reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu payız başqa payızlara bənzəmir – Daha diqqətli olaq!

reklam

Bu payız başqa payızlara bənzəmir – Daha diqqətli olaq!


Tək bizdə yox, bir çox dünya ölkələrində koronovirus (COVID-19) infeksiyasına yoluxma sayında artım müşahidə edilir. Hətta, bir sıra ölkələrdə, eləcə də bizdə gündəlik rekord yoluxma sayı qeydə alınmaqdadır. Doğrudur, həkimlər yay aylarından payız-qış mövsümündə yoluxma sayında artım müşahidə olunacaq deyə xəbərdarlıq etsələr də, bu qədər artım bir çox insan üçün gözlənilməz oldu və insanları narahat etməyə başlayıb.

AYNA-ya danışan infeksionist həkim Nicat Əzimli bildirir ki, əvvəldən də deyildiyi kimi, yoluxma sayında artımın əsas səbəbi mövsümdür: “Payız-qış mövsümündə hər il olduğu kimi, bu il də hava-damcı yolu ilə keçən infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Lakin maraqlı bir məqam var ki, ötən illərə nisbətən bu il maariflənmiş, maskadan istifadə edən, sanitar-gigiyenik qaydalara əməl olunan ölkələrdə təkcə COVID-19-a yox, eləcə də digər infeksiyalara yoluxma faktları ilə bağlı statistik göstəricilər daha aşağıdır. Yəni, hansı ölkələrdə ki, əhali maskadan geniş şəkildə istifadə edir, həmin ölkələrdə hava-damcı yolu ilə keçən infeksion xəstəliklərlə bağlı artım daha zəifdir”.

“Bu, onu göstərir ki, əhalinin maarifli olması, məsuliyyətli yanaşması infeksion xəstəliklərə yoluxmadakı artımı müəyyən qədər zəiflədir. Bizdəki artımın səbəbi mövsüm olduğu kimi, eyni zamanda da əhalinin sanitar-gigiyenik qaydalara məsuliyyətsiz yanaşmasıdır. COVID-19 virusuna inamsızlıq hələ də insanlarımız arasında davam etməkdədir. Xüsusən də qapalı məkanlarda, ictimai nəqliyyatda maskadan istifadə və ara məsafənin gözlənilməsi nəzərə alınmır. Düşünürəm ki, bu baxımdan maarifləndirməyə ehtiyac var”, - mütəxəssis vurğulayır.

Əzimlinin sözlərinə görə, bir çox dünya ölkələrində yoluxma sayı ilə bağlı statistik göstəricinin artması, istəsək də, istəməsək də, sərt karantin rejimin tətbiqini məcburi edir: “Bir sıra şəhərlərdə artıq sərt karantin rejimi tətbiq olunmağa başlayır. Bizdə də bir sıra rayonlara, şəhərlərə giriş-çıxış bağlandı. Bu kimi addımlar virusla mübarizədə adekvat tədbirlərdəndir. Lakin iqtisadi baxımdan sərt karantin rejimi heç də əlverişli seçim deyil, buna görə dünya ölkələri də bacardıqca sərt karantin rejimi tətbiq etməməyə çalışır. Bizdə isə indiki vəziyyətdə sərt karantin rejimi xüsusilə arzuolunmazdır. İndiki halda hərbi vəziyyətlə bağlı bizim maska taxmağımız, sosial məsafəni gözləməyimiz təkcə özümüzü və ətrafımızı virusdan qorumaq deyil, eyni zamanda əsgərlərimizi, ordumuzu, dövlətimizi qorumuş sayılırıq. Ölkəmizin az qala müqəddəratının həll olunduğu bu dövrdə gərək hər kəs qaydalara daha ciddi əməl etsin”.

İnfeksionistin də qeyd etdiyi kimi, insanlarımız arasında virusun varlığına hələ də şübhə ilə yanaşanlar var və statistikanın yüksəlməsində onların payı az deyil. Həkim-nevroloq Qalib Əsədov isə hesab edir ki, əksəriyyətin virusun varlığına inanmadığını düşünmək doğru deyil. Onun AYNA-ya dediyinə görə, yoluxma sayında artım mövsümlə bağlıdır: “Virusun olduğuna inananlar da var, inanmayanlar da. Bütün hallarda olduğu kimi, bu məsələdə də qoyulmuş qaydalara əməl edənlər də var, etməyənlər də”.

“Ümumiyyətlə, payız aylarında viruslu infeksion xəstəliklər artandır. O cümlədən də koronavirusa yoluxanların sayında artım müşahidə edilməsi də təbiidir və gözlənilən idi. Proqnozlarda dəfələrlə deyilmişdi ki, payız aylarında COVID-19-a yoluxanların sayı artacaq. Mən deməzdim ki, inanmayanların sayı mart ayındakı kimi çoxdur. Qorunan, qaydalara əməl edən insanların da sayı kifayət qədərdir. İndi dostunda, tanışında, qohum-əqrabasında virusa yoluxanlar da çoxdur. Həmin insanlar artıq virusun varlığına inanır və qaydalara əməl etməyi təbliğ də edir”, - Əsədov bildirir.

“Göz gördüyündən qorxur. Əks halda bu, hər yerdə belədir ki, insanlar arasında müxtəlif fikirlər, komplo teorilər, nəzəriyyələr dolaşır. Amerikanın özündə koronavirusun tüğyan etdiyi vaxtlarda mitinqlər, nümayişlər keçirirdilər. Və demək olar ki, heç kəs də qorunma tədbirləri görmürdü. Bu gün Belarusa baxdığımızda da bunun şahidi oluruq, insanlar mitinqlər edirlər, sosial məsafə gözlənilmir. Yəni virusun varlığına inanmamağı təkcə bizim əhaliyə xas xüsusiyyət kimi qələmə vermək doğru deyil. Bu, ümumiyyətlə, insana xas olan bir xüsusiyyətdir, yəni başına gəlməsə, inanmır və bundan dərs çıxarmır”.

Mütəxəssis bəzən də insanların məcburiyyətdən qaydaları pozduqarını qeyd edir: “Hazırda ictimai nəqliyyatdakı sıxlıq buna nümunədir. İnsanlar nə etsinlər? İşə getməlidirlər, axı. Lakin istənilən halda qorunan insan bacardığı qədər qorunur, ictimai nəqliyyatda sıxlıqda hərəkət etmək məcburiyətində qalsa da, evə gələndə əllərini spirtləyir, maskadan düzgün istifadə edir. Elə insanlar da var ki, nə maskadan düzgün istifadə edir, nə də əllərini spirtləyir. Bütün bunları mənasız hesab edir. Qeyd edim ki, artıq neçə aydır COVID-19-la bağlı mübarizə tədbirləri aparılır, maarifləndirmə işində KİV də kifayət qədər çalışıb, informasiya ilə təmin edib. Lakin həmin verilən informasiyalara kim nə cür cavab verirsə, bu, həmin şəxsin beyninin işləmə qabiliyyətindən asılıdır”.


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 09:45
Sikayət   


loading...
Загрузка...