir. Bəs biz nə üçün bu prosesdən itki ilə çıxmalıyıq? Sabirabad və Şəkidə epidemioloji vəziyyətin pisləşməsi müşahidə edilir. İnsanlar karantin qaydalarını gözləmirlər. Kəndlərdə çayxanalarda oturub, saatlarla domino oynayanlar var. Maska taxmayıb, məsafə gözləmirlər. Buna diqqət edilməlidir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır.

Bu dəfə də Azərbaycan vətəndaşları məsuliyyətli davranacaq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməyəcəklər.

Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir.

Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir".
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
15-10-2020, 09:15
Sikayət   


loading...
Загрузка...